Biləcərinin bələdiyyə sədri hədəfdə
12:30 01-06-2012
CƏMİYYƏT
Biləcərinin bələdiyyə sədri hədəfdə
İlham Xəlilov Xaləddin İsgəndərov tərəfindən cəzalandırılacaq
Binəqədi rayonuna yeni təyin olunmuş icra başçısı Xaləddin İsgəndərov artıq bir sıra yeniliklərə başlayıb. Rayonda aparılan yenidənqurma və abadlıq işləri artıq yeni forma alır. Bu barədə müşahidə etdiyimiz mənzərələr onu deməyə əsas verir ki, yeni icra başçısının təşəbbüsü ilə həyata keçirilən proseslər yaxın gələcəkdə Binəqədinin görkəmini müsbət mənada xeyli dəyişəcək.
Amma rayonda yaşanan bir başqa problem var. Həmin problem də son dövrlər Xaləddin İsgəndərova edilən torpaqla bağlı şikayətlərdir. Bizə çatan məlumatlara görə, rayon sakinləri icra başçısına Biləcəri qəsəbəsinin bələdiyyə sədri İlham Xəlilovdan davamlı olaraq şikayətlər edirlər. Məlumatlarda deyilir ki, İ.Xəlilov bələdiyyə sədri işlədiyi müddətdə bir çox insanları aldadıb. Eyni zamanda, onun rayonda satmadığı torpaq sahəsinin qalmadığı deyilir.
Bununla bağlı redaksiyamıza məlumat verən etibarlı mənbə bildirib ki, İlham Xəlilov hələ keçmiş icra başçısı Füdumə xanımın dövründən bu postdadır. Onun adamı kimi, bələdiyyə sədri olduqdan sonra qəsəbədə torpaq sahələrinin bir qismini şəxsi məqsədləri üçün zəbt edən, digər bir qismini isə sənədsiz-filansız satışa çıxaran Xəlilov həmin hərəkətləri bu yaxınlarda Samuxa icra başçısı göndərilən Alı Qocayevin də dövründə davam etdirib.
Mənbə deyir ki, Qocayevə birtəhər "xod" tapan bələdiyyə sədri sonradan onun adından sui-istifadə edərək, istəklərini reallaşdırıb. Lakin Xaləddin İsgəndərov onun hərəkətlərinə göz yummaq fikrində deyil. Hal hazırda bələdiyyə sədri ilə bağlı geniş araşdırmaların aparıldığını bildirən mənbə vurğulayıb ki, İlham Xəlilovun bir sıra "ÇP"ləri artıq tapılıb. Belə ki, onun ələ keçirdiyi torpaq sahələrinin tam miqyası müəyyənləşdirilib. Bundan başqa, onun sənədsiz satdığı torpaq sahələrinin də həcmi dəqiqləşib ki, bununla bağlı lazımi tədbirlərin görülməsi üçün zəmin yaranıb.
Məlumatı verən şəxs deyib ki, Biləcərinin bələdiyyə sədrinin imkanları təkcə bununla məhdudlaşmır. Qeyd olunur ki, İlham Xəlilov bu illər ərzində satdığı torpaq sahələrindən əldə etdiyi pulların bir qisminə özünə obyekt alıb. Mənbənin dediyinə görə, bu gün Biləcəridə ən gəlirli sahələri ələ keçirən bələdiyyə sədri uzun illərdir oradan ciddi gəlirlər əldə edir.
Yeni icra başçısının məsələsinə gəldikdə isə o, İlham Xəlilovun hərəkətlərinə hüquqi qiymət verilməsinə çalışır. Bunun üçün lazımi dəlil və sübutların əldə edilməsindən sonra onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilə biləcəyi bildirilir.
Mənbə deyir ki, İlham Xəlilovla Xaləddin İsgəndərovun münasibətlərinin bu şəkildə kəskinləşməsinin səbəbi isə xeyli əvvələ gedib çıxır. Belə ki, İsgəndərov hələ icra başçısı olmadığı dönəmlərdə bələdiyyə sədrinə bir neçə dəfə xahiş etsə də, rədd cavabları alıb. İndi isə əlinə düşmüş fürsətdən istifadə edərək, onu cəzalandırmaq fikrindədir.
Onu da bildirək ki, Biləcərinin bələdiyyə sədrinin əməllərinin araşdırılması Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə olunarsa, Xəlilovun işi çox çətin olacaq. Çünki aparılacaq araşdırmalar nəticəsində onun daha qalmaqallı işlərinin ortaya çıxacağı gözlənilir.
Məsələ ilə bağlı İlham Xəlilovun mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Lakin bələdiyyə sədrinin köməkçisi bildirdi ki, sözügedən şəxs hal hazırda Bakıda deyil. Lakin buna baxmayaraq, İ.Xəlilovun da mövqeyini dərc etməyə hazırıq.
Cavid
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06