QMİ 20 yanvarla bağlı bəyanat yaydı
14:33 19-01-2016
CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
QMİ-nin mətbuat xidmətindən Unikal.org-a daxil olan bəyanat mətnində bildirilir ki, Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışların əziz xatirəsi əbədi olaraq yaşayacaq: "Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. 20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolda ilk mənəvi qələbə oldu. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi qiymətləndirdi.
Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi ifşa dolu məktubunda hadisələrə sərt və prinsipial münasibət bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər etdi, birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda həlak olmuş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı".
Sənəd müəlliflərinin fikrincə, dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, Xocalı qətliamı, 20 Yanvar cinayəti də var: "Bu bir danilmaz həqiqətdir ki, 20 Yanvar faciəsinin zamanında öz hüquqi, siyasi qiymətini almaması xalqımızın ağrılı problemi olan Qarabağ məsələsinin bugünədək ədalətli həllini tapmamasına da təsirsiz ötüşməmişdir. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması mərəzi burada da özünü göstərmişdir. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.
Azadlığı, müstəqilliyi Azərbaycan xalqı şəhid verərək qazandı. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanmışlardır".
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün qəhrəman övladlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir: "Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz ən ülvi arzusuna yetişəcəkdir, Azərbaycanın hər yerində qələbə naminə bayram namazları qılınacaq.
Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərdə 20 Yanvar günü məscidlərdə bu bəyanatın mətninin oxunmasını, "Axund və imamlar üçün xütbə nümunələri"ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə moizələr edilməsini, əziz şəhidlərimizin ruhlarına dualar edilməsini vacib sayır. Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!"
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42