Latın Amerikası uğrunda rəqabət: Çin ABŞ-ı üstələyir
10:06 09-09-2015
İQTİSADİYYAT
Hər bir qitədə və hər bir materikdə Pekinin güclü təsiri artıq günbəgün hiss olunur
Bu gün dünyanın, o cümlədən Çinin diqqət və maraq mərkəzində olan regionlardan biri də Latın Amerikasıdır. Qeyd edək ki, yalnız 2014-cü il ərzində Çin Xalq Respublikasının (ÇXR) banklarından Latın Amerikası ölkələrinə 22.1 milyard ABŞ dolları məbləğində kredit ayrılmışdır.
Son illər dünyada iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Çin təhlükəli regionlara sərmayə yatırmaqdan belə çəkinmir. Çin hökumətinin bu cür kataklizmlər dövründə həyata keçirdiyi siyasət son dərəcə incəliklə, dərindən düşünülmüş tərzdə hazırlanmışdır. Buna misal kimi, Latın Amerikasının sərmayə yatırmaq üçün nisbətən riskli və təhlükəli, eyni zamanda, həm də ən çox neft ixrac edən ölkəsi sayılan Venesuelaya ÇXR Milli İnkişaf Bankı tərəfindən külli miqdarda kreditin verilməsini göstərmək olar. Bir nüansı da qeyd edək ki, 2007-ci ildən başlayaraq Çin ayırdığı kreditlərin əvəzinə bu ölkədən xam neft idxal etməyə başlamışdır.
Çinin Latın Amerikası ölkələri ilə ticarət planı da maraq doğurur
Latın Amerikasına böyük diqqətin və marağın nəticəsidir ki, ÇXR Prezidenti Si Cinpin 2015-ci il yanvar ayının 8-də Pekində keçirilən Latın Amerikası və Karib hövzəsi dövlətləri birliyinin zirvə toplantısının açılış mərasimində şəxsən iştirak və çıxış etmişdir. Bu mötəbər tədbirdə çıxışı zamanı o, növbəti 10 ildə Çin hökuməti tərəfindən bu regiona 250 milyard ABŞ dolları dəyərində sərmayə qoyulacağını və ticarət dövriyyəsinin 500 milyard ABŞ dollarına çatacağını bəyan etmişdir.
Çin və Latın Amerikası arasında məsafənin uzaq olmasına, həm də bir sıra məqamlarla bağlı fikir ayrılığının olmasına baxmayaraq, sözügedən tədbir ilk dəfə Çin hökumətinin təşkilatçılığı ilə Pekində baş tutmuşdur. Məlumdur ki, Latın Amerikası ölkələrində böyük təsirə və gücə malik olan ABŞ ilə Çinə məxsus iri şirkətlər arasında bir çox layihələrin həyata keçirilməsi zamanı rəqabətin yaranacağı qaçılmazdır. Çinin bu cür siyasət aparmasında məqsəd ispandilli ölkələri məqsədyönlü şəkildə nəzarətə götürməkdir.
Çinin Latın Amerikası ölkələri ilə ticarət planı da maraq doğurur. Çin Venesueladan neft, Peru və Çilidən mis, Braziliya və Argentinadan soya lobyalarını idxal edir. Venesuela Prezidenti Maduro da çıxışlarının birində Çin hökumətinin ölkəsinə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırması məsələsində razılıq əldə edildiyini bildirmişdir. Eyni zamanda, Ekvador da Çin tərəfindən 7.53 milyard ABŞ dolları həcmində kreditin ayrıldığını bəyan etmişdir. Ümumiyyətlə, 2013-cü ildə Çin ilə Latın Amerikası ölkələri arasında ticarət dövriyyəsi 261.1 milyard ABŞ dollarına çatmışdır.
Burada bir məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, Latın Amerikası ölkələrinə Çinin bu qədər sərmayə yatırmasına baxmayaraq, dünyada Tayvanın müstəqilliyini tanıyan 22 ölkədən 12-si məhz Latın Amerikası və Karib adaları ölkələridir. Hazırda bu ölkələrin Tayvanla müəyyən səviyyələrdə diplomatik münasibətləri də mövcuddur.
Digər maraqlı məqamlardan biri də odur ki, ÇXR Prezidenti Si Cinpin 2013-cü ilin iyun ayında - Trinidad və Tobaqo, Kosta Rika və Meksikaya, 2014-cü ilin iyulun 21-də isə yenidən həmin regiona - Kubaya səfər etmişdir. Bu cür intensiv səfərlərin həyata keçirilməsi də Çin hökumətinin sözügedən əraziyə böyük marağının olduğunu göstərir. Keçən ilki səfərdən sonra 2015-ci ilin ilk ayında Çin tərəfinin təşəbbüsü ilə ÇXR və Latın Amerikası, Karib adaları ölkələrinin forumunun məhz Pekində keçirilməsi ÇXR hökumətinin sözügedən regiona dair gələcək planlarından xəbər verir.
Qeyd edək ki, Si Cinpin ÇXR-in viste-prezidenti olduğu dövrdə - 2011-ci ildə də Kubaya səfər etmişdi. Həmin səfər çərçivəsində onun Fidel Kastro ilə görüşü də baş tutmuşdu. Si Cinpinin prezidentliyi dövründə Çinin beynəlxalq ictimaiyyət arasında nüfuzunun daha çox artması onun birmənalı şəkildə özünəməxsus imic yaratdığını göstərir.
Bank əməliyyatlarının ümumi mənzərəsi
ÇXR hökuməti xarici ölkələrə kreditlərin verilməsi və sərmayələrin yatırılması işlərini yalnız bir neçə banka həvalə etmişdir. Belə ki, ÇXR-in İCBC (İndustrial and Commercial Bank of China Limited) və Çin Bankı bu əməliyyatlarda iştirak etsələr də, bütün maliyyə ödənişləri Çin İnkişaf Bankı və Çinin İxrac və İdxal Bankı (China Ex-İm Bank) tərəfindən həyata keçirilir. Sözügedən regiona kreditlərin verilməsinin ümumi məbləği 2013-cü ildən bəri 70%-ə qədər yüksəlmiş, hətta bu məbləğ artıq 12.9 milyarda çatmışdır. Ümumiyyətlə, ÇXR hökuməti tərəfindən Latın Amerikası ölkələrinə 2005-ci ildən 2014-cü ilədək 119 milyard ABŞ dolları həcmində kredit verilmişdir.
Məlumdur ki, Latın Amerikası ölkələrinə artıq bir neçə ildir ki, ABŞ tərəfindən daimi maliyyə dəstəyi göstərilir. Bu yolla rəsmi Vaşinqton bu ölkələrdə maliyyə hegemonluğuna şərait yaradılmasına nail olmuşdur. Lakin son illər ÇXR-in intensiv surətdə bu ölkələrə həm iqtisadi, həm də kredit verilməsi yolu ilə müdaxilə etməsi, təbii olaraq, ABŞ tərəfindən böyük narahatlıqla qarşılanmışdır. Bu, ABŞ-ın Latın Amerikası ölkələrində mövqeyinə təhlükə yaradır. Hətta hesablamalara görə, ÇXR-in Ex-İm Bankı tərəfindən verilən kreditlərin məbləği ABŞ-in İnter-Amerika İnkişaf Bankı (İnter-American Bank Developmenti - İBAD) və Dünya Bankı tərəfindən verilən kreditlərdən dəfələrlə çoxdur. Bu da regionda Pekinin maliyyə hegemonluğunun Vaşinqtonu üstələyib keçməsinə gətirib çıxarmışdır.
Göründüyü kimi, ÇXR artıq uzunmüddətli və strateji planları ilə kredit ayırdığı və sərmayə qoyduğu ölkələri öz himayəsi altına almağa çalışır. ÇXR tərəfindən verilən bu cür kreditlər artıq xarici siyasət alətinə çevrilir. Kreditlər sayəsində həmin ölkələrin əsas müttəfiqləri ilə yaxın əlaqələrinin və strateji sahələrdə ABŞ-ın təsirinin birbaşa zəifləməsi halları müşahidə olunur. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas var ki, hər bir qitədə və hər bir materikdə Çinin güclü təsiri artıq günbəgün hiss olunur.
Rəşad Kərimov,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
aparıcı elmi işçisi
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52