"Səmimi olaraq deyə bilərəm ki, bu səfər məndə çox böyük təəssürat oyadıb. Bakı qədim tarixi və müasirliyi özündə ehtiva edən bir şəhərdir. Şəhərin böyüklüyü Azərbaycan xalqının nə dərəcədə qüdrətli və böyük xalq olduğunu nümayiş etdirir. Mən dünən gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim, köhnə şəhərdə - İçərişəhərdə ekskursiyada oldum".
Unikal.org xəbər verir ki, bunu bu gün Bakıda İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko bildirib.
Bu gün burada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlamaya bilmərəm. Çünki müasir Azərbaycanın banisi məhz bu şəxs olmuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün bu dərəcədə çiçəklənən müasir ölkəyə çevrilmişdir. O ölkəyə ki, onunla beynəlxalq müstəvidə hər kəs hesablaşır.
Prezident Petro Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Beşinci İclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Ukrayna Prezidenti iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə də toxunaraq dedi:
- Düşünürəm ki, ən perspektivli layihələrdən biri, - cənab Prezident də onu qeyd etdi, - Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaqdır.
Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir.
Ukrayna dövlətinin başçısı iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd etdi:
- BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olmuşdur və orada da Ukrayna daim müdafiə edilmişdir. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.
Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur.
Prezidentlər Şurasının Beşinci İclasının nəticələrini bir daha yüksək qiymətləndirirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu çox səmimi atmosferin yaradılmasına və yüksək səviyyədə danışıqların aparılmasına görə təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizi növbəti iclasımızı ən yaxın gələcəkdə - ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində keçirmək üçün Ukraynaya dəvət edirəm. Təşəkkür edirəm.