Abituriyentlərin riyaziyyat, fizika və coğrafiya nəticələri aşağıdır və bu, bizi təbii olaraq narahat edir.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

DİM sədri ilkin imtahan nəticələri əsasında abituriyentlərin bilik səviyyəsi barədə fikirlərini də bölüşüb. O qeyd edib ki, bu il Azərbaycan dili fənni üzrə nəticələr daha yüksəkdir:

"Bizi daha çox narahat edən isə riyaziyyat üzrə nəticələrdir. Hər il aparılan təhlillər də bunu göstərir. Xarici dillər üzrə nəticələrdə isə ildən-ilə yaxşılaşma tendensiyası müşahidə olunur. Digər fənlərdə də müəyyən dinamika var. Məsələn, Azərbaycan dili üzrə nəticələrin son illərdə yaxşılaşdığını görürük. Lakin bəzi fənlərdə, xüsusilə fizika və coğrafiyada aşağı nəticələr qeydə alınır və bu, bizi təbii olaraq narahat edir. Bu məsələləri ekspertlərlə birlikdə araşdırırıq ki, səbəblər müəyyən edilsin: bu, dərsin keyfiyyəti ilə bağlıdırmı, proqramın çətinliyi iləmi əlaqəlidir, yoxsa həmin fənlərə tədris prosesində kifayət qədər diqqət yetirilmir?

Ümumilikdə bu, çox mürəkkəb bir prosesdir. Əgər proqramda və ya kurikulumda hər hansı dəyişiklik aparılırsa, bu, imtahan prosesində də nəzərə alınmalıdır. Bəzən bu dəyişikliklər keçid dövründə nəticələrdə müəyyən enmələrə səbəb ola bilər. Hər bir halda, belə dəyişikliklərin və nəticə fərqlərinin konkret səbəbləri mövcuddur və bunlar ayrı-ayrılıqda təhlil edilir. Biz bu məsələləri elmi-metodik seminarlarda sahə üzrə ekspertlərlə daim müzakirə edirik və bu mövzu hər zaman diqqət mərkəzində saxlanılır. Biz Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyi ilə birbaşa və davamlı dialoqdayıq. Hər ilin nəticələri bu istiqamətdə geniş müzakirələrə səbəb olur. Bu müzakirələr həm elmi-pedaqoji ictimaiyyətdə, həm də ayrı-ayrı məktəblərdə və ali təhsil müəssisələrində aparılır. Biz bu məsələləri hər zaman diqqət mərkəzində saxlayırıq".