Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, baş tutan 8 qarşılaşma eyni sayda ölkənin xal aktivini artırması ilə nəticələnib.
Fransa klubları 2 qələbə sayəsində hesabına daha çox - 0,800 xal yazıb. Almaniya 0,429 xal əldə edib. İtaliya, İngiltərə və İspaniya hesabını 0,143 xal artırıb.
Bir heç-heçəsi olan ölkələrdən Danimarka 0,250, Rusiya 0,200, Portuqaliya 0,166 xal qazanıb. Bütün bunlar cədvəldə hər hansı dəyişikliyə səbəb olmayıb. 54 ölkənin hamısı öz mövqeyində qalıb.
Azərbaycan təmsilçiləri "Qəbələ" və "Qarabağ" noyabrın 24-də oynayacağından ölkəmizin əmsalı da dəyişməz qalıb. Son 5 mövsümə 17,750 xal qazanan Azərbaycan 25-ci pillədə yer alıb.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir - 94,427. Almaniya (74,927) ikinci, İngiltərə (69,962) üçüncü pillədə qərarlaşıb.