Məmur şirkətlərinin müdhiş soyğunçuluğu
10:04 09-09-2015
İQTİSADİYYAT
Onlar vətəndaşların ciblərini necə talan edir?
Azərbaycanda bəzi turizm şirkətlərinin vətəndaşlara qarşı dələduzluq etdiyinə dair sensasion faktlar ortaya çıxıb. Məlum olub ki, onlar müasir standartlara cavab verən, qanunun tələblərinə uyğun turizm fəaliyyətlərini həyata keçirmək əvəzinə faktiki olaraq vətəndaşların cibini talan etməklə məşğuldurlar.
Belə ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli bildirib ki, "Bəzi turizm şirkətləri müştəriləri aldadır". Onun sözlərinə görə, ölkədən gedən turistlər bir sıra hallarda çətinliklərlə üzləşir.
Komitə sədri bu kimi halların qarşısının alınması üçün Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə aparıldığını və təkliflərin hazırlandığını bildirib.
AZTA nümayəndəsi bildirib ki, artıq turistlərin pullarının mənimsənilməsi ilə bağlı konkret dələduzluq halları da aşkarlanıb. Belə hallara yol verən 2 şirkət - "İnter Travelclub" və "Justtur" şirkətləri dələduz şirkətlər siyahısına salıb. Hər iki şirkətdən AZTA-ya dələduzluq halları ilə bağlı 50-60 şikayət daxil olub: "Müştəri şirkətdən hər hansı turu alır. Hava limanına gedəndə reysə buraxılmır. Və ya turist xaricdə gözlənilməz vəziyyətlə qarşılaşır. Sifariş edilən otelə müraciət edəndə yerin bron edilmədiyi üzə çıxır". Müştərinin pulunu alan turizm şirkəti sonda ya təyyarə biletini almır, ya da sifariş edilən oteldə yerin bron olunmadığı üzə çıxır. Qeyd edək ki, belə hallara yol verdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyi "İnter Travel Club" turizm şirkətinin lisenziyasını dayandırıb.
Və yaxud turizm şirkətində təcrübə qazanan işçi iş yerini tərk edəndən sonra bundan istifadə edərək dələduzluq edir. Bir turu alıb başqasına sataraq müştərinin pulunu mənimsəyir.
Assosiasiya belə halların qarşısını almaq üçün yeni təkliflər irəli sürüb. Təkliflərə görə, əvvəla, assosiasiya müvafiq araşdırma apararaq xaricə turist göndərən "etibarlı" şirkətlərin siyahısını ictimaiyyətə təqdim edəcək. Bundan əlavə, AzTA təklif edir ki, Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə lisenziya verəndə assossasiyanın da rəyini nəzərə alsın. Məsələn, şirkətlərə lisenziya verilərkən bank qarantiyası tələb edilməlidir. A.Əlləzli deyir ki, bu addım dələduzluq halları aşkarlanarkən turistlərin yerləşdirilməsi və digər xərclərinin təmin edilməsində problemi həll edər: "AZTA-nın lisenziya veriləcək şirkətlə bağlı qərarı nəzərə alınmalıdır ki, bu kimi problemlər yaranmasın".
Təkliflərdən biri də müştəri ilə turizm şirkətləri arasında mübahisələrin həll edilməsidir. A.Əlləzli bildirir ki, belə problemlər adətən, turizm şirkətinin işçilərinin səriştəsizliyindən üzə çıxır: "Məsələn, turizm şirkətinin işçisinin sənədləri düzgün göndərməməsi konsulluğun bir müştəriyə viza verməkdən imtina etməsinə səbəb olmuşdu." AZTA problemi araşdırdı və müştərinin vizası təmin edildi. A.Əlləzli başqa bir mübahisənin Türkiyə şirkəti ilə bağlı olduğunu deyir: "Bundan əlavə, Türkiyədə turizm şirkətlərindən biri iflasa uğramışdı. Və buradakı şirkətlərə borclarını ödəmirdi. AZTA həmin şirkətlə əlaqə saxladı. Problemin həll edilməsi üçün sentyabrın 20-də həmin şirkətin nümayəndələri ilə Bakıda görüş təşkil ediləcək".
Müstəqil ekspertlər isə hesab edirlər ki, bu cür turizm şirkətlərinin arxasında bir qayda olaraq hansısa məmurun və ya digər nüfuzlu şəxslərin maraqları dayanır. Ona görə də həmin şirkətlər vətəndaşlara qarşı dələduzluq əməlləri törətmək cəsarətini özlərində tapa bilirlər.
Digər tərəfdən, belə qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərin əksər hallarda cəzasız qalması, onlardan şikayətlərə əlaqədar qurumların operativ və obyektiv reaksiya göstərməməsi də onların müəyyən "güclü əllər" tərəfindən himayə olunduqlarına inamı gücləndirir. Çünki yalnız bu halda həmin şirkətlərə "gözün üstə qaşın var" deyən tapılmaya bilər.
O ki qaldı AZTA-nın Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə aparıb yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində təkliflər hazırlamasına, bu da bir çoxlarında optimist fikirlər doğurmur. Hesab olunur ki, nə vaxtacan turizm sektorunda məmur maraqları ön planda olmağa davam edəcək, o vaxtadək bu sahənin problemlərinin real həlli də ya çətin, ya da ümumiyyətlə mümkünsüz olacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52