"Əgər müvafiq qurumlar dini televiziyanın açılmasını münasib bilirlərsə, milli-mənəvi və islami dəyərimizi, o cümlədən din-mədəniyyət bağlılığını özündə əks etdirən belə bir televiziya kanalının açılmasına dəstək verirlərsə, biz Komitə olaraq öz dəstəyimizi verə bilərik".
Unikal.org bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dini televiziyanın yaradılması təklifinə münasibət bildirərkən deyib.
Bu məsələnin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilmədiyini deyən M.Qurbanlı deyib ki, MTRŞ sırf dini xarakterli televiziyaların açılmasının qanunda nəzərdə tutulmadığını açıqlayıb: "Söhbət kanalın adında din sözündən istifadədən getmir, milli-mənəvi dəyərlərimizin, ənənəvi islami dəyərlərin təbliğindən gedir. Bu təklif var, yəqin ki, baxılacaq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri təklif edir ki, biz dini maarifləndirmə işini daha yüksək səviyyədə aparaq".
M.Qurbanlı qeyd edib ki, dini maarifləndirmə media, canlı təmaslar, tədris, kitab çapı, məscidlərdə söylənilən xütbələr vasitəsilə həyata keçirilməlidir: "Bu, bəllidir. Aydındır ki, televiziya KİV-lər arasında ən üstün mövqeyə malikdir. Düzdür, onlayn media bir sıra hallarda hətta televiziyanı da üstələməkdədir. Bu baxımdan Şeyxülislamın təklifi vardı ki, Azərbaycanda milli-mənəvi dəyərləri, islami dəyərləri təbliğ və təşviq edən maarifləndirici bir televiziya kanalı açılsın. Bu təşəbbüsün irəli sürülməsində qəbahət, qeyri-adilik görmürəm. Çünki bu, normal bir seydir. Mədəniyyətimizin, İslama bağlı olan adət və ənənələrimizin təbliği vacib məsələdir. Əlbəttə, bununla bağlı ayrıca televiziya kanalının açılması milli-mənəvi dəyərlərimizin təbliğinə daha böyük təsir göstərə bilərdi. Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin funksiyasına aid deyil. Televiziyalarda müəyyən verilişlər var. Bu verilişlərin sayını artırmaq lazımdır".