İP-də narazılıq düşüb
13:00 31-05-2012
CƏMİYYƏT
İP-də narazılıq düşüb
Müsavat şəhərin mərkəzində, AXCP isə 20-ci Sahədə aksiyaların keçirilməsini təklif edir
"Eurovizion" yarışması öncəsi aktivləşən müxalifət xaricdən gələn qonaqlara özünü göstərmək üçün hər gün aksiyalar keçirirdi. Prosesin bir xeyli davam edəcəyini bəyan edən İctimai Palata bildirirdi ki, proseslər yarışdan sonra da davam edəcək. Amma müsabiqə başa çatdıqdan sonra İP aksiyaların keçirilməsi məsələsini müzakirə etsə də, onun reallaşdırılması üçün konkret gün təyin etmir.
Aldığımız məlumata görə, İP-in mitinqlərlə bağlı yeni qərarlar verə bilməməsinin səbəbi yaranmış narazılıqla bağlıdır.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, müxalifət düşərgəsinin iki aparıcı partiyası aksiyaların harada və hansı şəkildə keçirilməsi məsələsində anlaşa bilmir. Belə ki, Müsavat Partiyası mitinq üçün yer ayrılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi vacib saysa da, yer olaraq şəhərin mərkəzinin göstərilməsini təklif edir. İsa Qəmbərin partiyası hesab edir ki, şəhərin mərkəzi aksiyaların keçirilməsi üçün əlverişli yerdir və bununla cəmiyyətin diqqətini özlərinə cəlb edə bilərlər.
Lakin AXCP Müsavatın təklifinə qarşı çıxır. Belə ki, Əli Kərimlinin partiyası bütün hallarda razılaşdırılmış aksiyaların keçirilməsinə tərəfdar olduğunu diqqət mərkəzinə çəkib. Onlar indiyə qədər həbs olunan müxalifətçilərin hələ də azadlığa buraxılmadığını, cəmiyyətdə qorxunun qaldığını və əvvəlki səviyyədə heç kimin mitinqlərə qoşulmadığını əsas gətirərək vurğulayırlar ki, indiki məqamda ən optimal variant razılaşdırılmış aksiyaların keçirilməsidir. Hətta təklifləri ondan ibarətdir ki, BŞİH onlara 20-ci Sahədə yer ayıracağı təqdirdə belə mitinq keçirməyə razılaşmalıdırlar.
Mənbə bildirir ki, İP-də yaranmış bu fikir ayrılığının səbəbi heç də qeyd olunan məqamlarla bağlı deyil. Onun sözlərinə görə, bu mərəkə AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər arasında gedən mübarizənin nəticəsidir. Mənbə deyir ki, artıq illərdən bəri davam edən prosesin yeni bir forma alması isə tərəflər arasındakı narazılığın yenidən güclənməsi ilə əlaqədardır. Daha dəqiq ifadə etsək, sosial şəbəkələrdə müsavatçılarla cəbhəçilərin bir birlərini sərt şəkildə tənqid edərək, ittihamlarla çıxış edirlər. Bu tapşırıqların isə birbaşa partiya sədrlərindən gəldiyi deyilir.
Məlumatlarda vurğulanır ki, mitinqlə bağlı yekun qərara gəlinməməsi də onunla əlaqədardır ki, müxalifət düşərgəsinin iki əsas təmsilçisi birnin digərindən üstün görünməsinə imkan vermək istəmir. Çünki son günlər Əli Kərimlinin Qərb mətbuatında adının daha çox hallanması İsa Qəmbərin ürəyincə olmayıb. Eyni zamanda, bu "irəli çıxma" məsələsindən kifayət qədər narahatdır.
Mənbə maraqlı bir məqama da toxunub. O bildirib ki, artıq bir neçə gündür Qərb mətbuatının İsa Qəmbərə diqqət göstərməsi ilə bağlı yayılan məlumatlar məqsədlidir. Onun sözlərinə görə, Müsavat başqanı bununla tərəfdarlarına göstərməyə çalışır ki, Qərb ona qarşı laqeyd deyil və onu dəstəkləyir. Həmçinin başqan bu addımı ilə Əli Kərimliyə də mesaj göndərərək, onun da Qərb mətbuatı tərəfindən əhəmiyyətli fiqur kimi qəbul edilməsini nümayiş etdirir.
Mitinq məsələsinə gəldikdə isə onun keçirilməsi ilə bağlı yaxın vaxtlarda qərar veriləcəyi gözlənilmir. Hətta İP-də təmsil olunan bəzi şəxslər deyirlər ki, Əli Kərimli ilə İsa Qəmbər arasında gedən mübarizə ümumi prosesə zərər vurur. Həmçinin onu da vurğulayırlar ki, iki partiya sədri arasındakı anlaşılmazlıq İP-in zəifləməsinə gətirib çıxaracaq.
Namiq
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06