Prezident nazirləri topladı, məmurlara xəbərdarlıq etdi
10:03 09-09-2015
İQTİSADİYYAT
İlham Əliyev: "İdarəetmə sahəsində islahatlar dərinləşməlidir"
Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı müşavirədə çıxış edib. İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir: "Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur".
Dövlət başçısı bildirib ki, bu iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri var, bu səbəbləri ekspertlər araşdırır və araşdıracaqlar: "Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik".
Prezident İlham Əliyev bildirib ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin təhlilini aparmaq üçün kifayət qədər informasiya var: "Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır. Yaxın Şərqdə son illər yüz minlərlə insan həlak olub. Onlar xarici müdaxilənin, qanlı toqquşmaların qurbanı olublar və bu müharibənin sonu görünmür, əksinə, yeni müharibə ocaqları yaranır, günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, iqtisadi və siyasi böhranlar hökm sürür, qarşıdurma meylləri güclənir. Postsovet məkanı bizim qonşuluğumuzdadır. Biz bunu görürük və ictimaiyyət də yaxşı bilir ki, xarici müdaxilə öz rolunu oynayır. Bundan əziyyət çəkən də yenə günahsız insanlardır".
"İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Avropa İttifaqı böyük humanitar fəlakət ilə üz-üzədir. Xarici müdaxilə nəticəsində qaçqın vəziyyətinə düşmüş yüz minlərlə insan, sığınacaq tapmaq, öz canını qurtarmaq üçün Avropaya üz tutur və hazırda böyük köç müşahidə olunur. İlk dəfədir ki, İkinci Dünya Müharibəsindən sonra bu mənzərə ilə üzləşirik. Bu, böyük humanitar fəlakətdir", - deyə Prezident əlavə edib. Dövlət başçısı deyib ki, bu insanlar artıq bir neçə ildir ki, bu humanitar fəlakətlə üz-üzədirlər: "Əfsuslar olsun ki, Qərb mediası buna tamamilə biganə və etinasız yanaşır. Ancaq bu gün bu insanların bir hissəsi artıq Avropa qitəsinə üz tutub, indi Qərb mediası gecə-gündüz bu görüntüləri yayırlar, sanki o insanlar bu vəziyyətin yaranmasına görə günahkardırlar. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin, xarici müdaxilənin qurbanlarıdır. Onların başqa yolu yoxdur, özlərini, ailələrini qorumalıdırlar. Ona görə də bu gün bu humanitar fəlakət ilk növbədə o insanların humanitar fəlakətidir".
Daha sonra ölkə başçısı deyib ki, Azərbaycanın bütün beynəlxalq məsələlərlə bağlı öz mövqeyi var və biz heç kimdən çəkinmədən öz mövqeyimizi ifadə edirik. Onun sözlərinə görə, məhz buna görə dünyada böyük rəğbət, hörmət qazanmışıq. Dövlət başçısı bildirib ki, Azərbaycanın mövqeyi bütün məsələlərlə bağlı ədalətlidir: "Azərbaycana gəlincə, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir, sabitlik möhkəmlənir, beynəlxalq mövqelərimiz daha da güclənir. Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli və böyük hörmətə malik üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir, xalq siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də iqtisadiyyatımız uğurla inkişaf edir".
Prezident İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: "2011-ci ildə və 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda "Ərəb baharı"nın yaşanmasından söhbət açırdı. Deyirdilər ki, bu, qaçılmazdır. Azərbaycanda vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün min cür işlərdən çıxmışdılar. Bizim hüquq-mühafizə orqanları bütün bu işlərin üzərini açıb. Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər, onları bədbəxt etdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. On milyon dollarlarla vəsait aşkarlanıb ki, qanunsuz yollarla yerli "Beşinci kalon" vasitəsi ilə QHT adı altında Azərbaycana gətirilsin və vəziyyət gərginləşsin, burada da bəzi dairələrin xidmətində olan insanları hakimiyyətə gətirsinlər ".
Dövlət başçısı qeyd edib ki, 2013-cü ilin əvvəlindən başlayaraq bu proseslər daha ciddi forma alıb: "Prezident seçkiləri ərəfəsində vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq, Azərbaycanı məhv etmək cəhdləri müşahidə olunurdu. Mən bunu açıq deyirəm və başqa cür də qəbul etmirəm. Ancaq Azərbaycan xalqının, dövlətinin düşmənləri bu işlərdə iştirak edə bilərdi. Çünki Azərbaycan bu gün dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlətdir. Biz kimə mane oluruq? Heç kimə! Bizim bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərimiz var. Biz bütün ölkələrlə bərabər hüquqlu münasibətlər qurmuşuq. Kimə mane oluruq? Ancaq o dairələrə ki, hər yerə hakim olmaq, hər yerdə morionetka görmək istəyirlər. Ləyaqətli, öz xalqına güvənən, xalq tərəfindən dəstəklənən siyasətçiləri artıq görmək istəmirlər. Ancaq iş burasındadır ki, Azərbaycanda hər şey xalqın iradəsi ilə həll olunur, xarici dairələrin təhriki ilə yox! Azərbaycan xalqı bütün bu çirkin niyyətlərə "yox" dedi. Azərbaycan xalqı Azərbaycan iqtidarını dəstəklədi və bu gün bu dəstək bizim əsas güc mənbəyimizdir. Xalqla iqtidar arasında birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər, biz heç kimin qabağında gözü kölgəli deyilik, öz sözümüzü deyirik, deyəcəyik, Azərbaycanın müstəqil həyatını təmin edəcəyik. Məhz bu siyasətin nəticəsində ölkəmizi böyük bəlalardan qoruya bilirik".
Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb: "Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq, gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir".
Prezident çıxışı zamanı problemlərə toxunararŞ bəzi məmurlara xəbərdarlı mesajı da göndərib. "Dərman preparatlarının bazarının tənzimlənməsi işində çox ciddi dönüşə nail olduq. Sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin 2-3 dəfə aşağı salınması təmin edilib".
Prezident qeyd edib ki, idarəetmə sahəsində islahatlar dərinləşməlidir: "Korrupsiya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında "ASAN xidmət"ə yeni funksiyalar verilib. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir. Nə qədər qanunsuz tələblər irəli sürülür, nə qədər insanları incidirlər. İndi hər şey asan olacaq – "ASAN xidmət"də".
İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda da ciddi pozuntular var: "İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Bu sahənin bir hissəsini "ASAN xidmət"ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət"in standartları olmalıdır. Ona görə də gələn il hökuməti böyük işlər gözləyir".
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52