Bəzi oliqarxların pulları kəsilir
09:19 06-09-2015
İQTİSADİYYAT
2016-cı ilin büdcəsi hansı iri məmurları şoka salacaq?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti baş nazir Artur Rasizadənin rəhbərliyi ilə 2016-cı il üçün dövlət büdcəsinin qapalı müzakirələrini aparıb. Müzakirələrdə maliyyə naziri Samir Şərifov və iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış ediblər. Sonda gələn il üçün büdcə layihəsinə dair sənədlər paketi təsdiqlənmək üçün prezident İlham Əliyevə göndərilib.
Bu il büdcə müzakirələrinin nisbətən tez başlaması onunla əlaqəlidir ki, noyabrın 1-də parlamentə seçkilər keçiriləcək və Milli Məclisin indiki tərkibinin mandatı bitəcək. Seçkilərin nəticələrinin təsdiqlənməsi və Milli Məclisin yeni tərkibinin işə başlaması üçün müəyyən vaxt lazım olduğundan hökumət gələn il üçün büdcə layihəsini parlamentin indiki tərkibi ilə təsdiqləməyə hazırlaşır.
2016-cı il büdcəsinin detallarına dair hələlik heç bir informasiya yoxdur. Əsas intriqa isə gələn ilin büdcəsində neftin qiymətinin nə qədər götürüldüyü ətrafındadır. Çünki büdcənin gəlirlərinin əsas hissəsi neftin hesabınadır.
Dövlət xəzinəsinin gəlirləri büdcədə neftin qiymətinin hansı səviyyədə götürülməsindən çox asılıdır. Hazırda dünya bazarında neftin qiymətinin gah kəskin aşağı düşdüyü, gah qəfil sıçrayışla artdığı və yenidən azalmağa başladığı bir vaxtda büdcədə hansı optimal qiyməti götürmək hökumət üçün ən çətin vəzifə hesab oluna bilər.
Məlum olduğu kimi, 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Baxmayaraq ki, hökumət büdcə layihəsini hazırlayanda neftin qiyməti 80 dollardan da aşağı idi. Bununla belə hökumət neftin qiymətinə dair optimist proqnozları əsas götürərək büdcə gəlirlərini bir barrel üçün 90 dollardan hesabladı. Və il ərzində neftin qiyməti aşağı düşməkdə davam etdi və hazırda 50 dollar səviyyəsindədir.
Nəticədə 2015-ci il büdcəsində kəsirlər artıb və bu kəsirin yerini doldurmaq üçün Neft Fondundan büdcəyə əlavə transferlər edilib. Başqa sözlə, neftin qiymətinin 90 dollardan götürülməsi Neft Fondunun ehtiyatlarının daha sürətlə "əriməsinə" səbəb olub.
Bəs 2016-cı ilin büdcəsində hökumət neftin qiymətinə dair hansı rəqəmi götürüb? Axı neftin qiymətinin yaxın perspektivdə kəskin artması gözlənilmir. Gələn il üçün əksər proqnozlar pessimistdir və qiymətin 40-50 dollar səviyyəsində qalacağı təxmin edilir. Bu baxımdan hökumətin neftin qiymətini hazırkı bazar qiymətlərindən yüksək götürməsi olduqca riskli addım olardı.
Rusiya hökuməti də 2015-ci il büdcəsində neftin qiymətini bazar qiymətləri ilə müqayisədə həddən artıq yüksək - 96 dollar götürmüşdü. Ancaq indi Rusiyada neft bazarlarında baş verənlərdən dərs götürüblər. Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov 2016-cı il büdcəsində neftin qiymətinin 50 dollardan götürüləcəyini bildirib.
Onun sözlərinə görə, gələn il ərzində neftin qiyməti 40 dollara da enə bilər, ancaq bu, uzunmüddətli olmayacaq.
Ehtimal edilir ki, Azərbaycan hökuməti də gələn ilin büdcəsində neftin qiymətinə dair optimal proqnozlara əsaslanıb. 2016-cı ilin büdcəsində neftin qiymətinin 50-55 dollar səviyyəsində götürüldüyünü təxmin etmək olar və belə görünür ki, hökumət məhz bu səbəbdən büdcə layihəsinə dair müzakirələri tamamilə qapalı aparıb.
Çünki neftin qiymətinin 50-55 dollar götürülməsi o deməkdir ki, büdcənin gəlirlər və buna uyğun olaraq xərclər hissəsində ciddi azalma olacaq. Bu isə parlament seçkiləri ərəfəsində müxtəlif spekulyasiyalara səbəb ola bilərdi.
Gözlənilir ki, gələn ilin büdcəsində əsasən tikinti xərcləri kəskin ixtisar ediləcək. Çünki büdcədən ən çox xərclər məhz tikintiyə yönəldilirdi və son illərdə bu sahəyə ayrılan vəsait büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edirdi.
Sosial yönümlü xərclərin isə ya indiki səviyyədə qalacağı, ya da cüzi azaldılacağı gözlənilir.
"Unikal" olaraq onu da qeyd etməliyik ki, gələn ilki büdcədə müəyyən xərclərin ixtisar edilməsinin ən böyük zərbəsi bəzi məmur-oliqarxlara dəyəcək. Belə ki, bir sıra nazirlər, komitə sədrləri, hətta icra başçıları var ki, onlar öz firma və şirkətlərini məhz dövlət büdcəsindən maliyyələşən layihələrin icrası nəticəsində ayaqda saxlayırlar. Yəni dövlət investisiya layihələrini öz nəzarətlərindəki şirkətə sifariş edir, bununla da, obrazlı şəkildə desək, büdcə pulunu sağ ciblərindən çıxarıb sol ciblərinə qoyurlar.
Görünən odur ki, belə iri məmurların gələn il işi çox çətin olacaq. Onsuz da indidən bir sıra oliqarxların şirkətində ciddi maliyyə qıtlığı hiss olunur və onlar vəziyyətdən çıxış yolu kimi maaşları azaldır, işçiləri ixtisar edirlər. 2016-cı ildə isə hətta bu cür üsullar da bəzi məmur-oliqarxlara kömək edə bilməyəcək. Ona görə də gələn il müəyyən iri məmurların nəzarətindəki şirkətlərin iflası barədə xəbərlərə indidən təəccüblənməmək lazımdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52