Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".
Nazirlik küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir:
"Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır"