Bu gün Qazax rayonunda səfərdə olan Prezident İlham Əliyev "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.
Unikal.org xəbər verir ki, təsərrüfat 151 hektar sahədə yaradılıb. 15 hektar sahədə isə süni yağışyağdırma üsulunun tətbiqi ilə pivot suvarma sistemi qurulub. Bu da məhsuldarlığı 2-3 dəfə artırmağa imkan verəcək. Bildirilib ki, gələcəkdə fermer təsərrüfatının istifadəsində olan torpaqlarda kartofla yanaşı, soğan, kök və digər tərəvəz məhsullarının əkilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı ərazidə məhdud məsuliyyətli cəmiyyət üçün inşa olunan inzibati binada yaradılan şəraitlə tanış olub.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Qazax rayonuna səfərlərini əks etdirən fotoguşə var. Binada fermer təsərrüfatında çalışanlar üçün hər cür şərait yaradılıb. Konfrans zalı, yeməkxana işçilərin ixtiyarına verilib. Diqqətə çatdırıldı ki, burada əkinçilik tədris mərkəzi fəaliyyət göstərəcək və hazırlanacaq mütəxəssislər regionda həyata keçiriləcək kənd təsərrüfatı layihələrinə cəlb olunacaq. Təsərrüfatda ümumilikdə 170 nəfər işlə təmin ediləcək.
Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, bu təsərrüfat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Burada sınaq və təcrübə sahəsində Almaniyadan gətirilən "AQATA kartof növü əkilib. Ərazidə texnika üçün park inşa edilib. İlkin mərhələdə təsərrüfat üçün müxtəlif növ 11 maşın-mexanizm alınıb. Müəssisədə kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. İstehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Hazır məhsulların saxlanılması üçün tutumu 2 min ton olan anbar da inşa olunub.
Sonra müəssisənin kollektivi və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bu cür müəssisələrin ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynadığını bildirib. Burada yetişdiriləcək məhsulların ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyini deyən dövlətimizin başçısı kartof, taxıl və şəkər çuğundurunun əkininin genişləndirilməsinin əhəmiyyətindən danışıb, münbit torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev bundan sonra da sahibkarlara dövlət dəstəyinin davam etdiriləcəyini deyərək bildirdi ki, kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir, bu sırada elektrik enerjisi ilə təminat diqqət mərkəzində saxlanılır.
Müəssisə kollektivinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib, bu cür müəssisələrin rayonun inkişafında, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm rol oynadığını vurğulayıblar.