Azərbaycanda "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitə yaradılıb.
Unikal.org-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) verilən məlumata görə, Komitə sədrinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb. TK 19-un fəaliyyəti beynəlxalq standartlaşdırma orqanı olan İSO/TK 22 "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyəti ilə uyğunlaşdırılıb.
"Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və sair fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanması, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili, beynəlxalq və dövlətlərarası standartların işlənib hazırlanmasına və standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.