"Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötüb"
11:39 06-06-2012
CƏMİYYƏT
"Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötüb"
Prezident İlham Əliyev: "Ölkəmizdə enerji təhlükəsizliyi müstəqilliyi təmin edir"
Dünən Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi işinə başlayıb. Qeyd edək ki, sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Hər il keçirilən "Caspian Oil and Gas" sərgisi Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayır. Sözügedən sərgi və konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir.
Ənənəvi olaraq, "Caspian Oil and Gas" layihəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən də dəstək göstərilir. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir. Həmçinin, sərgi layihəsi üzrə işə "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (Çin) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb edilmişlər və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgidə iştirak etməyə fəal surətdə dəvət edirlər.
Prezident İlham Əliyev:
"Bizim üçün ilk
növbədə Azərbaycanın
milli maraqlarıdır"
Azərbaycan prezidenti İlham Əliyev XIX Xəzər Neft-Qaz Konfransında çıxış edib. Prezident çıxışında bildirib ki, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının xidmətindədir.
Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdən danışan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyaların həcmi 50 milyard dollar səviyyəsindədir. Ümumilikdə isə ölkə iqtisadiyyatına 1995-ci ildən bu günə qədər qoyulan investisiyaların həcmi 120 milyard dollar təşkil edir. Dövlət başçısı deyib ki, ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanın neft siyasətində islahatlar aparılır, təzyiqlərə baxmayaraq, məqsədlərə nail olunub: "Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, yeni marşrut baxımından da əhəmiyyətli idi və yeni dəhliz açıldı. Buz bu dəhliz vasitəsilə pəncərədən başlayaraq qapı açdıq. ARDNŞ-i dünya miqyaslı nəhəng neft şirkətinə çevirməyə nail olduq. Neft bizim əlimizdə müasir dövlət yaratmaq üçün vasitədir. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətə başlaması neft gəlirləri üzərində şəffaflığı təmin etdi. Bu gün bizim valyuta ehtiyatlarımız 40 milyard dolları ötüb. Gələcəkdə bu məbləğ daha da artacaq. Bu isə qeyri-neft sektorunun inkişafına təkan verir. Dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsində neft-qaz amili öz rolunu oynayır. Bu gün bir neçə ölkənin balansında Azərbaycan nefti 25, 30, 35 faiz təşkil edir. Hazırda müxtəlif istiqamətlərə neft-qaz daşıyan 7 kəmərimiz var. Biz bir yoldan asılı deyilik. Əlbəttə, bir mənbədən asılılıq yaxşı deyil. Bizim enerji siyasətimiz açıq və xoşniyyətlidir. Hesab edirik ki, enerji amilindən hansısa siyasi məqsədlər üçün istifadə edilməməlidir. Biz bəzi dövlətlərin çətin anında yardım əli uzatdıq. Hesab edirik ki, Azərbaycan bu sahədə də nümunə ola bilər. Bizim üçün dövlət olaraq ilk növbədə Azərbaycanın milli maraqlarıdır. Enerji təhlükəsizliyi müstəqilliyi təmin edir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilməz. Biz enerji resursların ixracında müstəqilik".
Prezident İlham Əliyev daha sonra deyib ki, bu gün Azərbaycanın müstəqilliyi tam və şərtsizdir: "Bəzi ölkələrin neft və qaz ehtiyatı bizdən çoxdur. Amma iqtisadiyyatı birtərəflidir, neft və qazdan asılıdır".
Azərbaycanın iqtisadiyyatı inkişafı barədə danışan ölkə başçısı deyib ki, son 8 ildə ölkə iqtisadiyyatı və sənaye istehsalı 3 dəfə artıb, yoxsulluq azalıb. Qeyri-neft sektorunda 1 milyon iş yeri açılıb. Son iki ildə 2 böyük qaz yatağı kəşf edilib. İlkin hesablamalara görə bu yataqlarda 600-700 milyard kubmetr qaz ehtiyatı var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: "Qaz sahəsində həlledici məqama gəlmişik. "Şahdəniz-2" layihəsi yaxınlaşır. Azərbaycan uzun müddətli qaz strategiyasına demək olar ki, hazırdır".
Dövlət başçısı deyib ki, bu gün investorlar, hasilatçılar, təchizatçılar arasında anlaşma olarsa, inkişaf olar: "Azərbaycan neft-qaz sektorunda xoşməramlı siyasət yürüdür və əməkdaşlığa həmişə açıqdır".
Devid Kemeron:
"Azərbaycanın enerji
resursu dünya
iqtisadiyyatında
böyük rol oynayacaq"
Baş nazir Devid Kemeron Böyük Britaniya Krallığı hökuməti adından Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisinin açılması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Bu barədə səfirliyin saytında dərc edilən məktubda deyilir. "Krallıq hökuməti adından Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xalqını XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi münasibətilə təbrik etmək istərdim. Azərbaycan regionun ürəyində yerləşir və yaxın illərdə onun enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayacaq".
"Azərbaycan hamının rifahı naminə bu resursların mənimsənilməsində vacib və fəal iştirak edir. "Şahdəniz" qazının Avropaya nəqli üçün Trans-Anadolu boru kəmərinin tikintisinin başlanmasının elan edilməsi ilə birgə ötən ilin sonunda bağlanmış hökumətlərarası saziş dönüş nöqtəsi oldu. Bu da "Cənub qaz dəhlizi" layihəsini reallığa çevirməyə kömək edəcək"- Kemeronun məktubunda belə deyilir.
Məktubda həmçinin qeyd edilir ki, baş nazir Avropaya enerji daşıyıcılarının tədarükünün şəxaləndirilməsinə irəli addımı idafə edir: "Regionun karbohidrogen ehtiyatlarının mənimsənilməsinə imkan vermək də vacibdir".
"Biz şadıq ki, BP Azərbaycanda iri xarici investordur. Builki "Caspian Oil and Gas" sərgisinin bütün iştirakçılarına uğurlu həftə arzulayıram" - baş nazirin məktubunda belə deyilir.
Barak Obama:
"ABŞ və Azərbaycan
energetika sahəsində
əməkdaşlığı
davam etdirəcək"
ABŞ və Azərbaycan energetika sahəsində gələcək əməkdaşlığı davam etdirəcək. Bu barədə ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisinin açılışı ilə bağlı təbrik məktubunda deyilir. Məktubu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub. "Bu il xüsusi əhəmiyyət kəsb edir. Çünki bu il Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi keçirilir. Sizi və Azərbaycan xalqını son dərəcə mühüm illik sərgi və konfransın açılışı münasibətilə təbrik edirəm. Energetika diversifikasiyası və təhlükəsizliyinin təminatı üzrə ümumi məqsəd və vəzifələrilərimizin uğuruna, həmçinin regional sabitliyə yönəldilmiş ABŞ və Azərbaycan arasındakı gələcək əməkdaşlığa ümid edirəm", - ABŞ dövlət başçısının Prezident İlham Əliyevə ünvanladığı məktubda deyilir.
Məktubda bildirilir ki, TANAP qaz tranziti layihəsinin reallaşdırılması üzrə Azərbaycan və Türkiyə arasında razılaşma Azərbaycan qazı üçün Avropa bazarlarına yol açdı, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında bu ölkənin rolunun artması planında Azərbaycan üçün çox əhəmiyyətli presedent yaratdı. "Azərbaycan habelə bu il BMT Təhlükəsizlik Şurasının üzvü oldu və o, dünyada, eləcə də Əfqanıstanda təhlükəsizliyə nail olmaq tədbirlərinə hər cür yardım göstərir".
Məktubda qeyd olunur ki, ABŞ gələcəkdə Azərbaycan hökuməti tərəfdaşlarla birlikdə "Şahdəniz" qazının Avropa bazarlarına çatdırılması yollarını seçdikdə bu yatağın işlənməsinin müsbət inkişaf edəcəyinə inanır. "Biz həmçinin Azərbaycanla Avropanın əlaqələrinin Cənub dəhlizi, iqtisadiyyatın diversifikasiyası üçün energetika resurslarından istifadə vasitəsilə möhkəmləndirilməsi, Azərbaycan tərəfindən tədbirlərin təşkili və öz üzərinə daha böyük miqyaslı öhdəliklər götürməsi ilə əlaqədar artıq ciddi əməkdaşlığımızdan razıyıq", - Prezident Obamanın təbrikində deyilir.
Xəzəryanı regionunun neft-qaz sektorunda ən böyük tədbir sayılan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisi 5-8 iyun tarixlərində Bakı Sərgi Mərkəzində keçirilir.
Sərginin yüksək statusunu Prezident İlham Əliyevin hər il təntənəli açılış mərasimində iştirakı möhkəmləndirir. Hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri təbrik məktubları göndəririlər. Azərbaycanın Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən "Caspian Oil and Gas" sərgisinə ənənəvi dəstək göstərilir. Bu il sərgidə dünyanın 25 ölkəsindən 300-dən artıq şirkətin iştirakı gözlənilir. Sərgidə ənənvi olaraq bir sıra ölkələrin milli stendləri iştirak edir. Xəzər hövzəsində yeni yataqların kəşfi planında son nailiyyətlər sərginin inkişafına əlavə impuls verib ki, bu da 2012-ci il sərgisinin ümumi ekspozisiyasına müsbət təsir edir.
Savalan
Digər Xəbərlər
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34