Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti artdı. Artıq bu gündən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu sahədə qiymət artımı isə bir sıra məhsul və xidmətlərin bahalaşmasına əsas verə bilər.
İnsanları ən çox narahat edən isə ictimai nəqliyyatda ola biləcək bahalaşmadır. Məsələn, metro, dəmiryolu və sairə. Anspress elektrik enerjisindən daha çox istifadə edən Bakı Metropoliteni QSC, "Azərbaycan Dəmir Yolları" QSC-nin bundan sonra qiymətlə bağlı atacağı addımları öyrənib.
Unikal.org bildirir ki, metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, işıqpulu artımı bu gündən qüvvəyə mindiyindən, hələ ki, bununla bağlı qurum heç bir addım atmaq fikrində deyil. Onun sözlərinə görə, qiymətləri Tarif Şurası tənzimləyir. "Əgər lazım olarsa, qiymətlərlə bağlı Tarif Şurasına müraciət olunacaq".
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov da məsələnin yeni olduğunu, hələlik bununla bağlı rəhbərliyin heç bir fikri olmadığını vurğulayıb.
İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, hazırda Tarif Şurasının gündəliyində hər hansı bir sahə üzrə tarif dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.
Onun sözlərinə görə, tarif tənzimlənməsi özü çevik bir prosesdir. "Tarif Şurasına daxil olan müraciətlər, şuranın kollegiyaları tərəfindən araşdırılır, ondan sonra Tarif Şurasının gündəliyinə çıxarılır. Amma hazırda şuranın gündəliyində bu və ya digər məsələlər müzakirə olunmur".
Ötən gündən Tarif Şurası "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin müraciətlərini nəzərə alaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik (əvvəl 6 qəpik) müəyyən edilib.
Yeni tariflər bu gündən qüvvəyə minib.