Ağ Ev son vaxtlar ABŞ-a qarşı intensivləşən haker hücumları ilə bağlı bəyanat yayıb.
Unikal.org-un "Reutersə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, ölkənin enerji və nəqliyyat sistemlərinə qarşı haker hücumlarına sanksiyalarla cavab veriləcək. Ən ciddi kibertəhlükə mənbəyi kimi Rusiya və Çin göstərilib.
ABŞ prezidentinin terrorizmlə mübarizə üzrə müşaviri Liz Monako bildirib ki, sanksiyalar ABŞ-ın siyasətinə dəstək vasitəsi olaraq lazımi anlarda tətbiq ediləcək: "Biz kibertəhdid inqilabının qızışdığı bir dövrə qədəm qoymuşuq. Bu təhdidlər gün keçdikcə daha dayanıqlı, daha rəngarəng, daha intensiv və daha təhlükəli hal alır.
L. Monako deyib ki, ABŞ onun infrastrukturuna hücum edənlərə qarşı sanksiya tətbiq olunmasına dair hökumətin qərarından lazımı şəkildə istifadə edəcək.
Qeyd edək ki, ötən həftə "WikiLeaks Demokrat Partiyasının Milli Komitəsi daxilindəki gizli yazışmaları yayıb. Həmin yazışmalardan bəlli olur ki, partiya rəhbərliyi ilkin seçki mübarizəsində tərəf tutub və Hillari Klintonu dəstəkləyib. "The New York Timesın xəbərinə görə, mütəxəssislər dərc olunan sənədlərin rusca proqramlanmış kompüterlərdən keçdiyinə dair izlər aşkarlayıblar. Bu izlər Demokrat Partiyası Milli Komitəsinin kompüter şəbəkəsini "sındırmaq üçün istifadə olunan kodda da tapılıb. Ekspertlər demokratların kompüter şəbəkəsinə Rusiya ilə bağlılığı ehtimal olunan haker qruplaşmalarının sızdığını bildiriblər. Söhbət "Cozy Bear və "Fancy Bear qruplaşmalarından gedir. Onların Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqəli ola biləcəyi güman edilir.
Hücumlara görə məsuliyyəti isə "Guccifer 2.0 nikli haker öz üzərinə götürüb.