Artıq bir müddətdir ki, "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)" layihəsinin hazırlanması üzərində iş aparılır. Bu ölkədə işsiz əhalinin sayının minimuma endirilməsi istiqamətində görülən mühüm tədbirlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri də, işsizlərin qeydiyyata alınması məsələsidir. Bəs görəsən bu qanunvericiliklə necə öz həllini tapır? Əhalinin aztəminatlı hissəsi hesab olunan işsizlərə hansı hallarda müavinət ödənilir?
Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin "İşsizlərin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında" 2002-ci il, 14 saylı qərarı var. İşsizlərin qeydiyyata alınması qaydaları "Məşğulluq haqqında" ölkə qanununa uyğun hazırlanıb. Bu qayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında müvafiq qaydada işaxtaran və işsiz hesab edilən ölkə vətəndaşlarının, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin qeydiyyatının aparılmasında vahid qaydaları müəyyən edir. Qanuna görə, 15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzinə şəxsən aşağıdakı sənədləri təqdim etdikdən sonra işaxtaran kimi qeydiyyata alınır və ona işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır. Bunun üçün şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası, peşə və ya ixtisasını təsdiq edən sənəd təqdim olunur. Pensiyaçılar və məşğul vətəndaşlar əmək kitabçasını təqdim etməyə bilərlər. İlk dəfə işaxtaranlar şəxsiyyətini təsdiq edən və təhsil haqqında sənədləri təqdim edirlər.
NK-nın müəyyən etdiyi qərara əsasən işsiz vətəndaş-işi və qazancı olmayan, işə başlamağa hazır olub, şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyəti yaşda olan əmək qabiliyyətli şəxsdir. 15 yaşına çatmayanlar, pensiya hüququ qazanmış vətəndaşlar, qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzürsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər, ilk dəfə iş axtaranlar, azadlıqdan məhrumetmə cəzasını çəkənlər,muzdla işləyən, o cümlədən əmək müqaviləsi ilə tam və tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar, haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, Silahlı Qüvvələrdə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayan vətəndaşlar işsiz sayıla bilməzlər. Həmçinin bu siyahıya ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,ölkəmizin hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları da aiddir. İşi və qazancı olmayan, işə başlamağa hazır olub şəhər, rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. İşaxtaran kimi qeydiyyata alınmış və işsiz statusu almaq hüququna malik olan vətəndaş aşağıdakı sənədləri təqdim etdiyi andan ona münasib iş təklif edilmədiyi halda şəhər, rayon məşğulluq mərkəzi 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi və müavinət təyin edilməsi haqqında qərar qəbul edir. Şəhər, rayon əhalinin sosial müdafiə mərkəzlərindən pensiya, yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış, yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış, yerli İcra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış, himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti, qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış tələb olunur. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. İşsizliyin başlanmasından əvvəlki 12 ay ərzində işəgötürənin təqsiri olmadan müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məcburi ödənişsiz məzuniyyətdə olduğu hallarda və bu səbəbdən həmin 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olan vətəndaşlar yuxarıda qeyd olunan sənədlərlə yanaşı, işəgötürənin və həmkarlar ittifaqı təşkilatının təsdiq etdiyi işəgötürənin təqsiri olmadan işin dayandırılması və müddəti haqqında arayış təqdim edirlər. Şəhər, rayon məşğulluq mərkəzi işaxtaran vətəndaşa işsiz statusu verilməsi ilə əlaqədar qanunvericilikdə tələb olunan sənədlər haqqında fərdi qeydiyyat vərəqəsində imza etdirməklə müvafiq izahat verməlidir. Şəhər, rayon məşğulluq mərkəzləri işsizlik müavinətinin ödənilməsinin başlanması, dayandırılması və başa çatdırılması haqqında əmrlərə əsasən vətəndaşın əmək kitabçasında müəyyən olunmuş qaydada qeydlər aparırlar. Vətəndaşın əmək kitabçası olmadıqda, həmin mərkəz tərəfindən ona müvafiq əmrlərin nüsxələri verilir. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün müvafiq şəhər, rayon məşğulluq mərkəzinə müraciət etmək hüququ vardır.
İşsiz statusu almış vətəndaşların qeydiyyatı müvafiq qeydiyyat kitabında aparılır. İşsiz vətəndaş işə düzəldikdə, hərbi xidmətə çağırıldıqda, yaşayış yerini dəyişdikdə, azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə, müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda və torpaq payı aldıqda şəhər, rayon məşğulluq mərkəzinə məlumat verməlidir. Bu qaydaların 3.9-cu bəndində nəzərdə tutulan hallarda, habelə işsiz vətəndaş vəfat etdikdə, eləcə də işsiz statusunu saxta sənədlər təqdim etmək yolu ilə aldıqda, şəhər, rayon məşğulluq mərkəzinin göndərişi ilə peşə hazırlığı kurslarına üzürsüz səbəbdən gəlmədikdə və yaxud tədrisi başa vurduqdan sonra təklif olunan iki münasib işdən imtina etdikdə şəhər, rayon məşğulluq mərkəzi tərəfindən işsiz statusu ləğv edilir və həmin vətəndaş işsiz statusu almış vətəndaşların qeydiyyatından çıxarılır.
Qeydiyyata alındıqdan sonrakı iki il ərzində şəhər, rayon məşğulluq mərkəzi ilə əlaqə yaratmayan işaxtaran vətəndaşlar qeydiyyatdan çıxarılırlar. İşsiz vətəndaşların qeydiyyatdan çıxarılması üçün əsas verən təsdiqedici sənəd şəhər, rayon məşğulluq mərkəzinə təqdim olunduqdan sonra onların fərdi qeydiyyat vərəqəsinə tikilir və həmin mərkəz tərəfindən qeydlər aparılmaqla qeydiyyatdan çıxarılır. İşsizlik müavinəti alan vətəndaşlar ayda bir dəfə əmək kitabçası təqdim etməklə şəhər, rayon məşğulluq mərkəzində müvafiq qeydiyyat kitabında yenidən qeydə alınmalıdırlar. Vətəndaşa işsiz statusu təyin olunan gün qeydiyyat günü hesab edilir. Müəssisə, idarə və təşkilatların ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş sərbəstləşdirilən işçilər 1 ay müddətində yaşadıqları ərazi üzrə şəhər, rayon məşğulluq mərkəzində işaxtaran vətəndaş kimi qeydə alınmalıdırlar. Bu halda həmin işçilər işlə təmin olunmadıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş təminatları almaq üçün şəhər, rayon məşğulluq mərkəzi tərəfindən onlara müvafiq arayışlar verilir. Həmin arayışlar işçinin işdən çıxarıldığı gündən yeni işə düzələn günədək əmək kitabçası və ya onu əvəz edən sənədi təqdim etmək şərti ilə ikinci və üçüncü ayların tamamında verilir. Müəssisə, idarə və təşkilatlardan sərbəstləşdirilən vətəndaşlar üzürsüz səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş bir ay müddətində şəhər, rayon məşğulluq mərkəzində müvafiq qaydada qeydiyyata alınmadıqları halda onlara ikinci və üçüncü aylarda orta aylıq əmək haqqının ödənilməsi üçün arayış verilmir. Bu vətəndaşlara işsiz statusunun verilməsi bu qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir. Hüquqi şəxslərin ləğvi və ya işçilərin sayının və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilmiş və işdən azad edildikdən sonra şəhər, rayon məşğulluq mərkəzində qeydiyyata alınmış, lakin əmək qanunvericiliyi ilə müəyyən edilmiş işdənçıxarma müavinəti və orta aylıq əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməmiş vətəndaşlara işsiz statusu bu müddətin qurtardığı birinci gündən təyin edilir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və işdənçıxarma müavinəti ödənildiyi hallarda həmin şəxsə sərbəstləşdirildiyi gündən sonrakı bir ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və müavinətin ödənildiyi hallarda həmin şəxsə işdən çıxdığı gündən sonrakı iki ay müddət bitdikdən sonra işsiz statusu təyin edilə bilər. Bu hallarda işsiz statusunun verilməsi bu qaydaların 3-cü bəndinə uyğun olaraq müəyyən edilir. İşsizlik müavinətinin məbləğinin müəyyənləşdirilməsi orta aylıq qazanca əsasən işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Minimum məbləğdə isə işsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından şəhər Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. Təkrar müavinət işsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur. Müavinətə edilən əlavələr işsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin 50 faizindən çox olmamaq şərti ilə artırılır.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01