Yağmurlu hava şəraiti ilə bağlı bu gün Bakı şəhəri ərazisində üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdsarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, yağmurlu hava şəraiti ilə bağlı olaraq paytaxtın bir çox şosse yollarında, prospekt və küçələrdə sürət həddi aşağı salınıb: "Məsələn, Aeroport yolunun 120 km/saat olan hissəsində sürət həddi 100 km/saat müəyyən edilib.
O bildirib ki, hava şəraitindən asılı olmayaraq yalnız texniki cəhətdən saz olan avtomobillər istismara buraxılmalıdır: "Çiskin və yağmurlu hava şəraitində avtomobilin texniki sazlığı bir daha nəzərdən keçirilməlidir. Əsas təhlükə yarada biləcək məqamlar isə avtomobilin əyləc sisteminin və şüşəsilənlərinin işlək vəziyyətdə olmamasıdır. Digər tərəfdən, sürət həddi normadan aşağı salınmalıdır, ara məsafəsi daha çox saxlanılmalıdır, ümumiyyətlə çiskin və yağmurlu hava şəraitində əyləcdən daha az istifadə olunmalıdır. Çünkü əyləc sistemindən tez-tez istifadə etmək avtomobilin sürşmə ehtimalını artırır.
Bölmə rəisinin sözlərinə görə, sürücülər çirkli suların yaratdığı gölməçələrin üzərindən keçərkən ətrafda hərəkət edən piyadaları nəzərə almalıdırlar: "Bu da səki və ya yolun kənarı ilə hərəkət edən piyadaların islanması ilə nəticələnir. Buna görə də, sürücülər həmin gölməçələrin üzərindən keçərkən avtomobili minimum sürətlə idarə etməlidirlər.
V.Əsədov vurğulayıb ki, adətən hava şəraitindən asılı olaraq yol qəzalarının sayı çoxalır: "Bu, belə hava şəraitində avtomobili idarə etməyə uyğunlaşmayan sürücülərin nisbətən çox olması ilə bağlıdır.
O, həmçinin əlavə edib ki, Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən paytaxtın bütün prospekt və küçələrində xidmət gücləndirilib: "Bakı şəhərində bütün istiqamətlərdə avtomobillərin hərəkəti tənzimlənir, hazırda tıxac və sıxlıq müşahidə olunmur.