“Azərbaycanla Türkmənistanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyil. İki ölkəni bir-birinə yaxın edən amillər tarixin dərin qatlarına bağlıdır. Həm Azərbaycan xalqı, həm də türkmən xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. Bu mənada, iki ölkəni və xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri dostluq və qardaşlığın nümunəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. “Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər...Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir”,-deyə dövlətimizin başçısı vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək vermələri də çox qürurvericidir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ötən il iyul ayında ölkəmizdə səfərdə olarkən Füzuli şəhərində Türkmənistanın hədiyyəsi kimi məscid tikilməsini təklif edib. Oktyabr ayında isə TDT-nin Qəbələ şəhərində keçirilən Zirvə görüşündə həmin məscidin onlayn formatda təməli atılıb. Hazırda məscidin tikintisi davam etdirilir. Məlumdur ki, postmüharibə dövründə dost dövlətlər, xüsusilə də türk ölkələri bizimlə bir yerdədirlər. Qardaş Türkiyə elə ilk vaxtlardan bir sıra layihələrin icrasına fəal şəkildə qoşulub. Özbəkistan Füzulidə məktəb inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva 2023-cü il 23 avqust tarixində Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. 2024-cü il mart ayının 12-də isə Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dost ölkə tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi baş tutub. Qarabağda aparılan quruculuq işlərinə Qırğızıstan Respublikası da öz töhfəsini verib. Belə ki, ötən il 3 iyul tarixində Azərbaycanın Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda dost ölkənin vəsaiti ilə inşa olunan Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. Bütün bunların fonunda Türkmənistanın Füzuli şəhərində məscid inşa etməsi, eləcə də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bu səfər zamanı işğaldan azad edilmiş Qarabağı ziyarət etməsi türk dövlətlərinin və xalqlarının Azərbaycan xalqı ilə həmrəyliyinin göstəricisidir.
Samir Vəliyev qeyd edib ki, Türkmənistan Prezidenti Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı erməni vandalizminin şahidi olub. Eyni zamanda, ali qonağa Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. “Ümumiyyətlə, dost ölkələrin, xüsusilə türk dövlətlərinin liderlərinin Qarabağa səfər etmələri və bölgənin bərpasına dəstək vermələri çox yüksək dəyərə malikdir. Bu fakt dostluq və qardaşlığımızın parlaq nümunəsidir”,-deyə deputat vurğulayıb.

























.webp)










.jpg)











