Bu gecə Türkiyədə yaşananlardan sonra ən çox müzakirə mövzusuna çevrilən məsələ xalqın əsgərlərlə davranışıdır. Hadisələrdən sonra yayılan fotolarda türk əsgərinin alçaldılması, başının kəsilməsi, döyülərək körpüdən atmaq istənilməsi "mehmetçiklərin qürurunun sındırılması kimi qələmə verilir.
Bəs türk ordusuna, türk əsgərinə olan güclü inamı sarsıtmaq çevriliş planının tərkib hissəsi ola bilərdimi?
Unikal.org bildirir ki, məsələ ilə bağlı AzNews.az-a danışan ehtiyatda olan zabit, hərbi ekspert Üzeyir Cəfərov əsgərin əmrə əsasən hərəkət etdiyini vurğulayıb: "Ordu idarə olunan bir qurumdur. Əmrə hər zaman müntəzir olan Türkiyə əsgəri və ya zabitlik bu dəfə də əmrə əsasən hərəkət etdi. Ordu əmri yerinə yetirməyə bilməz. Sadəcə komandanlıqda olan bəzi şəxslərin münasibətləri və hərəkəti araşdırılmalı və ona müvafiq qiymət verilməlidir.
Ekspert hesab edir ki, əsgərlərə qarşı qəddar davranan insanlar emosialara qapıldığından bu hərəkətlərə yol verib: "Səhərə kimi baş verənləri canlı izlədim. Hər şey var idi - emosialarına qapılan insanlar, tankın üzərinə dəmirlə vuranlar və s... Bunlar da təbiidir, orada elə bir vəziyyətdir ki, hər şey nəzarətdən çıxa bilərdi. Yaxınını itirən adam özünə nəzarəti itirirdi və emosiyalara qapılırdı.
Ü. Cəfərov baş verənlərin türk ordusuna və əsgərinə inamı zəiflədə biləcəyi ehtimallarından da danışıb: "Bu, Türkiyə tarixində ilk hadisə deyil. Türkiyənin ən güvəndiyi yeri həmişə ordu olub. Sadəcə bəzi siyasətçilərin, bəzi hərbçilərin qərarları cəmiyyətdə gərginlik yaradıb. İnanıram ki, yaxın saatlarda da həmin gərginliklər arxada qalacaq. Türk əsgərinə qarşı sevgi və ya istəyin azalması müzakirə mövzusu ola bilməz. Guya əsgər kimdir ki? Onlar da Tükiyə vətəndaşları olan doğmalarımız və qardaşlarımızdır, onların balalarıdır. Əsgərə əmr verilir, o, əmri yerinə yetirməsə bir cəzası olacaq, yetirsə başqa bir cəzası... Hesab edirəm ki, həbs olunanlardan xeylisi azad olunacaq. Saxlanılanlar arasında generallar da var, polkovniklər də. Yəqin ki, hər bir şəxsə etdiyi hərəkətə uyğun olaraq individual yanaşma olacaq. Əlbəttə ki, xoşagəlməz mənzərədir.