Bakıda mənzil fırıldağının qurbanı olan minlərlə insan var.
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onlarla tikinti şirkətlərinin vəzifəli şəxslərinin əməlləri ilə bağlı cinayət işi açılıb.
Unikal.org musavat-a istinadən bildirir ki, bu şəxslər eyni mənzilləri bir neçə nəfərə satmaqda, müştərilərdən külli miqdarda ödənişlər aldıqları halda tikinti işlərini vəd edilən müddətdə başa vurmamaqda, aldıqları pulları mənimsəməkdə günahlandırılaraq məsuliyyətə cəlb olunublar. Zərərçəkənlərin bir qismi çoxsaylı şikayətlər, hüquq-mühafizə orqanlarına edilən müraciətlərdən sonra problemlərinin həllinə nail ola biliblər.
Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, hələ də minlərlə insan bu cür fırıldaqçıların qurbanı olaraq qalır. Bu insanlardan 600 nəfərə yaxını "Birlik inşaat" MMC-nin rəhbərliyi tərəfindən aldadılanlardır.
"Birlik-İnşaat" MMC-yə məxsus Xətai rayonunda yeni inşa edilən binalardan 2009-cu ildən etibarən mənzil alan yüzlərlə şəxsə 2 il sonra məlum olub ki, aldıqları mənzillər onlardan başqa 2, 3 və hətta 6 nəfərə belə satılıb. Çoxsaylı şikayətlərin nəticəsi olaraq şirkətin təsisçisi və sədri Tağıyev Elman Həsənqulu oğlu 2011-ci ilin oktyabrında Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Lakin bu da yüzlərlə sakinin problemini həll etməyib. 7 il əvvəl mənzil almaq üçün E.Tağıyevə pul ödəyən vətəndaşlar bu gün də çıxılmaz vəziyyətdədirlər. E.Tağıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ildə başa çatan məhkəmənin qərarına əsasən, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, indi onun harada olduğu məlum deyil. Dəqiq olan onun həbsdə olmamasıdır. 2015-ci ilin iyun ayından isə axtarışa verilib.
5 qardaşın tikinti şirkətləri...
Qeyd edək ki, E.Tağıyev yalnız "Birlik-inşaat"ın deyil, "Hayan E" MMC, "Xəmsə" MMC kimi tikinti şirkətlərinin də rəhəbəridir. E.Tağıyevin digər 4 qardaşı- Adil, Rafiq, Aqil Tağıyevlər və Məhərrəm Məhərrəmov da tikinti sektorunda yer alırlar. Onların biznesinin bir hissəsi şəriklidir.
E.Tağıyevin şirkətindən narazı olanlardan Cəmaləddin Babayev musavat.com-a açıqlamasında deyir ki, E.Tağıyevin həbsindən sonra onun qardaşları tikintini davam etdirəcəklərini vəd ediblər. Bununla da narazı vətəndaşlara bir müddət də gözləməyi məsləhət ediblər:
"2009-cu ildə ev almışıq. 238 min dollar ödəmişəm. 2011-ci ilin senytabrında bilmişik ki, mənzillər bir neçə nəfərə satılıb. Elman Tağıyev həbs olunandan sonra qardaşı Məhərrəm Məhərrəmov Xırdalanda özlərinə məxsus "Hasil" MMC tərəfindən bina tikiləcəyini və 2 ilə təhvil veriləcəyini dedi. O, bu sözü Baş Prokurorluqda demişdi. Ancaq hələ də heç bir nəticə yoxdur.
2011-ci ildən məhkəmələrdə sürünürük. 2014-cü ildə Bakı Ağır Cinayətlər məhkəməsində Elman Tağıyevə 14 il 6 ay həbs cəzası verildi. Ancaq hələ də azadlıqdadır. Kərimov Novruzun sədrliyi ilə keçirilən məhkəmə proseslərində Elman öz etdiklərini etiraf edirdi. Ancaq proses heç bir səbəb olmadan uzadılırdı. Sonra qardaşı öhdəlik götürəndən sonra Elman ev dustaqlığına buraxıldı".
Elman Tağıyev məhkəmə zalından necə qaçıb...
Zərərçəkən kimi tanınan Cəmaləddin Babayevin sözlərinə görə, E.Tağıyev məhkəməyə ifadəsində törətdiyi əməli etiraf edərkən baş verənləri belə izah edib: "İşdir, olub. Hesablamalar düzgün aparılmadı. Başqa tikintilər də var idi. Deyirdik ki, alınmasa, digərlərinə yerləşdirərərik. Ancaq iş belə alındı".
C.Babayev deyir ki, aldadılanların bəziləri "Hayan" MMC-də və bu qardaşlara məxsus Yasamlada inşa edilən binalarda yerləşdirilib. Ancaq "Hasil" MMC-də mənzillə təmin olunmalı olan 279 sakinə bu günə qədər mənzilləri təhvil verilməyib:
"5 ildir zülm çəkirik. Kimə şikayət edəcəyimizi bilmirik. Döymədiyimiz qapı qalmayıb. Baş Prokurorluğa gedirik. İndi də Elmanın digər qardaşı Adil işi öz öhdəliyinə götürüb. Elmanın harada olduğunu bilmirik. Onun ölkədən çıxışına qadağa qoyulub. Ancaq guya ki, tapılmır. Məhkəmə proseslərinin hamısında iştirak etmişik. Elman ev dustaqlığına buraxılsa da, təqsirləndirilən şəxs kimi məhkəməyə gəlirdi. Ona 14 il 6 ay hökm oxunanda məhkəmə zalından necə qaçdı, bilmədik. Arxa qapıdan qaçdığını görənlər olub".
"Aldığımız ev 6 nəfərə satılmışdı"
Mənzil fırıldağının qurbanlarından biri də İlqar Məlikov deyir ki, qardaşı üçün aldıqları ev 6 nəfərə satılıb. Onların həmin mənzili alan ikinci müştəri olublar:
"Biz "Həzi Aslanov" metrostansiyasının yaxınlığında 2009-cu ildə "Xəmsə" MMC tərəfindən tikdirdiyi binadan ev almışdıq. 21 min 200 manat nağd ödəniş etmişik. 2011-ci ildə məlum oldu ki, ev 6 nəfərə satılıb. İkinci alıcı isə biz idik. Həmin binada olan 120 mənzil 543 nəfərə satılıb. Biz də "Birlik inşaat"dan ev alanlar kimi aldadılmışıq. Ancaq biz də eyni vaxtda məhkəməyə müraciət edəndə dedilər ki, "Xəmsə"nin işinə ayrıca baxacaqlar.
Elmanın qardaşları iş ağırlaşmasın deyə bizə vəd verdilər ki, Xırdalanda tikilən binada hər kəsə ev veriləcək. Həmin binanı 2011-ci ildən tikməyə başlayıblar, iki mərtəbə tikildi. 2 il ərzində təhvil verəcəklərini demişdilər.
Bu şirkətlərə Əfqan Zeynalov direktor təyin edildi. Onu dələduzluğa görə həbs etdilər. Sonra Nazim Ağayev direktor oldu. Onu da dələduzluğa görə tutdular. Bir neçə ay sonra hər ikisi azadlığa çıxdı. Apelyasiya məhkəməsində hakim bizə deyir ki, Elmanı tapa bilmirik. İnsanlar bu qədər əziyyət çəkir. Ancaq bir kömək edən yoxdur. Mənim atam II qrup əlildir. Əziyyət çəkib, pul qazanıb. Oğluna ev almaq istəyirdi. İndi başına gələn oyuna baxın".
Zərərçəkənlər deyir ki, dəfələrlə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində qəbulda olublar. E.Tağıyevin qardaşları hər dəfə problemi həll edəcəkləri ilə bağlı sakinlərə vəd verir.