Sevindik Hətəmov keçmiş başçının adamlarını "vurdu"
12:34 01-06-2012
CƏMİYYƏT
Sevindik Hətəmov keçmiş başçının adamlarını "vurdu"
Yardımlının yeni icra başçısı rayonda kadrların "yarpaq tökümü"nü başladıb
Məlum olduğu kimi, bu il aprelin 10-da ölkə başçısının sərəncamı ilə Yardımlı rayonuna yeni icra başçısı təyin edildi. Bu, sabiq millət vəkili Sevindik Hətəmov idi.
Əslində Hətəmovun rayona icra başçısı təyinatı Yardımlıda ümidlə qarşılanmışdı. Belə ki, sabiq icra başçısı Xəzər Aslanovun idarəçiliyi Yardımlıda ciddi rezonans doğurmuşdu və rayona təzə rəhbərin gəlişi insanları ümidləndirmişdi. Amma arxada qalan iki ayda ucqar rayonun sakinlərinin gözləntiləri doğrulmayıb.
Belə ki, Sevindik Hətəmov da tıpkı özündən əvvəlki icra başçısı kimi, arxada qalan müddətdə sadəcə, ayrı-ayrı vəzifəli şəxsləri görəvdən almaqla məşğul olub. Xəzər Aslanovun "kadr genosidi" barədə ölkə mediasında davamlı yazılar dərc edilirdi, amma belə getsə, deyəsən həmin yazıların yerini Sevindik Hətəmovun "kadr soyqırımı" tutacaq.
Dünən sosial şəbəkələrdə yayılan məlumata görə, Yardımlı rayonuna 2 ay öncə icra başçısı təyin edilmiş Sevindik Hətəmov artıq kütləvi kadr dəyişikliyinə başlayıb. Kadr dəyişikliyinin ilk qurbanı isə rayon icra hakimiyyəti başçısının 1-ci müavini Azər Xamiyev olub.
Hətəmov 1-ci müavininin ardınca rayon icra hakimiyyətinin ümumi şöbəsinin müdiri, uzun illər bu sahədə çalışan Zakir İmanovu da görəvdən uzaqlaşdırıb. Sevindik Hətəmovun bu addımı sürpriz kimi qarşılanıb. Ən son məlumatlara görə artıq yerli icra hakimiyyətinin tikinti və arxitektura şöbəsinin müdiri də görəvindən kənarlaşdırılanların siyahısına daxil olub. Təəssüf ki, cəhdlərimizə rəğmən onun ad-soyadını öyrənə bilmədik.
Yayılan məlumatlarda vurğulanır ki, hələlik boş qalan yerlərin heç birinə yeni təyinat gerçəkləşməyib. İyun ayı ərzində həmin vəzifələrə təyinatların olacağı vurğulanır. Eyni zamanda belə iddialar da səslənir ki, qarşıdakı günlərdə daha bir neçə rəhbər işçinin də vəzifədən uzaqlaşdırılacağı gözlənilir.
Bəzi internet resurslarında isə icra hakimiyyəti başçısının müavini Mahir Mirzəyevin adı da vəzifədən kənarlaşdırılması mümkün məmurlar sırasında hallandırılır. İnternet resurslarında yayılan məlumatlarda Mirzəyevin rayonun ən nüfuzlu vəzifəli şəxslərindən biri hesab olunduğu diqqətə çəkilir və bildirilir ki, onun xeyli qohum-əqrəbası Yardımlıda yüksək vəzifələr tuturlar. Məsələn, azerinews.org saytına yerləşdirilən siyahıda iddia edilir ki, onun əmisi oğlu Akif Mirzəyev ƏƏSM-nin müdir əvəzidir, xalası oğlu Rakif Səlifov isə yerli idman idarəsinin rəisidir. İki bacanağından biri Elman İsmayılov Yardımlıdakı meşə idarəsinin mühasibi, digəri - Asif Təhməzov isə həmin idarənin inspektorudur.
Adıçəkilən saytın məlumatlarında həmçinin Mahir Mirzəyevin qaynı Cavid Rufullayevin Yardımlı Kommunal Təsərrüfat idarəsinin rəisi, kürəkəni Azad Nəzərovun isə yerli təhsil şöbəsinin baş mühasibi olduğuna diqqət çəkilir, deyilir ki, rayon Gənclər və İdman İdarəsinin rəisi ilə yerli arxiv idarəsinin rəisi də Mahir Mirzəyevlə qohumdurlar. Onun yeznəsinin qardaşı olan İqbal Ağayev Yardımlı Telekomun rəisi, daha bir bacanağı Əli Əliyev isə Yardımlı rayon torpaq şöbəsinin müdiridir.
İddialara görə, Sevindik Hətəmovun bundan sonrakı fəaliyyəti bu cür vəziyyətin aradan qaldırılmasına yönələcək, hansısa iri məmurun öz yaxın ətrafını rayonda mühüm postlarda yerləşdirilməsinin qarşısını almağa hesablanacaq.
Bununla belə vurğulanır ki, Yardımlı kiçik və kadr potensialı baxımından o qədər də güclü olmayan bir rayondur. Ona görə də yerli kadrların "vurulması" zamanı şəxsi prinsiplərdən çox, ümumrayon maraqlarının üstün tutulması vacibdir.
Fuad
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10