Ötən gün baş verən kəskin ucuzlaşmadan sonra dünya bazarında neftin qiymətində artım müşahidə olunur.
Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub.
Qeyd edək ki, ötən gün ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin kəskin artması nefti xeyli ucuzlaşdırıb. Brent markalı neftin qiyməti sentyabr ayından etibarən ən aşağı səviyyəyə enib.
Xatırladaq ki, ABŞ Neft İnstitutunun açıqladığı statistikaya əsasən, həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 9,3 mln. barrel artıb.
Bunun ardınca ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikadan isə məlum olub ki, oktyabr ayının 28-də başa çatan həftə ərzində kommersiya ehtiyatları 14,42 mln. barrel artaraq 482,6 mln. barrelə çatıb.
Amerika fond bazarında Dow Jones indeksi 0,43 - 17 959,64 bəndədək, S&P 500 0,65% - 2 097,94 bəndədək, NASDAQ 0,93% - 5 105,57 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 1,04% - 6 845,42 bəndədək, Almaniya DAX-ı 1,47% - 10 370,93 bəndədək, Fransa CAC-40-ı isə 1,24% - 4 414,67 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2 dollar ucuzlaşaraq 1 306,20 dollar, gümüş isə 0,07 dollar ucuzlaşaraq 18,64 dollara satılıb.(apa)