Sahib Əmirbəyov 24 yaşındadır. Əsgərlikdən qayıdandan sonra banklardan bir neçə dəfə kredit götürüb. Bu pula da qoyun-quzu alıb, onları bir az böyütdükdən sonra satıb. Beləliklə, üç banka borcu yaranıb. Amma bu borcu ödəməyə indi nə işi, nə satmağa əmlakı, nə də dayaq duracaq yaxınları var:
- Hətta üç yox, dörd yerə borcum var. Bir bankın da kartı var, onunla bir yerdə dörd yerə ödəniş etməliyəm. Üst-üstə 4 min manat ödəməliyəm.
- Necə oldu ki, kredit götürdünüz?
- Bundan qabaq da kredit almışdım. Əsgərlikdən gələndən sonra beş dəfə kredit götürmüşəm, öz adıma alıb ödəmişəm. İşləyirdim deyə, ödəyə bilirdim. Hətta ödənişi bəzən bir ay, iki ay qabaqdan verirdim. Ona görə bəzən banklar özləri zəng edirdilər kredit üçün, bəzən zaminsiz də kredit veriblər mənə. Devalvasiyadan sonra dollar qalxdı, artıq ödəmək də çətinləşdi. İş kasadlaşdı, ona görə işləyib qaytarmaq mümkün olmadı. Borclar da üst-üstə yığılmağa başladı.
- Nə qədər götürmüşdünüz?
- «Azərkredit»dən 600 dollar götürmüşdüm,«Unibank»dan 900 dollar götürməliydim, amma bank xərcləri çıxandan sonra 600 manat verdilər. Mən kredit götürəndə dolların məzənnəsi 78 qəpik idi, indisə 1.65, 1.66 manatdır. Kart da var, hamısı bir yerdə 4 min manat edir. Onları da, necə deyim, kefə götürməmişəm. Problemlərim olub almışam. Banklar da araşdırmayıb veriblər. Devalvasiyadan sonra da problemim olub. Beş manat da qaytara bilmirəm.
- İşləyirsinizmi?
- Əvvəllər heyvan saxlayırdım. Kredit götürür, heyvan alırdım, böyüdüb satırdım. «Unibank»dan 900 dollar götürmüşdüm, amma bank əlimə 600 manat pul verdi. Açıq danışaq, aldatmışdılar məni. 600 manat verdilər, 900 manat ödədim. Amma indi deyirlər ki, 900 manat da ödəməlisən ki, haqq-hesab bağlansın. 600 manata 1800 manat ödəməliyəm. İndiki halda bu pulu ödəmək də mümkün deyil.
- Bəs banklarla məsələni necə həll edirsiniz?
- Zəng edirlər, qapıya gəlirlər. Mən də qeydiyyatda olduğum yerdə yaşamıram indi. Orda-burdayam. Amma belə məhkəməyə verirlər, deyirlər ki, «ödəməsən, həbs edəcəyik, 30 sutka verəcəyik». Mənim də ödəmək iqtidarım yoxdur.
- Bəs neyləmək fikrindəsiniz? Banklardan nəsə təklif gözləyirsiniz? Tutalım, faizlər azalsa, ya...
- Faizləri azaltsınlar, mənim 4 min manat borcumu lap etsinlər min manat. Məni onu da ödəyə bilməyəcəm. İş yoxdur. İki çıxış yolu var. Ya ölkədən gərək qaçasan, ancaq ölkədən çıxışa da qadağa qoyublar. Ya da gərək özünü asasan. Başqa variant yoxdur.
- Hökumət problemli kreditlərlə bağlı qanun layihəsi hazırladığını bildirir. Deputatlar da bununla bağlı hökumətə təkliflər veriblər. Bəlkə hökumətin təklifi üçüncü yol ola bilər Sizin üçün?
- İnanmıram. Qanunvericilikdə var ki, müflis olan şəxsin borclarını, ən azından, dondurmaq mümkündür. Mənim oxuduğuma, bildiyimə görə belədir. Amma... Faktiki, heç nə gözləmirəm...
- 24 yaşınız və 4 min manat borcunuz var. Ən böyük istəyiniz nədir?
- Ən böyük istəyim... Borcdan qurtarmaq. Ən böyük arzum... Yaşamaq istəyirəm. İstəyirəm banklar əl çəksinlər. Başqa ən böyük arzu nə ola bilər?