Bu gün dünyada baş verən ictimai-siyasi proseslər bir çox dövlətlərin dövlətçiliyinə, vətəndaş cəmiyyətlərinə ağır zərbə vurmaqdadır.
Elə götürək Yaxın Şərq ölkələrini. Baş verən bahar inqilabları Yaxın Şərqi, faktiki iflic hala saldı və bu bölgədəki dövlətlər dövlətçilik ənənələrini itirdilər. Vətəndaş cəmiyyətləri ilə hakimiyyətlər arasında yaratdıqları qarşıdurmalar sonunda bu ölkələrdə həyata keçirilən hüquqi dövlət quruculuğuna ağır zərbə oldu. Bu proseslərin məntiqi davamı olaraq Ukraynada ağır anlar yaşamağa başladı. Öncəliklə Ukraynada vətəndaş cəmiyyəti ikiyə parçalandı. Daha sonra isə bu parçalanmanın nəticəsi olaraq Ukraynanın bir hissəsi işğal edildi. İndinin özündə isə Ukraynada faktiki olaraq hüquqi dövlət quruculuğu tormuzlanıb və dövlətçiliyi təhlükə altındadır. Çox təəssüflər ki, Ukraynadan sonra Azərbaycana da əllər uzadıldı. Azərbaycanda vətəndaş cəmiyyətinin parçalanması üçün milyonlarla dollar pullar səpələndi. Amma buna nail ola bilmədilər. Bundan sonra dövlətçiliyimizə təhdid dolu çağırışlar oldu və bunun da qarşısını aldıq. İndi isə belə rəy yaradılır ki, Azərbaycanda gərginlik yaratmaq üçün ölkəmiz iqtisadi sınaqlarla üz-üzə qalacaq. Söhbət neftin qiymətinin aşağı salınmasından gedir. Həqiqətən də bu gün dünya bazarında neftin qiyməti kəskin şəkildə düşür və hələ ki, bunun qarşısını almaq asan görünmür. Bəs belə olan halda nələr etmək olar?
Gəlin öncəliklə iqtisadçı Fikrət Yusifovun "Unikal"a təqdim etdiyi qısa arayışa diqqət ayıraq. Arayışda deyilir: "Əslində ABŞ neftin qiymətini bir neçə gün ərzində 20 dollardan da aşağı sala bilər. Bunun üçün yetər ki, o yenə də öz müttəfiqi Səudiyyə Ərəbistanından hasilatı bir qədər də artırmağı "xahiş etsin", ya da prezident Obama ABŞ-dan neft ixracına qadağanı götürsün. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, həqiqət hər kəsə tam şəkildə aydın olsun: Neftin qiymətlərinin bu şəkildə aşağı düşməsinin səbəbi bu gün bazarın tələbatından artıq olan bir milyon barrel hasilatdır. Bazarın tələbatından bu qədər artıq olan neftin gündəlik hasilatının yuxarıda göstərdiyimiz hər hansı bir yolla əlavə olaraq 0,5- 1,0 milyon barel artırılması isə onun qiymətlərini ABŞ-ın nəzərdə tutduğu həddə qədər endirəcəkdir. İran neftinə Qərbin yaşıl işıq yandırması da elə bu məqsədi reallaşdırmağa hesablanıb.
Göründüyü kimi, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bəli, bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin bunu heç kim faciəyə çevirməsin. Bu gün əsl faciəni yaşayanlar ərəblərdir. Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükür etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik? Dəfələrlə demişik, bir daha təkrar edirik: Neftin qiymətlərinin aşağı düşməsi faktını əlində "bayraq" edib, "sosial gərginlik artacaq", "əmək haqlarında və pensiya ödənişlərində gecikmələr baş verəcək" və s. kimi çağırışlarla insanları çaşdıranlar zəhmət çəkib Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturuna bir də baxsınlar. Büdcənin mədaxili neft gəlirləri nəzərə alınmasa belə sosial xərcləri artıqlaması ilə maliyyələşdirməyə yetirsə, bu hay-küy kimə lazımdır? Və nəhayət, bu gün dünyada gedən çirkin siyasi oyunlar şəraitində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi sabitliyi vətəndaş olan hər kəs dəyərləndirməyə borcludur".
Bu məsələnin sözsüz ki, bir tərəfidir. Amma ikinci tərəfi Azərbaycanın daha çevik siyasət yürütməsi və vətəndaş cəmiyyətinin bütövlüyünü təmin etməkdir. Bu məqsədlə prezident İlham Əliyev açıqlama verərək demişdi ki, Azərbaycan daxili sabitliyi qoruyub saxlamalı, vətəndaş aktivliyini təmin etməli və bununla paralel olaraq qeyri-neft sektorunun inkişafına nail olmalıdır. Bunun üçün isə bir tərəfdən ölkə daxilində iqtisadi islahatlar həyata keçirilməlidir, digər tərəfdən isə Azərbaycan üçün yeni bazarlara ehtiyac var. Məhz bu məqamda prezident İlham Əliyevin dünya nəhənglərindən olan Çinlə təmas yaratması dünya mediasının gözündən yayınmadı. Belə ki, prezident Çinə getdi və bu ölkə ilə əməkdaşlığın yollarını açıq şəkildə göstərdi. Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensialı var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək: "Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm. Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.
Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk".
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırdı.
Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin olduğunu, bunun da ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə kömək etdiyini vurğuladı.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlətimizin başçısı Sian şəhərinə səfərini xatırladı, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirdi, ölkəmizin də "Vahid Çin" prinsipinə dəstək verdiyini dedi.
İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini dedi. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırdı.
Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.
Ekspertlər hesab edir ki, prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın inkişaf proqramında yeni səhifə kimi qiymətləndirilə bilər və bunun nəticələrini görəcəyik.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01