Dini tolerantlıq vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biri olmaqla yanaşı istənilən cəmiyyətdə stabillik və sabitliyin qarantıdır. Müasir dövrümüzdə bir çox dövlətlər məhz dini tolerantlığın aşağı səviyyədə olmasından qaynaqlanan problemlərdən əziyyət çəkir. Ölkəmizdə isə bu prinsip yüksək səviyyədə təmin edilib, hətta Avropalı ekspertlər belə dəfələrlə Azərbaycandakı dini tolerantlığın digər ölkələrə üçün örnək ola biləcəyini xüsusi vurğulayıblar.
Ölkəmizdə isə dini-milli tolerantlığın zəngin tarixi var və bu həm də xalqımızın illərdir ki, yaşatdığı mənəvi sərvətdir. XX əsrin sonuna əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdi. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.
Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Hələ Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.
Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.
Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Amma Azərbaycan bu sınaqdan da üzüağ çıxmağı bacardı.
Bildirək ki, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir.
Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Sənəddə deyilir: "Xeyrin şər üzərində qələbə çalmasını və azadlıq ideyalarını təcəssüm edən bu bayram hər il dünyanın bütün xristianları tərəfindən böyük təntənə ilə qeyd olunur. Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Bu sənəddə qeyd edilmişdir ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün "milli azlıqları ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır".
Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir. Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökümət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır.
İstənilən cəmiyyətdə din- dövlət münasibətləri hər zaman diqqət mərkəzindədir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan əhalisinin 96 faizi islam dininə əməl edir. Ölkəmizdə ənənəvi olaraq islami adət-ənənələr formalaşıb, xalqımızın mentalına tam şəkildə hopmuş qaydalar mövcuddur. Eyni zamanda dövlət- din münasibətləri qanunvericiliklə tənzimlənir.
"Dini etiqat azadlığı haqqında qanuna" görə cəmiyyətimizdə fərdlərlə dövlət, dini icmalarla dövlət arasında münasibətləri tam şəkildə nizamlanır. Azərbaycanda dini komitənin yaradılmasında başlıca məqsəd dövlət- din münasibətlərini, o cümlədən də dini icmaların fəaliyyəti ilə əlaqədar məsələlərin nizamlanmasıdır. Bütövlükdə din dövlətdən ayrıdır, dövlət dinin işlərinə qarışmır. Lakin dindar dövlətdən ayrı deyil, hər bir dini ayinləri icra edən şəxs dövlətlə təmasda olmaq zorundadır. Bu kimi məsələləri nizamlamaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin bütün sahələrində olduğu kimi din sahəsində də xeyli dəyişikliklər baş verib, dövlət- din məsələləri normal məcrada inkişaf edir. Əgər sovet kommunist totolitar rejimində dinə qarşı basqılar müşahidə edirdiksə, müstəqillik əldə etdikdən sonra bu basqılar demək olar ki, aradan qalxıb. Xüsusilə də, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul edilib, konstitusiyamızda bu məsələlər öz əksini tapıb. Bu gün də istənilən dini konfensiyanın azad şəkildə fəaliyyətinə tam şərait vardır. Faktdır ki, ölkəmiz dini konfensiyalararası münasibətlərin normal olması və tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Əslində tolerantlıq xalqımızın xarakterində, yaddaşında olan bir məsələdir. Tolerantlığın təminatı üçün hökümət tərəfindən müəyyən addımlar atılıb. Bu gün Bakıda və ətraf rayonlarda dini münasibətlərlə əlaqədar təhlil aparsaq şahidi olarıq ki, istər müsəlman, istər xristian, istərsə də yahudi icmasının bütün nümayəndələri paralel şəkildə yaşayırlar. Xaricdən gələn qonaqlar belə hər zaman qeyd edirlər ki, Azərbaycan müxtəlif dinə mənsub insanların birgə yaşayışı baxımından ən əlverişli ölkələrdən biridir. Son illərdə xüsusilə məscidlərin, kilsələrin, sinaqoqların tikintisinə dövlət tərəfindən dəstək verilir. Onlar arasında heç bir fərq qoymadan hər il dini icmalara yardımlar ayrılır ki, bu da onların hər hansı bir proqramlarını həyata keçirməyə yardım edir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir. Ölkəmizə digər ölkələrdən müəyyən xırda cərəyanları tədbiq etmək iddiasında olanlar olsa da, onların cəhdləri baş tutmayacaq. Çünki bu cür cərəyanların Azərbaycanda kök atmasına, inkişaf etməsinə şərait yoxdur. Bunu xalqımız istəmir, dəstəkləmir, inkar edir.
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır". Konstitusiyada qeyd olunduğu kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara malikdir. Bu baxımdan ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapır.
Müstəqillik əldə edildikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Hökumət dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. "Dini etiqad azadlığı haqqında" Qanunun qəbul edilməsindən keçən 21 il ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirmiş və müasir prinsiplərə uyğun şəkildə formalaşdırmışdır.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16