"Sovet rejiminə qarşı, Azərbaycanının müstəqilliyi üçün apardığım mübarizəyə görə, Lefortovo zindanında Xəlil Rza və başqaları ilə 9 ay, 13 gün zülüm və zillətə məruz qalmışam".

Bu fikirləri Unikal.org-a Gəncədə yerləşən "İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycanın Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə Milli Şura və Müsavat Partiyasının Referendum ərəfəsində təşkil etdiyi aksiyalarda dindarların iştirakına və onların siyasi çağırışlar etməsinə münasibət bildirirərkən deyib. O , dindarları belə çağırışlara uymamağa dəvət edib:
"Bu günlərdə "Müsavat və başqa siyasi partiyalar dindar insanlarımızın dini inancından istifadə edərək onları meydanlara çağırırlar. Dindarların siyasətə qoşulması özü eybəcər bir hal alıb. Bəzi din xadimlərinin özləri də bilmədən xarici qüvvələrin alətinə çevriliblər.

Biz tarixə nəzər salsaq böyük bir alim kimi tanınan İbn Zeyniyyə nəzəriyyəsi ilə vəhabizim yaranıbdır. Bu gün belə böyük bir alimin "əməllərinin nəticəsi olaraq vəhabizim adı altında İŞİD İraqda, Suriyada və digər ölkələrdə fəlakət yuvasına çevrilibdir.

Tarixən misyonerlər, Avropadan gələnlər islamiyyəti daxildən parçalamaq üçün onlardan istifadə etmişdilər.
Məhəmməd ibn Əbdül Vəhab ət-Təmimi kimi qoçaq bir insan ərəb dünyasına xeyri dəyə bilərdi. Amma o çox təssüf ki, qan tökdü, insanları qiyama çağırdı Məkkəni mundarladı, Kəbə daşını sökdürdü, əsabələrin qəbirlərini viran qoydu. Kərbalanı dağıtdı və çoxlu insan qanı tökdü. Son illərdə onların davamçıları və əsas rəhbəri "İraq və Şam İslam Dövləti təşkilatının lideri Əbubəkr əl Bağdadinin göstərişi ilə insanların başı kəsilir və gözlənilməz, heç bir dində görülməyən cəzalar verilir.

DİNDARLARI CİNAYƏTƏ VADAR EDİRLƏR...

T.Abbaszadə vurğulayıb ki, İslamiyyət bu siyasətbazların oyunundan qatiliyətə çevirilib:

"Siyasətbazlar müxtəlif inanclı insanları yollarından azdırıb, onları son nəticədə cinayətə vadar edirlər. Bu gün Fətullah Gülənin başçılıq etdiyi "Nurçuluq yolu da "vəhabizim yolu ilə eynidir. Fətullah Gülən 1998-ci ildə Vatikanda Papa II Jan Paulla (John Paul) görüş keçirmiş, onun əlindən öpmüş və ona biət etmişdir. O, gedib müsəlman qızını xristiana ərə vermişdir. Hansı ki, müsəlman dini xristiandan qız almağa icazə verir, amma qızımızı xristiana ərə verməyə icazə vermir. Əks təqdirdə qarşı tərəf dinimizi qəbul etməlidir.
Fətullah belə nigaha əl atmışdı. Gülənin misyonerliyi nəticəsində böyük islam dünyasına böyük bir bəla gəlirdi və şükürlər olsun ki, bunun qarşısı alındı. Türkiyə bu bəla və xətadan uzaqlaşdırıldı. Bu gün Azərbaycanı istəməyən yadelli dövlətlər, misyonerlər, müxtəlif təşkilatlar ölkəmizdə də bu təxribat işlərini yerinə yetirmək istəyirlər. Bəzi "din xadimlərinin, dini inanclı insanlardan istifadə edib onları yanlış yollara çağırırlar.

MƏN XƏLİL RIZA ULUTÜRKLƏ ZİNDANDA TƏZİQLƏRƏ MƏRUZ QALMIŞAM

Hacı Tahir daha sonra fikrilərini belə ifadə edib:

"Azərbaycanının bütün siyasi partiya rəhbərlərindən rica edirəm ki, dindar insanları siyasi oyunlara alət eləməsinlər.

Bizim dini inanclı insanlarımız məscidlərə gəlib Allaha ibadət etsələr daha gözəldir.

Xəlil Rza Ulutürk şeirlərində azadlıq, türkçülük ideyaları əsas yer tutub. O, Azərbaycan azadlıq hərəkatının əsas ideoloqlarından biri olub. Buna görə də 1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilmişdir. Sözügedən müddətdə mən də Lefortovo zindanında Xəlil Rza və başqaları ilə 9 ay, 13 gün zülüm və zillətə məruz qalmışam. 1988, 89, 90-cı illərdə Azərbaycan azadlıq hərəkatının əsas ideoloqlarından biri olmuşam. Məscidlərin açılması uğrunda və Allahsız Dövlət olan Sovet Totalitar rejiminə qarşı mübarizə aparmışam. 1920-37-ci illərdə bu rejim tərəfindən bizim ruhani dədə və babalarımıza, xalqımızın ziyalı övladlarına divan tutulmuş, ermənilərin iştirakı ilə onlar güllələnmiş və Sibir çöllərinə sürgün edilmişdir. Biz bunların intiqam eşqiylə mübarizə meydanlarına axışmışdıq. Biz din adamı olaraq Sovet qansız rejiminə qarşı mübarizə apardıq. Biz qanlar bahasına alınan Azad Azərbaycanımıza qarşı mübarizə aparmamışıq. Biz xalqımızın qanını tökənlərə qarşı mübarizə aparmışıq. 20 YANVAR-da Bakının küçələrini qana buluyan 11-ci qızıl ordunun varisləri ilə mübarizə aparmışıq. Digər tərəfdən, 1990-cı ilə qədər Azərbaycanda 18 məscid var idi. Bu günləri Azərbaycanın kənd və rayonlarında minlərlə məscid tikilib. Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin göstərişi ilə "İmamzadə ziyarətgahı yenidən tikilmiş və onun ətrafı abadlaşdırılmışdır.

Bakıda "Heydər Məscidi tikilib, "Bibiheybət məscidi yenidən qurulmuşdur. Bu gün məscidlərin içinə daxil olan insanlar iqtidarlı, müxalifətli Allaha sitayiş edirlər. Allaha ibadət edirlər. Bu cür olduğu təqdirdə biz onlarla birlikdə vəhdət tapır və birləşirik. Xalqımızın dini İslamdır, kitabı Qurani Kərimdir.

Bu gün kimsə insanları küçələrə çağırır və başqa bir müsəlmana qarşı çıxmağa vadar edirsə bunun özü qəbul edilməzdir. Mən din adamıyam, möminəm deyərək meydanlara çıxıb çaxnaşma yaratmaq, orda siyasi oyunbazların alətinə çevrilmək istiyənlərini haqq yoluna çağırıram.
Bəli, bu gün bu siyasi oyunbazların qurbanı olan dindar qardaşlarımız var. Bu insanlar inanclı, humanist, qəlbləri təmiz idi. Siyasətbazlar bunların həqiqətindən, imanından istifadə edib, küçələrə çəkdilər. Nəticədə bunlar müxtəlif cür qanun pozuntusuna, cinayətə yol verdilər. Onlar həbsə salınıblar. Bu həbs olunanların ailələrini siyasətbazlar axtarırmı? Bu həbs olunan insanların evlərində böyüyən uşaqlarla siyasətbazlar maraqlanırlarmı?
Xeyr, sadəcə onlar bunu bilmirlər, maraqlanmırlar.

QRANTLARINI DİNDARLARIN HESABINA ALMAQ İSTƏYİRLƏR...

Din xadimi hesab edir ki, bu günləri siyasətbazlar tərəfindən dindarlara edilən çağırışın məqsədi Azərbaycanda qarışıqlıq salmaq, yalnız xaricdən ayrılan qrantlarını əldə etməkdir:

"Mən ona görə də regionun din xadimi, ruhani kimi bütün müsəlman və mömin qardaşlarıma müraciət edirəm.
Müsəlmanın, möminin, din əhlinin yeri məsciddir. Məscid Allaha ibadət yeridir.
Küçələrdə sizə yaraşmayan hərəkətlər etmək, araqarışdıranlara xidmət etməyin özü bir günahdır.

Azərbaycan demokratik və müstəqil bir dövlətdir. Burada hər kəs öz səsini çıxarar, hər kəs ədalətini, haqqını qorumaq haqqına malikdir. Quran buyurur, insan hürrüdür. Amma burda dini inancdan istifadə etməyə ehtiyac yoxdur. Əgər insanlar aksiyaya getmək istəyirsə və orada öz sosial problemlərin qaldırırlarsa bunu dinlə bağlamasınlar. Mən rica edirəm bütün insanlardan dinimizi, imanımızı, məscidimizi aparıb küçələrə çıxartmasınlar. Küçələr bizim din yerimiz deyil, din yerimiz məsciddir.

Müsavat, Milli Şura da öz partiya üzvlərini aksiyalara çağırdıqları zaman insanların dini inancından istifadə etməsinlər. İqtidarlı, müxalifətli heç kimə haqq verilmir ki, müsəlmanların, möminlərin, dindarların inancından istifadə etsinlər. Azərbaycanda sabitliyi pozmağa, dini siyasətə alət etməyə heç kimin haqqı yoxdur. Ölkənin, millətin və dövlətin əleyhinə olan heç bir oyuna və çağırışa qoşulmayın. Bizim üçün Azərbaycan dövlətinin maraqları hər şeydən ucadır.