"Azərbaycanda ümumi vəziyyətlə bağlı bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq".
Unikal.org xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev bu gün Bakıda Azərbaycan-Xorvatiya biznes forumunda çıxışı zamanı bildirib.
O deyib:
"Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq mən bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabət qabiliyyətli məhsullarla daxil olaq.
Azərbaycanda çox münbit sərmayə mühiti var. Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq.
Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik.
Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danışıram. Həmin dəhliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Çindən Avropaya uzanır. Ümidvaram ki, biz bir neçə aydan sonra həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik.
Digər layihənin icrasına bu il başlanmışdır. Artıq bu istiqamətdə sərmayələrin qoyuluşu başlamışdır. Bu, Asiyadan, yəni, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, on milyonlarla ton yükü öz ərazimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Təbii ki, Xəzərdən keçən bu nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi gözəl gəmi bərələrdən istifadə oluna bilər. Biz uzun illərdir bu gəmilərdən istifadə edirik. Yəni, bu layihə də bütün iştirakçılar üçün davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaqdır.
Hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur. Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik.
Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur.