Müğənni Nadir Qafarzadənin ölkədən getməsi barədə xəbərlər yayılıb.
Buna səbəb isə "Star life" verilişinə yanvar ayında verdiyi açıqlama olub. Müğənninin aylar öncə verdiyi müsahibə sosial şəbəkədə gündəmə gətirilib və bildirilib ki, o, artıq vətəni tərk edir.
Xatırladaq ki, N.Qafarzadə söz-söhbətdən bezdiyi üçün ölkədən getməyə hazırlaşdığını demişdi: "Gecələr yata bilmirəm. Bu həyat tərzi məni bezdirir. Hamı bir-birinin pulunu sayır, təhqir edir. Çox kasıb günlərim olub, amma heç kimin malına göz dikməmişəm. İnstaqram səhifəmdə şərhlər yazırlar, kiməsə qarğış töküb qeybət edirlər.
Belə insanları görüb, ölkədən qaçmaq istəyirəm. Qəpiyə güllə atan Nadir olmuşam. Bu günə isə əziyyətlə gəlib çatmışam. Deyirlər ki, şərhlərə fikir vermə, amma bacarmıram. Son zamanlar dəyişmişəm, daha hövsələli olmuşam. Bir çox şıltaqlıqlarımı aradan götürməliyəm".
Musavat.com məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxlayıb. N.Qafarzadə bildirib ki, ölkədən getmir:
"Heç yerə getmirəm. Sadəcə, bəzən adamı o həddə çatdırırlar ki, adam baş götürüb buralardan getmək istəyir. Hətta vaxt olub ki, qəti qərar vermişəm ki, Azərbaycandan getməliyəm.
Amma vətənə olan sevgim bu istəyimin qarşısın alıb. Sevənlərim üzülməsin, heç yerə getmirəm. Çünki məni yaşadan, məni Nadir Qafarzadə edən pərəstişkarlarımın sevgisidir".