Bu gün Yasamal Rayon Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin növbəti iclası keçirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə vəkil Cavid Rzazadə məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ötən iclasda qaldırdıqları vəsatətə baxılıb.
Belə ki, ötən prosesdə Q.Məhərrəmlinin vəkili Cavid Rzazadə linqivistik ekspertiza rəyi verən ekspertlərə etiraz edib. O, rəy verən ekspertlərin özlərinin məhkəməyə dəvət olunmasını istəyib.
Məhkəmə etirazı qəbul etməyib və iş yenidən linqivistik ekspertizaya göndərilib.
Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.
Xatırladaq ki, daha əvvəlki prosesdə A.Alışanovun nümayəndəsi vəsatətlə çıxış edib. O, Q.Məhərrəmlinin mətbuata verdiyi müsahibə ilə bağlı linqivistik ekspertizanın keçirilməsini istəyib. Q.Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə çıxışında vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.
Q.Məhərrəmli isə çıxış edərək bildirib ki, linqivistik ekspertizaya ehtiyac yoxdur. O, A.Alışanova böhtan atmadığını deyib. Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim A.Tağıyev vəsatəti təmin edib.