Elmar Vəliyevin oğlu atasının karyerasına son qoya bilər
10:41 04-09-2015
İQTİSADİYYAT
İcra başçısı oğlunun dəbdəbəli kartej həvəsinin güdazına gedə bilər
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevlə bağlı ölkə mətbuatında zaman-zaman heç də xoş olmayan informasiyalar yayılıb. Bunun bir səbəbi atasının icra başçısı kimi mühüm bir postu tutmasından qaynaqlanan təbii ictimai maraqdırsa, digər başlıca səbəbi də Elmar Vəliyevin oğlunun ictimai rəydə heç də birmənalı qarşılanmayan davranışlarıdır.
"Unikal" qəzeti olaraq xatırladaq ki, Gəncə ŞİH başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyevin özü də mühüm vəzifə tutur. Belə ki, o Azərbaycan Milli Məclis aparatının əməkdaşıdır. Düzdür, onun iş yeri olan Milli Məclisə ara-sıra gəldiyi iddia edilsə də hər halda Elmir Vəliyev bu postu tutur.Onuda
bildirək ki, Elmar Vəliyevin oğlu üçün parlaq karyera qurması üçün əlindən gələni etdiyi iddia edilir. Onun Milli Məclisdə mühüm posta gətirilməsi də məhz həmin planın tərkib hissəsi kimi düşünülüb. İcra başçısının oğlunun mütəmadi olaraq Avropa ölkələrinə iş səfərləri etməsi və karyerasında mühüm irəliləyişlər əldə etmək istəməsi də təbiidir. Hər halda Elmir Vəliyev kimi gənc kadrların irəli çəkilməsi, hər hansı fəaliyyət sahəsində özünün faydalı ola biləcəyini göstərməyə çalışması yalnız alqışlanmalıdır. Bununla belə, bu kimi iddiaların sahibinin adının ara-sıra heç də xoş olmayan olaylarda hallanması təəssüf doğurur.
Qeyd edək ki, onun ölkə gündəminə damğasını vuran və mətbuatın diqqətinə səbəb olan fəaliyyəti heç də dövlət qulluğundakı görəvi ilə bağlı deyil. Onun adı daha çox paytaxt Bakı küçələrində gücləndirilmiş mühafizə altında və bahalı maşınların müşayiət etdiyi kortejdə gəzməsilə bağlı hallanır. Bu haqda redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Elmir Vəliyev Gəncədən Bakıya ağ "Mercedes Galendevagen" markalı, Az 90 AA 700 nömrə nişanlı avtomobillə gəlməyi çox xoşlayır.
Diqqət çəkən məqamlardan biri isə budur ki, icra başçısının oğlunun kortejinə daxil olan maşınların nömrə nişanları 700-lə bitir. Məsələn, belə maşınlardan biri "Lexus" markalı, Az 90 AO 700 nömrə nişanlı maşındır. Hər maşında 3 nəfər mühafizəçi olduğuna dair məlumatlar var.
Belədə isə ortaya sual çıxır: Görəsən, icra başçısının oğlunun kartejdə gəzməsinə, hər yerə mühafizəçilərin müşayiəti ilə getməsinə nə ehtiyac var? Hər halda biz buna ehtiyacın olduğu düşüncəsini paylaşmırıq. Bu olsa-olsa məmur balasının növbəti şıltaqlığı kimi qiymətləndirilməlidir. Hansı ki, bu kimi hallara qarşı ölkə prezidenti İlham Əliyev hər zaman tənqidi münasibət sərgiləyib. Prezident məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə görə dəfələrlə sərt şəkildə xəbərdarlıq edib. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb etmişdi:
"Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq"- deyə İ.Əliyev bildirmişdi.
Hesab edirik ki, prezidentin bu məşhur açıqlaması həm Gəncənin icra başçısı Elmar Vəliyevə, həm də oğlu Elmir Vəliyevə yaxşı tanışdır. Maraqlıdır, bəs, son aqibəti bilə-bilə hələ də prezidentin tövsiyyələrinin əleyhinə getmək hansı zərurətdən yaranır? Hər halda Elmar Vəliyevin və oğlunun bu sual ətrafında düşünmələrinə dəyər.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52