Azərbaycanda manatın devalvasiyasından sonra insanlar müəyyən xərclərinə qənaət etməyə başlayıblar. Bu sahələrdən biri də mobil  xidmətlərdir.

Unikal.org xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlardan ANS PRESS-ə verilən  məlumata görə, son zamanlar  abunəçilərin mobil xidmətlərdən istifadə səviyyəsi aşağı düşüb.  Azalma xüsusilə sms-lər və  internet paketlərdə hiss olunur. Bu isə onların maddi durumunun aşağı olması ilə əlaqədardır.

"Müştərilərin sayında azalma müşahidə olunmasa da istər mobil danışıq, istərsədə mobil internetdən istifadə səviyyəsi azalıb. Ümumiyyətlə, SMS-lər seqment kimi yox səviyyəsinə enib. Abunəçilər əlavə yükləmələrin sayını da azaldırlar",-deyə mobil operatorlardan birinin mətbuat xidmətindən qeyd etdilər.

"SMS-lər bir seqment kimi yox səviyyəsinə enib"

Xidmətlərdən istifadə səviyyəsinin aşağı düşdüyünü görən mobil operatorlar isə  müştərilərini itirməmək üçün  yeni tarif və kampaniyalar təqdim edir.  Bəziləri  onlara limitsiz sms, pulsuz danışıq dəqiqələri və meqabayt verməklə abunəçilərinin etibarını qazanmağa çalışırlar.

Mobil operatorlar tərəfindən  bu cür ucuz kampaniyaların təqdim edilməsi bazarda  rəqabətin güclənməsinə və daha sərfəli tariflərin irəli sürülməsinə səbəb olur.

Operatorlardan birinin açıqladığı  məlumata əsasən, Azərbaycanda mobil danışıqların həcmi 30%-ə qədər, SMS-lərin sayı isə təqribən 2 dəfə azalıb. Eyni zamanda azalma, həmçinin, internet paketlərində də müşahidə olunur. 

Mobil xidmətlərin statistikası
Mobil xidmətlərin statistikası

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də son zamanlar mobil operatorların gəlirlərinin azaldığını deyir. Bu isə bir sıra amillərlə bağlıdır.

“Gəlirlərinin azalması təkcə insanların danışıq kartlarından az istifadə etməsi ilə  bağlı deyil, yeni texnologiyaların inkişafı da mobil operatorları çətin vəziyyətə salıb. Bütün dünyada olduğu kimi bizdə də mobil operatorların ən qorxduğu rəqib internetdir. Çünki internet üzərindən ani mesajlaşma, səsli və ya görüntülü danışıq proqramlarının həm sayı və imkanları, həm də istifadəçiləri artır".

Osman Gündüz onu da əlavə etdi ki, bu gün bir sıra mobil operatorlar SMS-ləri pulsuz edə bilərlər, danışıq tariflərini azalda bilərlər, yeni xidmətlər təklif edə bilərlər. Amma onlar çox bəsit və müştəriyə sərfəli olmayan kampaniyalar keçirirlər. Bu da müştərilərin digər vasitələrə əl atmasını sürətləndirir.

Mobil operatorlar müştəriləri aldada bilməyəcək

Ötən ilin sentyabr ayında da Rabitə və Yüksək Texnologiyalar mobil operatorlar qarşısında bir sıra  tələblər qoyub. Bu öhdəliklərə xidmətlərin beynəlxalq standartlara uyğun təşkili, qoyulan texniki tələblərə əməl olunması, tariflərin aydın göstərilməsi, xidmətlərin ölkə üzrə əhatə dairəsinin genişləndirilməsi daxildir.

Nazirlikdən bildiriblər ki, bütün mobil operatorlar nəzərdə tutulan öhdəliklərə əməl etməlidirlər. Əks halda onlara qarşı qanunvericiliyin tələblərinə uyğun tədbir görüləcək. 

 Mobil xidmətlərdən istifadənin azalmasına təsir edən amillərdən biri də  Azərbayanda "WhatsApp", "Viber" və ya "Skype" kimi proqramlardan, eləcə də sosial şəbəkələrdən istifadənin artması, həmçinin  insanların  qənaət rejiminə keçməsidir. Bu isə mobil operatorların işində  ciddi problemlər yaratmağa başlayıb. Bu mobil tətbiqlər yayıldıqca, ənənəvi mobil xidmətlər, yəni mobil danışıqlar və SMS-lərdən istifadə azalır. Belə davam etsə, yaxın gələcəkdə  klassik mobil xidmətlərdən istifadə sıradan çıxa bilər.