Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiq olunub və bu münasibətlə Agentliyin inzibati binasında təntənəli təqdimat mərasimi təşkil edilib. 

Bu barədə "Unikal"a SOMDA-dan məlumat verilib.

Tədbir zamanı Döyüş Bayrağı rəsmi şəkildə mərasimə gətirilib, xüsusi təntənə ilə təqdim olunub. Agentliyin rəisi, general-mayor İlqar Abbasov çıxış edərək şəxsi heyəti bu əlamətdar hadisə münasibətilə təbrik edib, Döyüş Bayrağının əsgəri şərəf, şücaət və şöhrətin rəmzi olduğunu vurğulayıb. O, bu Bayrağın şəxsi heyətin mənəvi ruhunun yüksəldilməsi və xidməti-döyüş tapşırıqlarının daha məsuliyyətlə yerinə yetirilməsi üçün mühüm stimula çevriləcəyini qeyd edib. 

Digər çıxış edənlər də Döyüş Bayrağının Agentliyin hərbi qulluqçularının hər an döyüşə hazır olmasının simvolu olduğunu bildirərək, bu mühüm addımın şəxsi heyətdə vətənpərvərlik ruhunu daha da gücləndirəcəyini vurğulayıblar. Sonda Döyüş Bayrağı Agentliyin inzibati binasında müvafiq qaydada daimi yerləşdirilmiş və onun qorunmasına dair məsuliyyətin yüksək səviyyədə təmin ediləcəyi diqqətə çatdırılmışdır.