Masallıda evdən oğurluq edilib. Hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Unikal.org Region TV-yə istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında kənd sakini, 38 yaşlı Seyfəli Baxşəliyevə məxsus evi qarət ediblər.

Evin birinci mərtəbəsinin pəncərəsindən mənzilə soxulan naməlum şəxslər oradan 3000 manat dəyərində qızıl-zinət əşyaları, 500 ABŞ dolları və 150 manat pul götürüblər.

Ev sahibinin sözlərinə görə, oğurluq baş verən vaxt ailə yaxın qohumlarının evində qonaqlıqda olub və hadisə barədə yalnız növbəti gün xəbər tutub.

Evi qarət edən şəxslərin görüntüləri qonşuluqdakı evdə quraşdırılmış müşahidə kameralarına düşüb.

Oğurluq barədə polis şöbəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerinə gələrək, istintaq üçün zəruri olan əl izlərini götürüblər.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Oğurluq hadisəsini törətmiş şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.