Sosial şəbəkələrdə "Dərin Dövlət" oyunu
13:16 08-06-2012
CƏMİYYƏT
Sosial şəbəkələrdə "Dərin Dövlət" oyunu
Bir qrup şəxs 2013-cü ilin prezident seçkilərinə bu ad altında hazırlaşdığını bəyan edir
"Kurtlar Vadisi" filmi yayımlandıqdan sonra həm mətbuat, həm siyasətçilər, həm də sıravi insanlar bir sıra yeni ifadələrdən geniş istifadə etməyə başladı. "Qələmini qırdılar", "Dərin dövlət" kimi sözlər isə vaxtaşırı istifadə olunan ifadələrdəndir. Həmin filmdən alınma bu sözləri siyasət aləminə də tətbiq etmək istəyənlər son günlər çoxalıb. Ən əsası isə bəzi qruplar bu şəkildə təşkilatlanaraq, özlərinin önəmli bir varlıq olduqlarını nümayiş etdirməyə çalışırlar.
Son bir həftə ərzində sosial şəbəkələrdə peyda olmuş "Dərin Dövlət" "adamları" özlərini gizli saxlayır, həddindən artıq qapalı olduqlarını göstərir, ideya və fikirlərini yaymaqla məşğuldurlar. Kim tərəfindən yaradıldığı barədə də heç bir məlumat yoxdur. Bilinən sadəcə, odur ki, "Dərin Dövlət"in üzvlərinin sayı 5-6 nəfərdir və əsas hədəfləri də Azərbaycan dövlətini qorumaqdır.
Bu qrupun yaranması tarixi olaraq 28 may 1937-ci il göstərilir. Hərçənd bu tarixin niyə seçilməsi bizim üçün aydın deyil. Bu tarix sadəcə repressiya illərindən xəbər verir. O da iddia olunur ki, ilk dəfə "Dərin Dövləti" Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradıblar. Məqsəd isə Azərbaycanın müstəqil dövlət olması və onun yaşaması üçün mübarizə aparmaqdır.
"Dərin Dövlət"çilər özlərini nə iqtidara, nə də müxalifətə yaxın bilirlər. Onlar bütün statuslarında əsasən kimsəyə xidmət etmədiklərini deyirlər. "Biz Türkçülük, Turançılıq, Bütövçülük, Bozqurdçuluq, Dövlətçilik uğrunda savaş aparırıq. Dərin Dövlət müxalifət daxilində Millətçilik, Türkçülük, Turançılıq və Bozqurdçuluq uğrunda mübarizə aparan müxalifətçiləri dəstəkləyir".
Bu qrupun yaydığı xəbərləri təhlil edərkən isə bəzi ip ucları əldə etmək elə də çətin olmur. Çünki "Dərin Dövlət"çilərin istifadə etdiyi əsas ideya xətti mərhum Rövşən Cavadovla bağlıdır. Davamlı olaraq OMON-çun keçmiş komandirini təbliğ edən, onu Milli Qəhrəman olaraq təqdim edən sözügedən qrupun nümayəndələri, həmçinin Rövşən Cavadovun davamçısı kimi hazırda mühacirətdə yaşayan qardaşı Mahir Cavadovu işarə verirlər. Bəzi hallarda isə Mahir Cavadovu "Azərbaycanın xilaskarı" kimi təqdim etməyə çalışırlar.
Bu şəbəkənin nümayəndələri bəyan edirlər ki, onlar gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəklər. Özlərinin namizədləri olacaq. Həmin namizədin adını isə seçkilərə 6 ay qalmış açıqlayacaqlar.
Böyük ehtimalla bu bir neçə gəncin beyninin məhsuludur. Onların vətənpərvər, millətçi olduqlaranı da qəti şübhə etmirik. Amma "dərin dövlət" kimi film ifadələrinin reallığa çevrilməsi üçün bu cür addımların atılması bir qədər qeyri-ciddi görünür.
"Dərin Dövlət" anlayışı ümumiyyətlə, dövləti gizli şəkildə idarə edənlərin klubu kimi başa düşülür. Türkiyədə belə bir təşkilatın olduğu iddiası var və onun tarixinin Osmanlı İmperiyasının yaranma illərinə qədər uzandığı deyilir. "Kurtlar Vadisi" filmində yerin altına çəkilmiş həmin qüvvələrin "Qırmızı Kitab"da yazılanlara əsasən hərəkət etdiyi görüntüsü yer alıb. Amma bütün bunların xəyaldan və arzudan başqa bir şey olmadığı şübhəsizdir. Türkiyə rəsmiləri də qeyd edirlər ki, filmdə yer verilmiş səhnələr sadəcə, xəyalın məhsuludur. Təbii ki, bunu ciddiyyə alıb, filmdə olduğu kimi görsənmək istəyənlər də az deyil. Və bu məsələdə gənclərin xüsusi ilə fəal olması da başadüşüləndir. Ancaq belə xəyal oyunları ilə özlərini yormasınlar. Daha səmərəli işlərlə məşğul olub, cəmiyyətə faydalı olsunlar.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00