Misir Mərdanovun "analoqsuzluğu"
11:07 06-06-2012
İQTİSADİYYAT
Misir Mərdanovun "analoqsuzluğu"
Heç bir nazir indiyədək onun vəziyyətinə düşməmişdi
Təhsil naziri Misir Mərdanov ətrafında elə bir gün yoxdur ki, hansısa xəbər fırtınası yaradılmasın. Əslində bunu sadəcə, KİV-in Mərdanovun postuna hədsiz marağı ilə izah etmək də olmaz.
Təhsil naziri ilə bağlı son bir ildə elə proseslər baş verməkdədir ki, adam hərdən fikirləşir: Misir müəllimin vəzifəsindən azad edilməsinin bir mənası qalıbmı? Onsuz da son bir ildə o elə səlahiyyətlərdən məhrum edilib və başqa elə ağır zərbələr alaraq rəqibləri qarşısında gücsüz vəziyyətə gətirilib ki, istər-istəməz düşünürsən: Misir Mərdanov olsa-olsa, "formal nazir"dir, onu nazir postunda tamamilə qəlbini qırmamaq, xətrinə dəyməmək üçün saxlayırlar.
İzah edək: son bir ildə Misir Mərdanovun əlindən məktəblərin təmir və tikintisinin həyata keçirilməsi alınıb, həmin işlərin başında dayanan xalası oğlu həbs edilərək yalnız o vaxtadək yığdığı varidatın az qala hamısı əlindən çıxarıldıqdan sonra sərbəst buraxılıb. Ardınca nazirlikdə qanunsuz tələbə qəbulu, sənədlərin saxtalaşdırılması ilə məşğul olduğu iddia edilən şəxslərin həbsi həyata keçirilib, onların hazırda məhkəmə prosesi keçirilir və aydın məsələdir ki, həbs edilənlər həm də Misir Mərdanova bir təzyiq vasitəsi rolu oynayır. Hər an onların dilindən nazirlə bağlı ilginc kompromatların səslənməsinin şahidi ola bilərik ki, bu da təhsil naziri üçün də hətta həbs yolunun görünməsinə gətirib çıxara bilər. İnanmaq çətin deyil ki, bu məhkəmə prosesi və onun qarşıdakı gedişatı təhsil nazirinə yuxusuz gecələrdən, həyəcan, əndişə dolu günlərdən başqa heç nə vəd etmir.
Davam edək. Mərdanova qarşı daha bir gözlənilməz zərbə keçmiş müavini Elmar Qasımovla bağlı əydi. Nazir onun postunda gözü oldğu deyilən müavininidigər iki müavinini də itirmək bahasına qurban verdi. Misir müəllim yenicə rahatlamışdı ki, aldığı xəbər onun üçün yəqin ki, həqiqi mənada şok effekti yaratdı. Elmar Qasımov əvvəlcə ARDNŞ rəhbərliyində yüksək vəzifəyə gətirildi. Çox keçmədən isə Qasımov həm də Ali Neft Məktəbinin rektoru təyin edilməklə yenidən Misir Mərdanovun "qorxulu yuxu"sunna çevrildi. Təhsil naziri Elmar Qasımovun öz karyera yüksəlişini yenidən bərpa etməsindən narahatdır və növbəti dəfə onu öz yerinə ən potensial namizədlərdən biri kimi görməyə başlaıb. Bunun nə qədər real olduğunu bilmirik; ancaq bunu əminliklə demək mümkündür ki, Mərdanovla cidd ixtilafda olan birinə "vurulduqdan" sonra yenidən sahib çıxılması təhsil nazirinə sətiraltı mesajdır. O anlama gəlir ki, artıq iqtidar kulislərində Mərdanov təsir və təzyiq imkanlarını tamamilə itirib, artıq onunla ciddi strateji postlardan birinin sahibi kimi hesablaşmırlar.
Son aylarda isə Mərdanovun aldığı zərbələr ümumiyyətilə saymaqla qurtarmır. Əvvəlcə bağçalar nazirin nəzarətindən çıxarılıb yerli icra hakimiyyətlərinə verildi, çox keçmədi orta məktəblərdə buraxılış imtahanlarının da artıq Misir müəllimin kurasiyasından alınaraq onun "əzəli və əbədi rəqib"i - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadəyə verildi. Bu, xanım Abbaszadənin qısa müddət içərisində illərdən bəridir açıq və sərt ixtilaf içərisində olduğu Misir Mərdanov üzərindəki birinci və sonuncu qələbəsi deyildi. Buraxılış imtahanlarının TQDK sədrinin nəzarətinə keçirilməsinin şokundan ayrılmayan təhsil nazirinə növbəti sarsıdıcı zərbə dəydi: bu dəfə dərsliklərin qiymətləndirilməsi üçün səlahiyyətlərin də Abbaszadənin qurumuna verildiyi məlum oldu!
Səlahiyyətlərini, təsir imkanlarını və nüfuz dairəsini böyük sürətlə itirən Mərdanova artıq Təhsil Nazirliyi içərisində itaətsizliyin də baş qaldırdığı yönündə iddialar var. ddialara görə, son vaxtlar təhsil nazirinin "əzəli rəqib"i TQDK sədri Məleykə Abbaszadəyə ard-arda məğlubiyyətləri Misir Mərdanovun təhsil sistemindəki nüfuzunu əməlli-başlı korlayıb, imicinə mənfi təsir edib. Artıq Təhsil Nazirliyi strukturlarına belə bir əhval-ruhiyyə hakimdir ki, Misir Mərdanov hakimiyyət daxilində tamamilə dişsiz fiqur rolundadır və proseslər nazirin ən qısa zamanda görəvindən uzaqlaşması ilə yekunlaşacaq. Bütün bunlar isə "təhsil şefi"nin tapşırıqlarına nazirliyin səlahiyyətli şəxslərinin qeyri-ciddi, dırnaqarası münasibətinin ortaya çıxmasına səbəb olub.
Əslində nazirliyin vəzifəli əməkdaşlarını qınamalı da deyil. Misir Mərdanov ona qarşı son bir illik aramsız və ağır hücumlar nəticəsində gerçək funksionallığın itirib, yuxarıda da qeyd etdiyimiz kimi, hökumətdə faktiki "formal nazir"ə çevrilib. Bax bunda həqiqətən də onun analoqu yoxdur. O, bəlkə də yeganə nazirdir ki, indi KİV onun barəsində sadəcə bir məzmunda xəbər yayır: "Misir Mərdanov işdən çıxarılır".
Artıq təhsil naziri barədə yeganə informasiya motivi onun "vurulacağı"dır, onun vəzifəsindən uzaqlaşdırılacağıdır. Bu, həm də o deməkdir ki, artıq cəmiyyətin də təhsil nazirindən başqa heç bir gözləntisi qalmayıb.
Yeganə gözlənti - ya Misir Mərdanovun özünün istefa verməsi, ya da zorən istefaya göndərilməsidir.
Son bir ilin dərindən analizi isə artıq bu iki gözləntidən birinin ən qısa zamanda gerçəkləşəcəyinə heç bir şübhə yeri qoymur. İndiyədək gözləmişik, gəlin birn az da gözləyək...
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54