Əli Həsənov: "Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik"
Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə olan yanaşma sözsüz ki, əksər dövlətlərin maraq dairəsindədir. Çünki on illər ərzində yenicə müstəqilliyinə qovuşan bir dövlətin bir milyon qaçqın və məcburi köçkünə sahib durması kifayət qədər ağır məsələdir.
Təsəvvür edin, bu gün inkişaf etmiş Avropa ölkələri Suriya qaçqınları qarşısında aciz qalıblar. Amma Azərbaycan qaçqın probleminə tam fərqli yanaşdı və nəticələr də göz önündədir. Maraqlıdır, nədən Azərbaycan bir milyon qaçqına sahib dura bildi, amma Avropa bu gün qaçqın problemi ilə üz-üzə qalıb? Ekspertlər hesab edir ki, əsas məsələ bu problemə sistemli yanaşmaqdadır. Belə ki, Azərbaycan qaçqın problemi ilə üzləşəndə ilk növbədə insanların müvəqqəti yaşayış yeri ilə təmin olunmasına çalışdı və bunu həyata keçirdi. Növbəti mərhələdə qaçqınların sosial problemlərdən nisbətən qurtulmaq üçün dövlət tərəfindən kommunal xərclər ləğv edildi. Daha sonra qaçqınların ərzaqla təmin olunması gündəmə gəldi və bu məsələ də ayrılıqda həll edildi. Bunlarla paralel olaraq dövlət gücünü səfərbər edərək qaçqınların işlə təmin olunmasını gündəmə gətirdi. Belə olan halda həm yeni iş yerləri açıldı, həm də ailələrin sosial problemləri nisbətən həll olundu. İş imkanı olmayan şəxslərə isə konkret olaraq sosial yardımlar ayrıldı. Beləliklə aydın oldu ki, dövlətin həyata keçirdiyi siyasətin kökündə qaçqınların cəmiyyətə inteqrasiyası prosesi durur. Amma Avropa bu gün Suriya qaçqınlarının qarşısında ona görə aciz qalıb ki, inteqrasiya prosesini ya həyata keçirtməyə həvəsli deyil, ya da bunu bacarmırlar. Elə buna görə də hazırda bir çox Avropa ölkələri Azərbaycan təcrübəsini öyrənməyə çalışırlar. Elə bu günlərdə Azərbaycana səfər edən əcnəbi diplomat da bu fikri təsdiqlədi. Belə ki, bu gün İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir. Bu ölkəyə pənah gətirən qaçqınların əksəriyyəti valideynləri olmayan uşaqlardır. Onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həlli bizə müəyyən çətinliklər yaradır. Ona görə də Azərbaycanın bu sahədəki təcrübəsi bizim üçün çox önəmlidir. Bizə maraqlıdır, Azərbaycan bu problemlərin öhdəsindən necə gəlib? Bu sahədə bizim sizdən öyrənəcəyimiz çox şey var.
Bu fikirləri ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə bildirib.
Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Londonda keçirilən "Suriyaya və regiona dəstək" konfransındakı çıxışını xatırladaraq deyib ki, dövlətimizin başçısının bu konfransda da qeyd etdiyi kimi, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması ölkəmizə inkişaf etmək imkanı verdi. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həllinə başlanıldı. Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə qonağa məlumat verən Komitə sədri bildirib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Əli Həsənov deyib ki, bu gün təxminən 10 milyon əhalisi olan Azərbaycanın 1 milyon 200 min qaçqın və məcburi köçkünü var. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Həmçinin ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı qərar və qətnamələr qəbul ediblər. Amma bütün bunlara baxmayaraq 24 ildir ki, münaqişə həllini tapmır. Bu, ədalətsizlikdir.
Baş nazirin müavini qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyillər. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. "Bir daha deyirəm, bu xalqlar arasında düşmənçilik yoxdur. Biz 200 il birgə yaşamışıq", - deyə Əli Həsənov vurğulayıb.
Komitə sədri əlavə edib ki, bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb. Son beş ildə ölkəmizdə üç dəfə dinlər və mədəniyyətlərarası beynəlxalq konfranslar keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak edib. Məhz buna görə də Prezident İlham Əliyev bu ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Ərazimizin işğal olunmasına baxmayaraq, Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz bir ölkədir. Bu gün Azərbaycan bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanınır və qəbul edilir. Bu yaxınlarda ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi, birinci Avropa Oyunları kimi mühüm tədbirlər də ölkəmizdə təşkil olunub.
Azərbaycan-İsveç münasibətlərinə toxunan Baş nazirin müavini qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi çox vacibdir. Bu isə yalnız birgə əməkdaşlıqla mümkündür. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər də münasibətlərimizin inkişafına öz töhfəsini verəcək. Əli Həsənov İsveç ictimaiyyətində Azərbaycanla bağlı düzgün məlumatlandırma aparılmasının önəmini qeyd edib.
Nazir Marqot Vallström Bakı kimi gözəl bir şəhərdə olmaqdan məmnunluğunu ifadə edib. O deyib: "Biz Azərbaycanın dostu kimi buradayıq. Səfərin əsas məqsədi gələcək əməkdaşlığımızı daha da genişləndirmək və bununla bağlı mövcud potensialı öyrənməkdir".
Bunu da qeyd edək ki, qaçqınların cəmiyyətə inteqrasiyası üçün sosial layihələrin də böyük rolu var. Bu baxımdan prezident yanında QHT-lərə dəstək Fondunun həyata keçirdiyi layihələr xüsusi olaraq qeyd olunmalıdır. Bundan başqa bu gün Azərbaycan beynəlxalq yüklü sosial layihələrin də həyata keçirilməsinə üstünlük verir. Məsələn, bu günlərdə Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində "Astrid Lindqren yaradıcılığı Azərbaycan dilində" adlı sosial layihənin təqdimat mərasimi keçirilib.
Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və İsveç Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəbini əhatə edir. Məktəblər İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 kitabı ilə təmin olunacaq. Layihənin məqsədi qaçqın və məcburi köçkün məktəblilərini oxumağa həvəsləndirməkdir. Eyni zamanda, layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında məlumatın yayılmasına kömək edəcək.
Bildirilib ki, uşaq ədəbiyyatı üzrə mütəxəssislər arasında müzakirələrin aparılması, qarşılıqlı maraq kəsb edən digər layihələrin həyata keçirilməsi Azərbaycan ilə İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
Qeyd edilib ki, İsveç Krallığının ölkəmizdəki səfirliyi Azərbaycanda uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq. Buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına salınmasına dəstəyi göstərmək olar.Beləliklə hesab etmək olar ki, Azərbaycan təcrübəsi hələ çox araşdırılacaq.
.Əliyev
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16