Ucuz neft bəlası: bundan sonra nə olacaq?
09:24 06-09-2015
İQTİSADİYYAT
Neft qiymətlərində müşahidə olunan kəskin dəyişikliklər dünyanın hər yerində iqtisadiyyat və maliyyə bazarlarının stabilliyini pozur
Dünya bazarlarında xam neftin qiymətlərinin sürəkli ucuzlaşması büdcə gəlirlərinin əksəriyyəti "qara qızıl" satışlarından gələn pullardan formalaşan dövlətlərlə yanaşı, neft istehlakçısı olan ölkələrə də itkilər verir.
Udan faktiki olan yoxdur: hamı uduzur, hətta bir milliqram neft hasil etməyən Tayvan və ya Sinqapur da.
Neft qiymətlərində müşahidə olunan kəskin dəyişikliklər dünyanın hər yerində iqtisadiyyat və maliyyə bazarlarının stabilliyini pozur. Ötən il bir barrel neft qiymətinin 110 dollardan 55 dollara düşərək yarıya qədər azalmasının səbəbi Səudiyyə Ərəbistanının istehsalı genişləndirərək qlobal neft bazarında payını artırmaq qərarı alması idi. Bəs neft qiymətlərinin son həftələrdə 2008-ci il qlobal maliyyə böhranından sonra görünmüş səviyyəyə düşməsinin səbəbi nədir və bu, dünya iqtisadiyyatına necə təsir göstərəcək?
"Gavekal Dragonomics"in baş iqtisadçı analitiki, tanınmış ekspert və yazar Anatol Kaletski "Cheap Oil and Global Growth" ("Ucuz neft və qlobal iqtisadi inkişaf") məqaləsində bildirir ki, standart izah olaraq Çində neftə tələbatın zəif olması göstərilir. Neft qiymətlərinin kəskin azalması isə ya Çində, ya da dünyanın hər yerində iqtisadi böhran əlaməti hesab olunur. Neft və 2009-cu ildən bu yana təkcə Çində yox, Avropa və inkişaf etməkdə olan ölkələrdə qiymətlərin ən aşağı səviyyəyə düşdüyü səhm bazarları arasında mütənasiblik olmasına baxmayaraq, bu ehtimal, yəqin ki, doğru çıxmayacaq.
Neft qiymətlərinin iqtisadi vəziyyətlə bağlı proqnoz verməyə imkan verdiyi doğrudur, ancaq yalnız əks göstərici olaraq. Belə ki, neft qiymətlərinin yarıya qədər azaldığı son dövrlədə (1982-1983, 1985-1986, 1992-1993, 1997-1998, and 2001-2002) iqtisadi artım daha da sürətlənib.
Ötən 50 il ərzində müşahidə olunan bütün böhran vəziyyətlərindən əvvəl neft qiymətləri kəskin artıb. Ən son dövrü götürək. 2008-ci il böhranından əvvəl neft qiymətləri 50 dollardan 140 dollara qalxaraq üç qat artmış, 2009-cu ilin aprelində iqtisadi canlanma başlamazdan altı ay əvvəl isə qiymətlər 40 dollara düşmüşdü (4npress).
Əmtəə istehsal edən inkişaf etməkdə olan ölkələr üçün mühüm nəticə odur ki, həqiqətən də, iqtisadi fəaliyyətin başlıca göstəriciləri olan sənaye metallarının qiymətləri neft qiymətlərinin kəskin düşməsindən sonra qalxa bilər. Məsələn, 1986-87-ci illərdə neft qiymətləri yarıya qədər azaldıqdan sonra metal qiymətləri ikiqat artmışdı.
Neft qiymətləri və qlobal iqtisadi artım arasında tərs mütənasiblik olmasının altında güclü bir iqtisadi mexanim yatır. Bütün dünyada hər il 34 milyard barrel neft işlədildiyinə görə neft qiymətlərinin 10 dollar düşməsi neft istehsalçılarından istehlakçılarına doğru 340 milyard dollar ötürür. Beləliklə, avqustdan bu yana qiymətlərin 60 dollar aşağı düşməsi neft istehlakçılarına yenidən 2 trilyon dollar paylaşdıracaq, bu da 2009-cu ildə ABŞ və Çinin birlikdə iqtisadiyyatı canlandırmaq üçün gördükləri maliyyə tədbirlərindən daha çox gəlirləri artıracaq.
Neft istehlakçıları əlavə gəlirləri olduqca sürətli xərclədiklərinə, neft gəlirlərinin çoxunu əldə edən dövlətlər isə borc götürməklə və ya ehtiyatları azaltmaqla dövlət xərclərini eyni səviyyədə saxladıqlarına görə, neft qiymətlərinin aşağı olması qlobal iqtisadi artım üçün həmişə müsbət nəticə verib. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə, bu il neft qiymətlərinin düşməsi 2016-cı ildə ÜDM-ni bütün dünyada 0,5-1, Avropada 0,3-0,4, ABŞ-da 1-1,2, Çində isə 1-2 faiz artırmalıdır.
Bəs gələn il Çin kimi neft istehlak edən ölkələrdə iqtisadi artım sürətlənərsə, neft qiymətlərinin düşməsi nə ilə izah edilə bilər? Bunun cavabı Çinin iqtisadiyyatı və neft tələbatında yox, Yaxın Şərqin geosiyasəti və neft təchizatındadır.
Ötən il neft qiymətlərinin yarıya qədər azalmasının səbəbi Səudiyyə Ərəbistanının istehsal strategiyaları idi. Ən son azalma isə iyulun 6-da, İrana qarşı beynəlxalq sanksiyaların qaldırılması ilə bağlı saziş danışıqları ərəfəsində başladı. İranla nüvə sazişi geosiyasətin neft qiymətlərini yalnız bir istiqamətə yönəldə biləcəyi fikrinin əksini sübut etdi.
Liviya, Rusiya, Venesuela və Nigeriyada şərait, onsuz da, o qədər pisdir ki, onların neft hasilatına daha nə qədər zərər dəyə biləcəyini təsəvvür etmək olmur. Əksinə, dünyanın ən məhsuldar neft regionlarının siyasi xaosla çalxalanması ilə istənilən stabilizasiya göstəricisi neft təchizatını artıra bilər. Bu, ötən il İraq üçün özünü doğrultdu. İndi isə İran bu prosesi daha yüksək səviyyəyə çatdırır.
İran sanksiyalar qaldırıldıqdan sonra neft ixracatını gündəlik 2 milyon barrelə qədər iki qat artırmaq vədi verir. İran bunu edə bilmək üçün daxili istehlak daxil olmaqla, ümumi hasilatı gündəlik altı milyon barrelə çatdırmalıdır. Bu da təxminən 1970-ci illərdə görünmüş ən yüksək istehsal səviyyəsinə bərabərdir. 1970-ci illərdən bu yana neft çıxarılmasında istifadə olunan texnologiyaların təkmilləşdirilməsi və İranın Səudiyyə Ərəbistanı, Rusiya, Venesueladan sonra dünyanın dördüncü ən böyük neft ehtiyatına sahib olduğunu nəzərə alsaq, hasilatı 40 il əvvəlki səviyyəyə qaytarmaq məqsədi olduqca sadə görünür.
İran təxminən ABŞ-da şist inqilabı nəticəsində yaranan əlavə hasilata bərabər olan bu qədər əlavə nefti alacaq ölkələri tapmaq üçün təkcə Səudiyyə Ərəbistanı ilə yox, həm də İraq, Qazaxıstan, Rusiya və digər aşağı xərcli istehsalçılarla rəqabət aparmalı olacaq. Bu ölkələr də İran kimi istehsalı ən yüksək səviyyəyə qaytarmaqda qətiyyətlidirlər və ilk dəfə ABŞ-da istifadə olunmuş yeni istehsal texnologiyalarından istifadə etməklə 1970 və 1980-ci illərdə çıxarılan neftdən daha çox neft çıxara bilməlidirlər.
Bu yeni rəqabət mühitində Səudiyyə monopoliyasının dağılması və Şimali Amerikada istehsal xərclərinin ən yüksək qiyməti uzun müddətə bir barrel üçün 50 dollarda müəyyənləşdirməsi ilə neft də digər normal əmtəələr kimi alınıb-satılacaq.
Beləliklə, əgər neft qiymətlərinin düşməsinin səbəb və nəticələrini görmək istəyirsinizsə, Çinin istehlakını unudub diqqətinizi Yaxın Şərqin istehsalına yönəldin. Dünya iqtisadiyyatını anlamaq istəyirsinizsə, fond bazarlarını unudub yadda saxlayın ki, ucuz neft həmişə qlobal iqtisadi artımı sürətləndirir.
Orxan Hun
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52