Qarabağ əlilləri və şəhid ailələri üçün ayrıca binaların tikilməməsində məqsəd onların cəmiyyətə daha da inteqrasiya olunmasıdır
Bu gün Azərbaycanda mənzil sahibi olmayan vətəndaşlara xüsusi dövlət qayğısı kifayət qədər ciddi məsələdir. Sözsüz ki, sosial yardıma ehtiyacı olan insanlar mənzil problemi yaşayır və bunlara yanaşma fərqlidir. Məsələn, ciddi mənzil problemi yaşayan təbəqələrdən biri qaçqınlardır. Bununla bağlı prezidentin tapşırığı ilə ölkənin müxtəlif yerlərində qəsəbələr salınıb və qaçqınlar pul ödəmədən bu mənzillərdə məskunlaşırlar. Nəticədə demək olar ki, bir dənə də olsa çadır şəhərciyi qalmayıb və növbəti mərhələ üçün nəzərdə tutulub ki, artıq yataqxanalarda da qaçqınlar məskunlaşmasın.
Buna nümunə olaraq BDU-nin yataqxanasını göstərmək olar. BDU-nun yataqxana şəhərciyi demək olar ki, bütünlüklə qaçqınlardan ibarət idi. Amma görülən işlərdən sonra qaçqınlar Bakı ətrafında salınmış şəhərciklərdə yerləşdirildi və bununla da xeyli sayda qaçqın yataqxana həyatından qurtuldu. Qaçqınlarla paralel olaraq bu gün Qarabağ əlillərinə də xüsusi qayğı var və gəlin bir sıra statistik rəqəmlərə baxaq. Belə ki, 1 yanvar 2014-cü ilə kimi 5731 nəfər Qarabağ əlili və şəhid ailələri qeydiyyatdan keçiblər. Onlardan 1861 nəfəri Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Xırdalan şəhərlərində qeydiyyatdan keçiblər. Yerdə qalan 538 Qarabağ əlili və şəhid ailələri isə tikintisinə əvvəlki illərdə başlamış və bu il yekunlaşmış evlərdə mənzil alan şəxslərdir.
Əvvəlki illərlə müqayisədə bu il Qarabağ əlilləri və şəhid ailələri üçün ayrıca binaların tikilməməsində məqsəd onların cəmiyyətə daha da inteqrasiya olunmasıdır.
Ümumiyyətlə, Qarabağ əlilləri və şəhid ailələri 1997-ci ildən bəri evlə təmin olunmağa başlanılıb. Bu günə qədər 4278 əlil və şəhid ailəsi evlə təmin edilib. Prezidentin sərəncamına əsasən 2014-2018-ci illər ərzində mərhələli şəkildə bütün Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin olunacaqlar. Bu isə demək olar ki, sosial dəstəyə ehtiyacı olan təbəqənin durumunun ciddi şəkildə yaxşılaşdırılması deməkdir. Bu gün Azərbaycanda yaranan xoş ənənələrdən biri də nazirliklərin özlərinin yaşayış binaları inşa etmələridir. Məsələn, prezidentin tapşırığı ilə Azərbaycan ordusunun durumunun yaxşılaşdırılması üçün sosial dəstəyə ehtiyacı olan zabitlər və müqavilələr əsasında xidmət keçən əsgərlərə pulsuz mənzillər verilir. Bu bir tərəfdən zabit və əsgərlərin sosial durumlarının qaydaya salınmasıdırsa, digər tərəfdən də ordunun dövlətə olan inamının güclənməsi deməkdir. Gəlin tək bir fakta baxaq. Təkcə bu il 1000 nəfərdən çox hərbçi xidməti mənzillə, 500 nəfər isə daimi mənzillə təmin olunub. Qeyd edək ki, bu proses DİN və Daxili Qoşunların heyəti üçün də nəzərdə tutulub və hər il yüzlərlə vətəndaş mənzillə təmin olunur. Amma diqqəti çəkən başqa bir məqam da gənc ailələrin mənzillə təmin olunması prosesidir. Sirr deyil ki, bütün dünyada olduğu kimi Azərbaycanda da gənclər əsasən sosial qayğıya ehtiyacı olan təbəqədir və onların mənzil sahibi olması kifayət qədər çətin başa gəlir. Amma prezident İlham Əliyev "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalamaqla bu problemin də həlli yolunu göstərdi.Adı çəkilən fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Son illər bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəticəsində mənzilə ehtiyacı olan əhali qruplarının ipoteka kreditlərinə çıxışının artması təmin edilib, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib.
Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.
Dövlət başçısı sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.
Cəmiyyət Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Fərmanla müəyyən edilir ki, Cəmiyyət Azərbaycanda əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir; Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;
Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi prezident tərəfindən həyata keçirilir; Cəmiyyətin yenidən təşkili və ləğvi prezident tərəfindən həyata keçirilir;
Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir;
2005-2015-ci illər ərzində dövlət büdcəsindən Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.
Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində prezident ilə razılaşdıraraq təsdiq etmək; bu fərmanda nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində prezident ilə razılaşdıraraq təsdiq etmək;
Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən edib prezidentə məlumat vermək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Amma məsələ heç də bununla tamamlanmayacaq. Hazırda ekspertlər daha rahat yollar haqqında düşünürlər və bu yollardan biri də ayda yüz manat ödəməklə mənzil sahibi olmaq variantıdır. Müşahidəçilər güman edir ki, bu proses baş tutarsa 20 il ərzində Azərbaycan vətəndaşlarının mənzil problemləri olmayacaq. Bu isə sözsüz ki, ilk növbədə sosial yardıma ehtiyacı olan vətəndaşlar üçün əlavə üstünlüklər olacaq. Bunu da qeyd edək ki, bu fərmandan öncə də gənc ailələrə ipoteka ilə ev almaq şansı yaradılmışdı. Amma prosesin özü, aylıq ödənişlər kifayət qədər mürəkkəb idi və bu şansdan hamı istifadə edə bilmirdi. Bu gün isə yaradılan şərait daha normaldır və heç bir çətinlik çəkmədən istənilən gənc ailə mənzil əldə edə biləcək. Bütün bunlar isə bir daha sübut edir ki, ölkə əhalisinin sosial yardıma ehtiyacı olan təbəqəsinə nəinki yaşayış üçün müəyyən güzəştlər, ünvanlı sosial yardımlar da verilir, eyni zamanda bu təbəqənin köklü problemlərinin həlli də əsas məqsəddir. Bunu da unutmayaq ki, prezident İlham Əliyev son on il ərzində Azərbaycanın dövlət büdcəsi formalaşan zaman, tək bir prinsipi hər zaman qoruyur. Bu isə büdcənin sosial yönlü olmasıdır.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16