Klinton Bakıdan razı getdi
11:24 07-06-2012
İQTİSADİYYAT
Klinton Bakıdan razı getdi
ABŞ-la Azərbaycan arasındakı əməkdaşlığın yeni mərhələsi başlayır
Dünən Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfər edib. Klinton Bakıda əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. O, Prezident İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşüb.
Prezidentin mətbuat xidmətinin yaydığı xəbərə görə, ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu deyib. Xanım Klinton Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd edib. Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla söyləyib. O, Azərbaycanın regionda mühüm rolunu vurğuladı. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə ziyafət verilib. Bu əsnada Azərbaycana səfərə gələn ABŞ-ın dövlət katibi Hillari Klinton "XIX Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası" Sərgi-Konfransı ilə tanış olub. H. Klintonu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və digər şəxslər müşayiət ediblər. ABŞ dövlət katibi sərgidə Amerika-Azərbaycan Ticarət Palatasının stendinə baş çəkib.
Qeyd edək ki, Klintonun Azərbaycana səfəri olduqca əhəmiyyətli hadisələrdən biridir. Bu səfər ABŞ-ın Azərbaycana olan münasibətini, nə dərəcədə əhəmiyyət daşıdığını, bütün məsələlərdə birlikdə hərəkət etmək üçün hazır olduqlarını nümayiş etdirib. Eyni zamanda, Amerika ilə olan normal münasibətlərin hansı səviyyədə olduğunu göstərib. Nəzərə almaq lazımdır ki, ABŞ dünyada aparıcı dövlətlərdən biridir. Vaşinqtonun Qafqaz siyasətində isə Azərbaycanın önəmli yer tutması dəqiqdir. Enerji sahəsində yaxından əməkdaşlıq etdiyi Bakının bir başqa önəmi də antiterror koalisiyasında təmsil olunmağıdır. Belə ki, bu gün Azərbaycanın sülhməramlı qüvvələri İraq və Əfqanıstanda ABŞ-a yaxından dəstək verir. Bu münasibətləri çox yüksək qiymətləndirən ABŞ hesab edir ki, rəsmi Bakı ilə bundan sonra da əməkdaşlıq etməyə hazırdır. Bunu Barak Obamanın ötən gün Prezident İlham Əliyevə göndərdiyi məktubdan da görmək mümkündür. Həmin məktubda vurğulanırdı ki, ABŞ-la Azərbaycan arasında bütün sahələrdə əlaqələr daha da dərinləşməli və güclənməlidir.
Klintonun Bakıdan hansı əhval-ruhiyyədə getdiyinə dair aldığımız məlumatlar isə müsbətdir. Rəsmi qaynaqlardan "Uqnikal"a verilən məlumatda vurğulanır ki, ABŞ-ın dövlət katibi Azərbaycanda keçirdiyi görüşlərdən, apardığı müzakirələrdən və əldə etdiyi nəticələrdən olduqca razı qalıb. Mənbənin bildirdiyinə görə, Prezident İlham Əliyevlə görüşü zamanı Hillari Klinton onun üçün maraqlı olan bütün suallara cavab alıb və bu səbəbdən də yekunda təşəkkürünü bildirib. Həmçinin o da bildirilir ki, Klinton Bakıdan gedərkən, Azərbaycan və Amerika arasında münasibətlərdə yeni mərhələnin başladığını vurğulayıb. Və deyib ki, Azərbaycanla əməkdaşlıq məsələləri daha da dərinləşəcək və intensivləşəcək.
Mənbə deyib ki, bu səfərdən sonra iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə yenidən baxılması və daha da dərinləşdirilməsi nəzərdə tutulub. Həmin sahələr enerji siyasəti və daha bir neçə istiqaməti əhatə edir. Məlumatda qeyd olunur ki, ABŞ Azərbaycanın neft-qaz sektoruna daha böyük invesitisiyalar qoymaq üçün hazır olduğunu da açıqlayıb.
Cavid
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40