3-cü sektor korrupsiya ilə mübarizəni necə apara bilər?
12:39 17-10-2015
KRİMİNAL
QHT-lər korrupsiya ilə mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər
Əliməmməd Nuriyev: "Korrupsiyaya qarşı mübarizə sahəsində yerli QHT-lərin fəaliyyəti
hökumətin antikorrupsiya siyasətinə dəstək verilməsinə, antikorrupsiya mədəniyyətinin
formalaşdırılmasına, antikorrupsiya tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsinə yardım göstərilməsi, korrupsiyaya qarşı uğurlu mübarizənin əsas şərtlərindən biri olan möhkəm
dövlət-özəl sektor-vətəndaş cəmiyyəti birliyinin, müttəfiqliyinin yaradılmasına yönəlib"
Ölkə başçısı son iclasında dövlət qurumlarında əsassız yoxlamaların aparılması, sahibkarlardan rüşvət alınması hallarını ciddi tənqid edərək, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizənin aparılmalı olduğunu söylədi. Ölkə başçısı bildirdi ki, korrupsiya ilə mübarizədə ictimai nəzarət gücləndirilməlidir: "İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".
Qeyd edək ki, artıq bir neçə ildir ki, korrupsiya ilə mübarizədə QHT-lər də ictimai nəzarət funksiyasını yerinə yetirir. Hətta Azərbaycanda korrupsiya ilə mübarizə üzrə ixtisaslaşmış QHT-lər də fəaliyyət göstərir. Buna misal kimi, Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondunun, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin, Antikorrupsiya Araşdırmalar Mərkəzinin adını çəkmək olar. Ölkədə fəaliyyət göstərən digər QHT-lər də var ki, korrupsiya ilə mübarizə məqsədilə layihələr həyata keçirirlər.
Korrupsiyaya Qarşı Mübarizə Fondundan bildirdilər ki, bu sahədə fəaliyyət göstərən bir QHT olaraq Korrupsiyaya qarşı Mübarizə Fondu kiçik və orta sahibkarların mövcud problemlərini öyrənmək, onların həlli yollarını müəyyənləşdirmək və korrupsiya ilə üzləşən sahibkarlara hüquqi yardım göstərmək məqsədi ilə öz fəaliyyətini genişləndirir: "Sahibkarlardan Fondun qaynar xətti vasitəsilə şikayətlər qəbul edilir həmin şikayətlərin baxılması və müsbət həllinə nail olmaq üçün müvafiq dövlət orqanlarına göndərilməsi təmin edilir. Kiçik və orta sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısını almaq məqsədilə onların hüquqi maarifləndirilməsi vacibdir. Bundan əlavə, sahibkarlar, dövlət və bələdiyyə orqanlarının, QHT-lərin, KİV-in iştirakı ilə ölkənin bir sıra regionlarında maarifləndirici dəyirmi masalar keçirilməli, kiçik və orta sahibkarlara pulsuz hüquqi yardım və virtual vəkillik xidməti də göstərilməlidir. Azərbaycanda fəallığı və cəmiyyətə təsiri baxımından QHT-lər və KİV-lər müxalifətdən öndə getdiklərinə görə bu demokratik təsisatlar korrupsiyaya qarşı mübarizənin indiki məsul məqamında siyasi iradə ətrafında cəmiyyətin dəstəyini təşkil etmək üçün daha məsuliyyətli təşəbbüslər irəli sürməlidirlər. Başqa sözlə desək, korrupsiyaya qarşı mübarizədə cəmiyyətin maraqlı olan kəsimlərinin Prezidentin korrupsiyaya qarşı mübarizə siyasətini dəstəkləyən və bu işdə ona öz yardımını və müttəfiqliyini təklif edən koalisiyasının yaranmasına ehtiyac var. Bu maraqlı kəsimlər QHT-lər, KİV-lər, müxalifət, sahibkarlar, ziyalılar və gənclər ola bilərlər. 2004-cü il fevralın 1-də təsis edilən Korrupsiyaya Qarşı Mübarizə Fondu həmin il Bakı şəhərində 1110 sahibkar arasında korrupsiyanın səviyyəsi və korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi layihəsni həyata keçirdi. Fond bunun ardınca "Korrupsiyaya qarşı mübarizə haqqında" qanununun ekspertizasını keçirdi. Ekspertizanın nəticəsi göstərdi ki, bu qanun korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadığına görə korrupsiyanın səviyyəsi yüksək olduğu Azərbaycan reallığında konkret irəliləyişlərə nail olmaq üçün kifayət etməyəcək. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə Fondu 2005-ci ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanununa əlavə və dəyişikliklərlə bağlı layihə hazırladı və mətbuat konfransı vasitəsilə mütəxəssislərin müzakirəsinə çıxardı. Yəni korrupsiyaya qarşı mübarizənin təşəbbüskarı olan siyasi iradə antikorrupsiya qanunvericiliyinin ardıcıl olaraq təkmilləşdirilməsini davam etdirir. Amma Korrupsiyaya Qarşı Mübarizə Fondunun kiçik və orta sahibkarlar arasında demək olar ki, hər il apardığı araşdırmaların nəticəsi göstərir ki, korrupsiya bu sektorun ən böyük problemi olaraq qalmaqdadır. Sahibkarlıqda korrupsiya qeyri-qanuni müdaxilələr, inhisarçılıq və hüquqi savadsızlıq kimi problemlərdən qaynaqlanır. Ona görə də korrupsiyaya qarşı mübarizədə yalnız qanunvericilik bazasının təkmilləşdirilməsi və hüquq-mühafizə tədbirləri ilə kifayətlənmək səhv olardı. Sahibkarlar arasında korrupsiya hallarına, o cümlədən məmur özbaşınalığına güzəştə getməmək, əksinə, bu cür hallara qarşı onların müqavimətinin formalaşdırılmasına ehtiyac vardır. Hesab edirik ki, sahibkarların bu psixoloji maneəni keçə bilmələri korrupsiyaya qarşı mübarizədə mühüm dönüş olacaqdır. Bu işdə təbii ki, cəmiyyətin fəal dəstəyi, o cümlədən korrupsiyaya qarşı mübarizədə maraqlı olan qüvvələrin birləşməsi və sahibkarlar arasında maarifləndirmə işinin aparılması sayəsində səmərə əldə etmək mümkündür".
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə deyir ki, bəzi sturukturlarda açıq-aşkar, daha çox da gizli şəkildə korrupsiyaya qarşı mübarizə tədbirlərinə müqavimətin olması gizli deyil. Çünki aparılan mübarizə nəticəsində məmurların şəxsi gəlirləri azalmağa başladı. Şübhəsiz ki, onlar mövcud mübarizə üsullarını istəmirdilər. Çünki bəzi sturukturlarda korrupsiya həmin sturukturların fəaliyyət prinsipinə çevrilib. Lakin ekspert düşünür ki, bu halların qarşısının alınması üçün çox önəmli addım olaraq dövlət orqanlarında elektron istifadənin gücləndirilməsi ilə bağlı fərman imzalandı. Bu da təmas olmadan ona dövlət orqanlarının vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün mühüm şərait yaradır. Əliməmməd Nuriyev bildirir ki, korrupsiya ilə mübarizədə anti-korrupsiya mexanizmləri artırılmalıdır: "Korrupsiya ilə mübarizədə mühüm mexanizmlərdən biri anti-korrupsiya mexanizmlərinin artırılmasıdır. Anti-korrupsiya mexanizmləri yaranarsa, sistem özü-özünə korrupsiyanı məhdudlaşdırmağa doğru gedəcəkdir". Ekspertin fikrincə, anti-korrupsiya mexanizmlərinin yaradılmamasına görə, bu gün Azərbaycanda korrupsiyanın mövcud səviyyəsi hələ ki, yüksək olmaqda davam edir. Bəzi nazirliklərdə və yerli icra sturukturlarında korrupsiya ilə mübarizənin ahəngdarlıqla aparılmamasından təəssüfləndiyini bildirən ekspert, bir sıra yerli icra sturukturları orta və kiçik sahibkarlardan qanunsuz olaraq vəsaitlər toplayıb, qeyri-qanuni ödəmələr tələb etdiyini bildirdi. Korrupsiya halları ilə mübarizənin keyfiyyətinin aşağı düşməsinə toxunan ekspert bildirdi ki, bir çox hallarda məmurların aparılan islahatların sürətinə uyğun hərəkət edə bilməməsi korrupsiyanın səviyyəsinin azaldılmasına mane olan ciddi səbəblərdən biridir.
Bütün bunlarla yanaşı, Əliməmməd Nuriyev deyir ki, bir sıra sturukturlarda korrupsiya halları minimuma endirilib və ya yoxdur: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işində, dövlət qulluğuna qəbulla bağlı məsələlərdə, hüquq mühafizə və prokurorluq orqanlarına işə qəbulla bağlı məsələlərdə xeyli irəliləyişlər vardır. Birmənalı sürətdə deyirəm ki, burada korrupsiya yoxdur. Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri olaraq biz də hesab edirik ki, düzgün strategiya və yanaşma seçilib: "Son illər vətəndaş cəmiyyəti institutlarının korrupsiyaya qarşı mübarizə sahəsində hökumətin əsas tərəfdaşına çevrildiyini söyləmək olar. Korrupsiyaya qarşı mübarizə sahəsində yerli QHT-lərin fəaliyyəti hökumətin antikorrupsiya siyasətinə dəstək verilməsinə, antikorrupsiya mədəniyyətinin formalaşdırılmasına, antikorrupsiya tədbirlərinin səmərəli şəkildə həyata keçirilməsinə yardım göstərilməsi, korrupsiyaya qarşı uğurlu mübarizənin əsas şərtlərindən biri olan möhkəm dövlət-özəl sektor-vətəndaş cəmiyyəti birliyinin, müttəfiqliyinin yaradılmasına yönəlib".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16