Ölkəmizdə iki ay fasilədən sonra yenidən toy və şadlıq mərasimlərinə start veriləcək. Müsəlman olaraq, məhərrəm və səfər aylarını şənlik etməyən azərbaycanlılar, artıq öz yaxınlarının həm toylarını edirlər, həm də digər əzizlərinin toy mərasimlərinə qatılırlar. Son zamanlar ölkəmizdə dindarların sayı getdikcə artır. Onların bir çox sahələrdə olduğu kimi, toyları da adi, öyrəşdiyimiz toylardan fərqlənir. Bəzən bu toylara "dərviş toyu" da deyirlər. Vətəndaşlar arasında bunu bəyənənlər də, bəyənməyənlər də var. Məsələ burasındadır ki, "dərviş toyu" təəssübkeşləri toyun, çal-çağırın islama zidd olduğunu bəyan edərək "dərviş toyları"nın yayılmasını istəyirlər. Əslində isə, bu toy adətimizinin sıradan çıxarılmasına xidmət edir. 
Azərbaycanın görkəmli etnoqrafı, tarix elmlər doktoru professor Təvəkkül Səlimov Azərbaycan toyunun bütün dövrləri, yaranması, inkişafı, toya qədərki və toydan sonrası ənənələri haqda geniş tədqiqat işləri aparıb. Alim uzun illərin gərgin araşdırmaları sayəsində bir sıra qaranlıq məqamlara, o cümlədən də "dərviş toyu"na aydınlıq gətirib.
T.Səlimovun müəllifi olduğu "Azərbaycan toyu" kitabında yazır ki, bu toy dərvişlərin iştirakı ilə keçirilən toydur: "Güman edildiyinə görə, hələ orta əsrlər dövründən müəyyən mənada tərkidünya, guşənişin həyat tərzinə meylli olmalarına baxmayaraq, bəzi kişilər orta yaşlarında həyat yoldaşlarını itirdikdə, yaxud ilk dəfə evlənmək eşqinə düşdükdə səs-soraq çıxmasın, hər kəs bilməsin deyə, dərvişlərin oxuması ilə müşayiət edilən kiçik yığıncaq keçirərdilər. Zaman-zaman təkrarlanan belə hallar XIX əsrdən etibarən toy, toyetmə anlamına gəlib çıxır. Sovet dövründə belə "toylar"a yasaq qoyulur. Son on-on beş il ərzində "dərviş toyları" Azərbaycanın bütün bölgələrini əhatə edib".

Belə ki, dini kəsimin etdikləri toylarda spirtli içki, rəqs havaları, qadın ilə kişinin bir yerdə olmaması və sair kimi hallarla fərqlənir. Dini İslam qaydalarına görə, toylar necə olmalıdırlar? Əsl müsəlmanlar evlənəndə hansı formada şənlik etməlidirlər? İslama görə toylar Azərbaycanın toy adətlərindən nə ilə fərqlənir?

İlahiyyatçı Bəhruz Camal deyir ki, toy mərasimlərinin keçirilməsi ilə bağlı qaydalar yoxdur. Sadəcə şəriətdə müəyyən çərçivələr var ki, onu aşmaq olmaz: "Dini toylar məzhəblərin ənənəsinə bağlı olan məsələlərdir. Yəni əzadarlıq düşüncəsi bu məzhəblərdə necədirsə elə də keçirilir. Məsələn, ərəblərin bir əzizi öləndə başına yerdən torpaq götürüb tökmək adətdir. Amma bizdə belə bir ənənə yoxdur. Mən əgər belə bir iş görsəm nə etdiyimi bilmədiyimi deyəcəklər. Bizim toy adət-ənənəmiz bəllidir.

B. Camalın sözlərinə görə, dini toylara halal təamlar verilir. Bu məclisdə peyğəmbərin, əhli-beytin şəninə mahnılar oxunur, şeirlər deyilir: "Bu məsələlərdə dində qadağa yoxdur. Əgər müəyyən şeirlərdə, musiqilərdə hədd aşılacaqsa qabağı alınmalıdır. İsrafçılıq baxımından nəzərə alsaq qeyri-dini toylarda israfçılıq daha çox baş verir. Toy ümumiyyətlə 1000-2000 nəfəri bir yerə yığmaq deyil. Odur ki, yəni mən ailə həyatı qurmuşam. Peyğəmbərin sünnəsini icra etmişəm. Şad günümü öz əzizlərimlə bölüşürəm. Bunu qapalı bir məkanda da etmək olar. Əslində bizdə əvvəllər belə təntənəli toylar olmayıb. Biz hazırki toylara görə analoqu olmayan respublikayıq.
İlahiyyatçı "dərviş toy ları ilə bağlı bunları dedi: "Bu toylarda ancaq dərvişlər yığışıb mərsiyələr, qətibələr oxuyardılar, şeirlər deyərdilər. Belə toylarda bir növ yemək və çay süfrəsi olardı. Bununla da toy yekunlaşırdı.

Cəmiyyətdə tez-tez rastlaşdığımız "Hacıyam içki vermirəm söhbətlərinə isə B. Camalın cavabı belə oldu: "Hacı olanda nə olar ki?! Hacı içki vermir toyda, amma o biri tərəfdən qadın-kişini bir yerə qatıb oynadır. Bir günahdan çəkinirsə, o birisi günahı edir. Şəriətdə buyurulur ki, qadın-kişi məclisləri bacardığımız qədər ayrı olsun. Dini toylarda qadınlar və kişilər üçün ayrı məclislər qurulur. Hətta bir yerdə olsa belə zal bölünür. Yəni qadınlar ayrı, kişilər başqa yerdə əyləşirlər. Orada da oynamaq olmadığına görə bir toyda ayrı yerlərdə əyləşməyin maneəsi yoxdur. Əslində yaxşı olardı ki, qadınların məclisi ayrı olsun. Yəni naməhrəm olmayan yerdə rahat əylənib, istirahət edə bilsinlər.