Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Musa Quliyev qurumun Baş Assambleyasının sessiyasında və digər tədbirlərində iştirak etmək üçün noyabrın 29-da Serbiyanın paytaxtı Belqrada səfər edəcəklər.

MM-dən Unikal.org-a verilən məlumata görə, Baş Assambleyanın 48-ci sessiyasında "QDİƏT-ə üzv dövlətlərdə islahatlar - milli parlamentlərin rolu mövzusunda müzakirələr aparılacaq. Yığıncaqda üzv ölkələrdə xarici sərmayələrin cəlb edilməsi, korrupsiya ilə mübarizədə hüquqi bazanın təkmilləşdirilməsi, elm, təhsil sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində keçiriləcək Daimi Komitənin və Büronun toplantılarında QDİƏT Parlament Məclisinin fəaliyyəti, qurumun təmsilçilərinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, komitələrin fəaliyyəti barədə hesabatlar təqdim olunacaq, 2017-ci il üçün iş planı, maliyyə və təşkilati məsələlərə baxılacaq. Səfər dekabrın 2-də başa çatacaq.

Hüseyn