Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt edib. Qlobal tələb-təkliflə bağlı statistika tarazlıqdan xəbər versə də, bazarda dayanıqlılıq hələ formalaşmayıb.
Unikal.org xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert neftə olan gündəlik tələbin bu ilin III rübündə 96,99 milyon barrelə çatdığını bildirib:
"Bu rəqəm II rübdə 95,62, I rübdə isə 95,36 milyon barrel olub. Göründüyü kimi, neftə olan qlobal tələb artmaqdadır. Beynəlxalq Enerji Akademiyası IV rüb üçün 97,03 milyon barrel gündəlik tələb proqnozlaşdırır. Bu, son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalmaqdadır. Belə ki, 2015-ci ilin sonuncu rübündə bazara gündəlik 97,37 milyon barrel neft çıxaran enerji ölkələri ixracı bu ilin I rübündə 96,61, II rübdə isə 95,93 milyon barrelədək azalıblar. Əgər 2016-cı ilin I yarım ilinin nəticələrini müqayisə etsək, o zaman tələb və təklifin təxminən bərabərləşdiyini görərik. Əslində, neft dünya bazar qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıqla bağlıdır.
OPEK-in gələn ayın sonuna nəzərdə tutulan toplantısının qiymətlərə təsirinə gəlincə isə iqtisadçının sözlərinə görə, qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEK ən yaxşı halda hasilatı gündəlik 33 milyon barrel səviyyəsində dondura bilər ki, bu da hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır:
"Əvvəla, qiymətin yaxın zamanlarda kəskin artacağı proqnozlaşdırılmır. Hələlik dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. İkincisi, nə OPEK daxilində, nə də bu qurumdan kənarda neftin hasilatının azaldılması ilə bağlı konsensus yoxdur. Ən yaxşı halda gündəlik hasilatda 500 min-1 milyon barrel azalma olacaq. Üçüncüsü, OPEK-də ikinci ən böyük istehsala malik olan İraq da daxil olmaqla bazarda bir sıra digər oyunçular hasilatı azaltmaqla neft gəlirlərini minimumlaşdırmaq niyyətində deyillər. Gündəlik 4,8 milyon barrel hasilata malik olan İraq istehsalı azaltmayacağını rəsmi bəyan edib.
Bu arada, ekspert hesab edir ki, neftin qiymətindəki son azalmaların əsas səbəbi də məhz yayılan bəyanatlardır:
"İraq əsas dövlət gəlirini azaldacaq addımlar atmaqda maraqlı deyil. Əksinə, İraqda İŞİD-ə qarşı mübarizə güclənərsə, rəsmi Bağdad dünya bazarına daha çox neft göndərə biləcək. İran sanksiyalardan əvvəlki gündəlik 4 milyon barrel hasilat səviyyəsinə qayıtmaqda israrlıdır. Bu isə cənub qonşumuzun gündəlik hasilatı daha 500 min barrel artıracağı anlamına gəlir. Deməli, yüksək qiymətlərə ümid etməyən bir sıra OPEK ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Nəhayət, OPEK-in ən çox ehtiyatlandığı şist neft (shale oil) faktoru gündəmdədir. Neftin barrelinin 60 dollara çatması şist neft hasilatını daha da rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox "qara qızıl göndərəcəklər. Bu isə qiymətərin daha kəskin azalmasına səbəb ola bilər.
V.Bayramov qeyd edib ki, əslində, bir barrel nefti 5 dollara hasil edib 50 dollara satan OPEK ölkələri mövcud qiymətdən razı olmalıdırlar:
"Çünki dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Bütövlükdə orta hesabla xərci 20 dollara olan və bundan 2,5 dəfə baha qiymətə neft satan digər enerji dövlətlərini də mövcud qiymət praktik olaraq razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları yüksək neft qiymətlərinə, yumşaq desək, öyrəşdiyi üçün mövcud qiymətlər onların üçün cəlbedici və sərfəli görünmür. Gələn ay OPEK-in hansı qərar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdirilməsi vacibdir. Artıq sözün real mənasında post-neft dövrü başlayır. Post-neft isə neftdən sonrakı dövr deməkdir.