Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra siyasi qüvvələr hələ yekun nəticələrin tam rəsmiləşdirilməsini gözləsələr də, hakimiyyət artıq növbəti mərhələnin – yeni parlamentin və hökumətin formalaşdırılmasının hazırlıqlarına başlayıb.
Bu isə onu göstərir ki, Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası hakimiyyətini uzunmüddətli siyasi strategiyaya çevirmək niyyətindədir.
Məlumata görə, parlamentin 8-ci çağırışının səlahiyyətlərinin son günü 2 avqusta təyin edilib və həmin gün konstitusiya tələbinə uyğun olaraq yeni parlamentin ilk iclası çağırılacaq. Parlamentin ilk iclaslarında spiker və vitse-spikerlərin seçilməsi, komitələrin formalaşdırılması və daha sonra baş nazirin təsdiqlənməsi prosesi həyata keçiriləcək. Ardınca Paşinyan yeni hökumət kabinetini təqdim edəcək və ölkənin növbəti illər üçün siyasi kursunu müəyyənləşdirəcək.
Lakin əsas sual Ermənistan daxilindəki texniki hakimiyyət bölgüsü deyil. Əsas məsələ Paşinyanın növbəti dövrdə hansı geosiyasi xətti seçəcəyi və bu xəttin region üçün hansı nəticələr doğuracağıdır.
Son illər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik təsadüfi proses deyil. 2020-ci il müharibəsindən sonra İrəvanda formalaşan qənaət ondan ibarətdir ki, Rusiya Ermənistanın təhlükəsizlik gözləntilərini tam təmin edə bilməyib.
Paşinyan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini açıq şəkildə tənqid edib, təşkilatın tədbirlərində iştirakını minimuma endirib və Qərblə siyasi dialoqu genişləndirib. Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin sürətlə inkişaf etməsi də məhz bu kursun tərkib hissəsidir.

Moskva da bu fonda İrəvanın KTMT-yə üzvlük haqqını iki ildir ödəmədiyini əsas gətirərək onun birlikdən xaric olunmasını istisna etmir.
Bununla belə, Ermənistanın Rusiyadan tam şəkildə qopması yaxın perspektivdə real görünmür. Ermənistan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiya bazarından asılıdır. Enerji sektoru, bank sistemi, əmək miqrasiyası və ticarət əlaqələri Moskva ilə münasibətlərin tam şəkildə kəsilməsini çətinləşdirir.
Bu səbəbdən Paşinyan hökumətinin siyasəti daha çox "strateji uzaqlaşma", lakin "tam ayrılmama" modeli üzərində qurulacaq.
Paşinyanın Avropa İttifaqına yönəlməsi isə artıq taktiki deyil, strateji xarakter almağa başlayıb. Son illərdə Ermənistan Avropa institutları ilə əməkdaşlığı genişləndirib, hüquqi və siyasi islahatlar paketlərini gündəmə gətirib.
Lakin burada da ciddi məhdudiyyətlər mövcuddur: Ermənistanın Avropa İttifaqına üzvlüyü yaxın illərdə real gündəm deyil. Daha çox müşahidə edilən tendensiya siyasi yaxınlaşma, maliyyə dəstəyi və təhlükəsizlik əməkdaşlığının artırılmasıdır.
Paşinyan Qərbə inteqrasiya vasitəsilə həm daxili legitimliyini gücləndirməyə, həm də Rusiyadan asılılığı azaltmağa çalışır. Bununla yanaşı, o, Moskvanın sərt reaksiyasını doğurmamaq üçün müəyyən balans elementlərini qorumağa məcburdur.
Ermənistanın qarşısında duran ən vacib məsələlərdən biri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır.
Müharibədən sonrakı reallıq göstərdi ki, Ermənistan əvvəlki status-kvonu bərpa etmək imkanına malik deyil. Qarabağ məsələsi Ermənistanın siyasi gündəmindən faktiki olaraq çıxıb və İrəvan artıq beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.

Paşinyan üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması sadəcə xarici siyasət deyil, həm də daxili siyasi sabitlik məsələsidir. Sülh sazişi Ermənistanın iqtisadi blokadadan çıxmasına, regional kommunikasiyaların açılmasına və investisiya imkanlarının genişlənməsinə şərait yarada bilər.
Bununla yanaşı, Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu və diaspor təşkilatlarının təzyiqləri Paşinyanın manevr imkanlarını məhdudlaşdırır.
Sülh prosesinin ən mühüm elementlərindən biri Ermənistan Konstitusiyasında dəyişikliklərin həyata keçirilməsidir. Mövcud əsas qanunda Azərbaycana qarşı ərazi iddialarına istinad kimi qiymətləndirilən müddəalar qalmaqdadır. Bakı məhz buna görə konstitusiya islahatlarını sülh müqaviləsinin vacib şərtlərindən biri hesab edir.
Paşinyan artıq bir neçə dəfə yeni konstitusiyanın hazırlanmasının vacibliyindən danışıb. Bu isə göstərir ki, Ermənistan rəhbərliyi daxili müqavimətə baxmayaraq, bu istiqamətdə addımlar atmağa hazırlaşır.
Lakin referendum yolu ilə həyata keçiriləcək mümkün dəyişikliklər Paşinyan üçün həm siyasi risk, həm də ciddi legitimlik sınağı olacaq.
Bakıda və bir sıra Avropa paytaxtlarında Paşinyan hazırda praqmatik və sülhyönlü siyasətçi kimi qəbul edilir. Lakin onun siyasi bioqrafiyası bu imicin tam və dəyişməz olmadığını göstərir.
Bir zamanlar "Qarabağ Ermənistandır və nöqtə" bəyanatını verən, Şuşada nümayişkaranə tədbirlərdə iştirak edən eyni siyasətçi sonradan tam fərqli mövqedən çıxış etməyə başladı.
Bu dəyişiklik ideoloji transformasiyadan daha çox geosiyasi reallıqların diktəsi kimi görünür. 2020-ci il müharibəsi və sonrakı hadisələr Ermənistanın imkanlarını ciddi şəkildə məhdudlaşdırdı və İrəvanı yeni siyasətə məcbur etdi.
Məhz buna görə Azərbaycan üçün əsas məsələ Paşinyanın bəyanatları deyil, yaratdığı institusional dəyişikliklərdir. Ermənistanın konstitusiyasının dəyişdirilməsi, sülh müqaviləsinin imzalanması və revanşist siyasətin hüquqi əsaslarının aradan qaldırılması konkret göstəricilər hesab olunur.
Lakin görünən odur ki, bir zamanlar Ermənistan xəritəsini əlində gəzdirərək xalqa tanıdan Baş nazir, indi yenidən seçildikdən sonra həmin xəritəyə Başkəndi də əlavə edib. Sələfləri kimi gücləndikcə iç üzü ortaya çıxan erməni lider, görünür, o qədər də sülhsevər deyil. Lakin əminliklə deyə bilərik ki, o, dəmir yumruğu da unutmayıb və unutmayacaq...

Ümumilikdə isə Paşinyanın yenidən hakimiyyətə gəlməsi Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik yaratmayacaq. Əksinə, son illərdə formalaşmış xətt daha sistemli şəkildə davam etdiriləcək. Bu xətt Rusiyadan mərhələli uzaqlaşmanı, Avropa ilə yaxınlaşmanı və Azərbaycanla münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.
Lakin Ermənistanın tarixində xarici siyasi orientasiyaların dəyişməsi yeni hadisə deyil. Müxtəlif dövrlərdə İrəvan beynəlxalq mühitin dəyişməsindən istifadə edərək kursunu korrektə etməyə çalışıb. Bu baxımdan Paşinyanın hazırkı siyasətini yalnız şəxsi baxışlarla izah etmək düzgün olmaz.
Azərbaycan üçün əsas vəzifə Ermənistan rəhbərliyinin bəyanatlarına deyil, atdığı real addımlara diqqət yetirməkdir. Çünki regionda davamlı sülhün təminatçısı liderlərin dəyişən mövqeləri deyil, dövlətlərin üzərinə götürdüyü hüquqi və siyasi öhdəliklərdir.
Ağarza Elçinoğlu





























.jpg)










.jpg)









