Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.

Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq. Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğv edilməsi təklif edilir. Bu maddə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə vergi tutulmasını nəzərdə tuturdu.

Digər dəyişikliyə əsasən, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq. Eyni zamanda idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacağı təqdirdə, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq.

Müzakirəyə çıxarılan dəyişikliklər qəbul olunub.