Bakıda azərbaycanlı fəhlələr əcnəbi şirkətə qarşı

Onların hüquqları pozulur; həmvətənlərimizə qarşı ayrı-seçkiliyə yol verilir...

Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərin əmək qanunvericiliyinə riayət etməmələri heç kimə sirr deyil. Bu şirkətlərdə qanun pozuntusu əksər hallarda işçilərə verilən əmək haqlarında təzahür edir. Belə ki, xarici şirkətlərdə çalışan azərbaycanlı işçilər əcnəbilərdən fərqli olaraq dəfələrlə aşağı əmək haqqı alır. Bu yanaşmanın məntiqi nəticəsidir ki, eyni işdə çalışan və eyni əmək şəraitində işləyən əcnəbilər yerli vətəndaşlara yuxarıdan aşağı baxırlar.

Baxmayaraq ki, xarici şirkətlərdə bağlanan müqavilələrə əsasən işçilərin 80 faizini azərbaycanlılar təşkil etməlidir, ancaq reallıq ondan ibarətdir ki, ölkəmizdə kifayət qədər mütəxəssisin olmasına baxmayaraq əksər işçilər xarici ölkələrdən gətirilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, yüksək məbləğdə əmək haqqı alan əcnəbilər qanunvericilikdə nəzərdə tutulan müxtəlif növ vergiləri ödəməkdən yayınırlar. Əksər xarici şirkətlər ikili mühasibat sistemi ilə fəaliyyət göstərdiyindən əcnəbilərə verdikləri əmək haqlarının məbləği gizli saxlanır. Hələ onu demirik ki, belə şirkətlərdə əlillər üçün azı 24 ştatın nəzərdə tutulmasına rəğmən heç bu müddəanı yada salan belə yoxdur.
Qısası, Azərbaycanda Əmək Məcəlləsinin tələblərinə tam riayət edən, vətəndaşların əmək hüquqlarını pozmayan şirkət, idarə tapmaq müşkül məsələdir. Çünki, işçilərlə əmək müqavilələri bağlanılmır, yaxud qısa müddətə bağlanır. Əksər hallarda isə bağlanan müqavilənin şərtlərinə əməl olunmur. Elə bu səbəbdən də transmilli şirkətlərin rəhbərləri həmkarlar təşkilatlarının yaradılmasında maraqlı deyillər.
Öz ölkəsində başqalarının basqısı altında yaşamaq, "ikinci dərəcəli" adam statusu daşımaq böyük fəlakətdir. Azərbaycanda fəaliyyət göstərən, vətənimizin sərvətləri hesabına milyonlar qazanan bu şirkətlər ölkə vətəndaşlarına qarşı ögey münasibət bəsləmələri isə mütəmadi olaraq narazılıqlarla müşahidə olunub. Bu qəbildən olan fəhlə etirazlarından biri isə ötən gün baş tutub.
Belə ki, "Şahdəniz-2" layihəsinin GREENFİELD bölməsində çalışan yerli fəhlələr onlara qarşı yol verilən ayrı-seçkiliyə öz etirazlarını bildiriblər. Bu barədə mətbuata Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlının sözlərinə görə, məsələyə AZFEN-TEKFEN Alyansının rəhbərliyi müdaxilə edib. Onlar iki gün öncə baş tutmuş aksiyaya müdaxilə edərək fəhlələri sakitləşdirib. Ötən gün isə SOCAR nümayəndələri fəhlələrin iş yerində olub və şirkət rəhbərliyi ilə görüşüb. Verilən məlumata görə, fəhlələr işə buraxılmayıb. Araşdırılma aparıldığı üçün onlar daha bir neçə gün də işə buraxılmayacaq.
"Fəhlələrin etirazına isə Cem adlı (soyadını dəqiqləşdirə bilmədik) bir türk menecerin TEKFEN şirkətinə rəhbər təyin olunandan sonra yerli işçilərə qarşı kobudluq və ayrı-seçkiliyə yol verməsi səbəb olub" - deyə M.Qəhrəmanlı bildirib.
Xatırladaq ki, TEKFEN-AZFEN Alyansı "Şahdəniz-2" layihəsinin bir hissəsini yerinə yetirir.
Qeyd edək ki, bu qəbildən olan məsələlər dəfələrlə mətbuatın gündəminə daşınsa da bununla bağlı hər hansı təsirli tədbirlərin görülməsinə şahidlik etməmişik. Məgər insan da öz ölkəsində bu qədər ayrı-seçkiliyə məruz qalarmı? Xarici şirkətlərdə çalışanlar bildirir ki, hətta bu şirkətlərdə işləyən əcnəbilərlə bir süfrədə oturmaq "ixtiyarında" belə deyillər. Həmçinin əcnəbi şirkət sahibləri azərbaycanlı işçilərinə qarşı xüsusi "ciddi rejim" tətbiq edirlər. Onların qoyduğu "qanunlardan" kənara çıxmaq isə ən yaxşı halda iş yerini itirməklə nəticələnir.
Orxan