Sön günlər yağan güclü yağışlar paytaxtda və regionlarda ciddi problemlər yaratdı. Bakının bir çox ərazilərində vətəndaşların evlərini su basdı. Həyati təhlükə ilə üzləşən sakinlər də oldu ki, müvafiq qurumların müdaxiləsi ilə onlar xilas edildi. Nəqliyyat sisteminin iflic vəziyyətinə düşməsi isə paytaxt sakinlərinin uzun zaman yollarda qalması ilə nəticələndi. Bakının bir çox qəsəbə və küçələrində kanalizasiya sisteminin olmaması və zəif işləməsi yol təsərrüfatına ciddi ziyan vurdu. Bir sözlə son günlərin güclü yağışı Azərbaycan iqtisadiyyatının zərərlə üzləşməsinə zəmin yaratdı.
İqtisadçı ekspert Vüqar Bayramov Unikal.org-a açıqlamasında bu mövzu ilə bağlı fikirlərini bölüşüb.
O qeyd edib ki, güclü yağış Azərbaycan iqtisadiyyatına birbaşa və dolayı yolla ziyan vurdu: "Nəqliyyat sahəsində ciddi problemlər yarandı. Xidmət sektorunun fəaliyyətinin dayanmasını müşahidə etdik. Nəqliyyat sektorundakı problem xidmət sahələrində tələb və təklifə təsir göstərdi. İstər xidmət sektorundakı tələb, istərsə də nəqliyyat sektorundakı problemlər dövlət üçün əlavə xərclərin yaranmasına səbəb oldu. Burada xüsusi olaraq yol təsərrüfatına dəymiş ziyanı qeyd etmək olar. Bu baxımdan müəyyən vəsaitin xərclənəcəyi güman olunur. Praktik olaraq dəymiş ziyanın hesablanması mümkün deyil. Nə qədər ziyanın dəydiyini söyəmək çox çətindir.
V.Bayramovun fikrincə Bakının infrastrukturunun inişaf etdirilməsinə ehtiyac var: "Paytaxt infrastukturunda daha ciddi işlər görülməlidir ki, bu tip yağışlar yağan zaman xidmət və digər sektorlarda işlərin dayanması və fəaliyyətin aşağı düşməsi müşahidə edilməsin. İqlim dəyişikliyinin baş verməsi yağıntıların intensiv olacağından xəbər verir. Bu səbəbdən qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.