Oqtay Şirəliyevin icra olunmayan sərəncamı
09:18 06-09-2015
İQTİSADİYYAT
"Pulsuz səhiyyə" adı altında gizlədilən pullar
Bir müddət əvvəl BBC Azərbaycan xidmətinin facebook səhifəsinin Sudə Yurt adlı istifadəçisi yazmışdı ki, Hepatit C virusuna yoluxan qohumunun müalicəsi üçün həkim onlara "10 min manatı hazırlamağı" məsləhət bilib: "Sadəcə iynəsi 188 manatdır, həftəlik 250-300 manat. Bu ancaq müalicə üçün sərf olunacaq, hər ay testlər, müayinələri qatmadan. Bu xəstəliyin peyvəndi var, niyə milləti məlumatlandırmırlar?!".
Sudə Yurt tək deyil. Əksər vətəndaşların sözlərinə görə, dövlət xəstəxanalarında onlardan pul istənilir, bir çox hallarda həkimlər xəstənin əsl problemini müəyyənləşdirə bilmir və bu da səhv müalicə aparılmasına səbəb olur.
Dövlət xəstəxanalarında xəstələrin ehtiyacı olan dərmanların tapılmamasına dair də çoxlu şikayətlər var.
Xatırladaq ki, 15 yanvar 2008-ci ildə Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı qərarla həmin il fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Səmayə Məmmədova bu günlərdə bildirib ki, bu qərara əsasən dövlət müəssələrində stasionar müalicə alan xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Yalnız Diqanostika mərkəzləri və stomotoloji mərkəzlər pullu xidmətlər göstərirlər. Çünki onlar təsərrüfat xarakterlidir.
İqtisadçıların fikrincə isə Azərbaycan səhiyyəsində yaranmış bu vəziyyətin əsas səbəblərindən biri səhiyyə işçilərinin əmək haqlarının az olmasıdır. "Hazırda səhiyyə sistemi əmək haqqına görə ölkə iqtisadiyyatında ən aşağı səviyyədə olan sahələrdən biridir. Bu da səhiyyə işçlərinin göstərdiyi xidmətin keyfiyyətinə birbaşa təsir göstərir. Onların aldığı əmək haqqı nəinki dolanışığa kifayət etmir, həm də onlara öz üzərində işləmək, ixtisaslarını artırmaq üçün əlavə kitablar almağa da imkan vermir. Bu isə həkim üçün vacib elementdir", - ekspertlər bildirirlər.
Rəsmi məlumatlara görə, ölkədə səhiyyənin prioritet sahələri üzrə 11 dövlət proqramı qəbul olunub. 2013-cü ildə ayrılan təxminən 140 milyon manat məbləğində vəsait isə xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təminatına sərf olunub.
Ekspertlər isə bu məbləğin təyinatına uyğun xərclənmədiyini deyirlər. Onların sözlərinə görə, bu gün xəstəxanalara müraciət edənlərin əksəriyyəti "dövlət səhiyyə ocaqlarında pulsuz dərman ala bildiyini" deyə bilməz. Müalicə və müayinə də bu obyektlərdə qeyri- rəsmi formada pullu həyata keçirilir.
Ekspertlər "savadsız səhiyyə işçiləri" problemini aradan qaldırmaq üçün həkimlərin lisenziyalaşdırılmasını da önəmli hesab edir. Onlar, həm də təklif edir ki, vətəndaşların üzləşdiyi hər bir neqativ hal ictimailəşdirilsin və məsuliyyət daşıyan səhiyyə işçiləri məhkəmələr vasitəsi ilə sərt cəzalar alsın.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu günlərdə bir açıqlamasında səhiyyə sahəsində olan problemlərin yaranmasının həkimlərin aldığı əmək haqqının miqdarı ilə əlaqəli olduğunu demişdi: "Bazar iqtisadiyyatı şəraitində ya dövlət öz həkiminə yüksək maaş verməldir, ya da həkim onu hansısa vasitə ilə əldə etməldir. Həkim növbədə qalır, əziyyət çəkir, amma aldığı maaş 100-200 manatdır. O, xəstələrin verdiyi pulu götürməyə məcburdur, çünki onun yaşayış minimumu təmin olunmalıdır".
Beləliklə, çoxsaylı səbəblərin aradan qaldırılmaması nəticəsində səhiyyə naziri Oqtay Şirəliyevin hələ 2008-ci ildə imzaladığı məlum qərar kağız üzərindədir. Reallıqda Azərbaycan səhiyyəsi pulludur. Pulsuz müayinə və müalicədən danışmaq demək olar, mümkünsüzdür.
Bu da onu göstərir ki, ölkədə pulsuz səhiyəyə nail olmaq üçün hansısa qərarın altına imza atmaq azdır. Əvvəlcə ekspertlərin qeyd etdikləri çatışmazlıqlar aradan qaldırılmalıdır ki, sonradan imzalanan qərarın icra imkanları da genişlənsin.
İnanaq ki, Şirəliyevin nazirliyində nəhayət, bu istiqamətdə də düşünməyə başlayacaqlar. Əks halda Azərbaycanda pulsuz səhiyyə hələ uzun müddət "şirin yuxu" olaraq qalacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52